Məhkəmə qərarları › İş №2(011)-1411/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1411/2022

18.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1411/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında 0.0787 ha torpaq sahəsinə və onun üzərində yerləşən 278.05 kv.m olan bağ evinə Cavabdeh MMC-nin 70040 manat 66 qəpik dəyərində qiymətləndirilməsi barədə R01/35/21 saylı 07.07.2021-ci il tarixli rəyinin etibarsız hesab edilməsi və torpaq sahəsi və bağ evinin yenidən qiymətləndirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçıların iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədədir, cavabdeh olaraq Cavabdeh MMC göstərilmişdir. Bununla belə, iddia ərizəsi və ona əlavə olunmuş sübutlardan əmlakla bağlı hərracın keçirilməsi görünmür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə əmlakla bağlı hərrac keçirilmədiyindən, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı deyildir, buna görə də iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməli və iddiaçılara aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2021 saylı 24.11.2021-ci il tarixli icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadı ilə müəyyən edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçılara aidiyyəti üzrə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar