Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1406/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilinə dair vərəsilik hüquqlarının tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “miras əmlaka vərəsəlik hüquqlarının tanınması, əmlakın vərəsələr arasında bərabər payda bölünməsi” barədədir, cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 göstərilmişdir, İddiaçı əmlakın vərəsələr arasında bərabər payda bölünməsi - vərəsəlik hüquqlarının tanınması barədə notariat orqanına müraciət etməsinə dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı hazırki tələblə bağlı ilk növbədə Notariat orqanına, müraciətin nəticəsinə müvafiq olaraq isə məhkəməyə müraciət etməli olduğu halda, birbaşa Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia ərizəsi “vərəsəlik hüququnun tanınması və mirasın bölünməsi” barədə olsa da, tələb aydın deyildir, belə ki, iddiaçı ərizədə anası X1 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilinə dair vərəsilik hüquqlarının tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə tələblə məhkəməyə müraciət etmiş, cavabdehlərə qarşı yönəlmiş konkret tələbi (Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzili ilə yanaşı hansı əmlaklara dair vərəsəlik hüququnun tanınması) iddia ərizəsində göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, miras əmlakının bölünməsi ilə bağlı müvafiq səlahiyyətli orqana (notariat orqanına) müraciət etməsinə dair sənədi iddia ərizəsinə əlavə etmədiyindən hazırkı ərizənin məhkəmə icraatı mümkün deyil və buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən, ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıır. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzi barədə məlumatdan görünür ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “anası X1 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilinə dair vərəsilik hüquqlarının tanınması və vərəsələr arasında bərabər payda bölünməsi barədə” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1406/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1406/2023
13.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver