Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-143/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpağın qaytarılması və orada həyata keçirilmiş qanunsuz tikililərin sökülməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikintinin sökülməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh tərəfindən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qaytarılması və həmin ərazidə həyata keçirilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX № 0170107) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bir neçə il öncə iddiaçının evinin həyətinə giriş hissəsində, dövlətin mülkiyyətində olan və küçə həyəti sayılan torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz tutulmuş və həmin ərazi hasara alınaraq Cavabdeh tərəfindən öz həyətinə daxil edilmişdir. Bunun nəticəsində iddiaçının evinin bir pəncərəsi faktiki olaraq həmin ərazidə qalmış və həmin pəncərənin istifadəsi qanunsuz olaraq iddiaçı üçün məhdudlaşdırılmışdır. İddiaçı dəfələrlə bununla bağlı öz iradını bildirməsinə baxmayaraq Cavabdeh qeyd edilmiş iradlara məhəl qoymamış və bununla bağlı heç bir addım atmamışdır. Bundan başqa, Cavabdeh özbaşına tutulmuş (zəbt edilmiş) torpaq ərazisində, düz iddiaçının evinə bitişik hissədə özünə hamam tikmişdir. Bunun nəticəsində hamamdan gələn bütün nəm buxarlanması iddiaçının çöl divarından evinin içinə qədər daxil olur və nəticədə iddiaçıya həm də maddi ziyan dəyir. Həmçinin bu cür şəraitdə yaşamaq sağlamlıq üçün də təhlükə törədir. Bununla bağlı iddiaçı öz etirazını bildirmiş ancaq yenə də bir nəticə verməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin cavabdeh İddiaçı hesabına hörülməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “özbaşına tutulmuş torpağın qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş vardır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya qarşı irəli sürdüyü iddia tələbi ilə iddiaçı razı deyildir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia etdiyi kimi torpaq sahəsi qanunsuz olaraq zəbt olunmamış, ona məxsus olan torpaq sahəsinə iddiaçı tərəfindən hasar çəkilməməmişdir. İddiaçı öz istifadəsində olan başqasının şəxsi əmlakı hesab olunmayan torpaq sahəsi üzərində ev tikmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının əksinə olaraq, hazırkı torpaq sahəsi iddiaçıya məxsus olmuşdur. Torpaq sahəsini iddiaçı illər bundan öncə cavabdehə satmış və həmin torpaq sahəsi satılan zaman aralarında hasar olmuşdur ki, sözügedən hasarın üstündən cavabdeh ev inşa etmişdir, beləliklə iddiaçıya məxsus hissəyə daxil olmuşdur. Bundan başqa, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən edilən qanunsuzluqlar azmış kimi cavabdeh həm də iddiaçının həyətini rahatlıqla müşahidə edə biləcəyi bir pəncərə də açdırmışdır. Bu pəncərə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus evin arxa hissəsində iddiaçının həyəti ilə içərisinə açdırılmışdır. İddiaçı hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bunun üçün heç bir icazə almamış, hüquqi sənəd əsasında, yəni hər hansı bir texniki pasport və ya tikinti lahiyəsi üzrə eskizə əsasən etməmişdir. Halbuki, iddiaçının hüquqlarını pozan bu addımın atılmasından öncə iddiaçının razılığı alınmalı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə sənədi əldə edilməli idi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən bu özbaşınalıq iddiaçının və ailəsinin rahat şəkildə öz fərdi yaşayış evlərindən istifadə etmələrinə maneə olur, isti yay aylarında öz həyətlərində istirahət etmələrinə imkan vermir. Məhz bu səbəbdən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi yanında yerləşən 6 saylı fərdi yaşayış evinin arxa hissəsində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin sökülməsi qanunauyğundur. İddiaçı dəfələrlə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə məhkəmədənkənar razılığa gəlmək üçün iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qanunsuz zəbt etdikləri hissəsini qaytarmalarını tələb etsə də, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər dəfə bundan boyun qaçıraraq konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, bu da azmış kimi öz törətdiyi qanun pozuntusunun üstünü ört-basdır etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhz bu səbəblərdən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıya məxsus fərdi yaşayış evində həyata keçirdiyi qanunsuz tikilinin azmış kimi iddiaçıya qarşı iddia irəli sürməsi iddiaçının qonşuluq münasibətlərindən keçərək ona qarşı qarşılıqlı iddia ilə müraciət etməyə vadar etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında inşa edilmiş darvazanın və özbaşına tikili olan hamamın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdilər və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi. Məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda dövlətə məxsus Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsində yerləşən 0,00728 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi öz əksini tapmışdır. İş materiallarında olan Əhmədli qəsəbə sovetliyi İcra komitəsinin Bağ bostan Planının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən torpaq sahəsi bağ bostan əkmək üçün Cavabdeh ayrılmışdır. İş üzrə məhkəmə tərəfindən göstərilən ünvanda yerli baxışı təyin edilmiş və müəyyən edilmişdir ki, Cavabdeh həyətyanı sahəsində tikilmiş hamam planda olmamış, sonradan Cavabdeh tərəfindən inşa edilərək, İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh məxsus hamam ilə təmassız birləşmişdir. İddiaçı evinin hamam ilə birləşən divarında rütubət və nəmliyin müşayiət olunması və İddiaçı evinin mətbəx hissəsində yerləşən pəncərə Cavabdeh həyətyanı sahəsinə açılması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli № **********01 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək ölçü işləri aparılmış, sərhədləri və koordinatları müəyyən edilmişdir. Lakin, Cavabdeh adına Xətai rayonu, Əhmədli qəsəbə soveti İcraiyyə Komitəsi tərəfindən bağçılıq-bostançılıq sahəsi məqsədilə ayrılması iddia olunan torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək, eyni zamanda Cavabdeh tərəfindən hansı torpaq sahəsinin zəbt edilməsini araşdırmaq mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2939 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a saylı fərdi yaşayış evinin mətbəxində olan pəncərənin Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxdığı müəyyən olunur. Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən yaşayış otağı və mətbəx təbii işıq ilə təmin olunmalıdır. İddiaçı xüsusi mülkiyyətində olan mətbəxində divar kağızlarının bəzi hissədə divardan aralanması və nəm çəkməsinin texniki səbəbinin Cavabdeh istifadəsində olan topaq sahəsində yerləşən hamam və ayaq yolu tikililərinin mətbəxə bitişik şəkildə olması ehtimal olunur. Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan hamamın sökülüb Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə, hər hansı tikiliyə bitişik şəkildə inşa edilməməklə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan darvazanın sökülüb 4-6 metr arxaya Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına maneə olub-olmaması subyektiv xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə həm ilkin həm də qarşılıqlı iddia üzrə tərəflər İddiaçı ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında bitişik torpaq sahələrində qonşuluqda yaşayırlar. İddiaçı həmin ünvanda yerləşən 6a saylı fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda həmin çıxarışda dövlətə məxsus Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsində yerləşən 0,00728 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi öz əksini tapmışdır. Digər tərəfdən, Əhmədli qəsəbə sovetliyi İcra komitəsi tərəfindən Cavabdeh bağ bostan əkmək üçün torpağın ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmadığından, Cavabdeh tərəfindən hansı torpaq sahəsindən qanuni istifadə etməsi müəyyən edilməmişdir. Belə ki, həm iş üzrə keçirilmiş yerli baxış zamanı, həm də verilmiş ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı evinin mətbəx tərəfdəki çöldən divarına bitişik Cavabdeh tərəfindən inşa edilmiş hamam (ayaqyolu ilə birlikdə) mövcuddur. Nəzərə alsaq ki, mətbəx otağının təbii işıqla işiqlandırılması Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən vacib olsa da, lakin həmin hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu həm İddiaçı mətbəxinin işıqlandırılmasına maneə yaradır, həmçinin hamamdan (ayaqyolu ilə birlikdə) gələn nəmişlik mətbəx divarının nəmlənməsinə və divar kağızının qopmasına gətirib çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh vəkili Könül İskəndərli məhkəmə iclasında ilk cavabdehin torpaqdan istifadəsinin qanuni olmasını göstərsə də, lakin ilk cavabdeh tərəfindən təqdim edilən bağ və bostançılıq məqsədi ilə torpağın ayrılması barədə sənəd Cavabdeh hansı hüdudlarda və koordinatlarda torpaq sahəsinə qanuni sahibliyini müəyyən etmir. Digər tərəfdən, ilk cavabdeh həmin torpaq sahəsində mübahisələndirilən tikilinin və darvazanın inşasının qanuniliyini sübuta yetirə bilməmişdir. Odur ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etmək mümkün olmadığından və onun faktiki sahibliyində olan torpaq sahəsində inşa edilmiş hamamın (ayaqyolu ilə birlikdə) və darvazanın qanuni olması öz təsdiqini tapmadığından, həmçinin həmin darvazanın və hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu ilk İddiaçı dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozduğundan, ilk iddia təmin edilməlidir. Bundan başqa, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanda tikilmiş mübahisəli hamamın (ayaqyolu ilə birlikdə) və darvazının texniki cəhətdən başqa yerə keçirilməsi mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə verilmiş ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və onunla razılaşır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci və 170.2-ci maddələrinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və işin müəyyən edilmiş hallarına əsasən, məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsində tikilmiş hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu ilk iddiaçının yola baxan mətbəxinin işıqlandırılmasına maneə yaradır və mətbəxin divarlarının rütubətlənməsi nəticəsində divar kağızlarının qopmasına gətirib çıxarır. Bu isə ilk iddiaçının qanunla qorunan mülkiyyətçi hüquqlarını pozur. Həmçinin həmin tikililərin texniki cəhətdən də başqa yerə köçürülməsi mümkündür. Odur ki, ikin iddia tələbi təmin edilərək, ilk Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında inşa edilmiş darvaza və özbaşına tikili olan hamam (ayaqyolu ilə birlikdə) onun öz hesabına sökülməlidir. Məhkəmə “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin cavabdeh İddiaçı hesabına hörülməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi” barədə qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı cavabdeh İddiaçı yaşadığı fərdi yaşayış evi onun mülkiyyətində olmaqla, həmin fərdi yaşayış evi onun qanuni istifadəsində olan torpaq sahəsinin hüdudlarında tikildiyindən, qarşılıqlı iddiaçı Cavabdeh isə faktiki istifadəsində olan torpaq sahəsinə qanuni sahibliyi məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, həmçinin, Cavabdeh tərəfindən mübahisələndirilən İddiaçı mülkiyyətində olan tikilinin ona hər hansı şəkildə maneə yaratması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci ilk Cavabdeh tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməli olduğundan, məhkəmə hesab edir ki, ekpertiza xərci ilk cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a saylı fərdi yaşayış evinin mətbəx otağının çöl divarına bitişik Cavabdeh tərəfindən inşa edilmiş hamam (ayaqyolu ilə birlikdə) otağı və həmin ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvaza Cavabdeh hesabına sökülsün. İddiaçı Cavabdeh İddiaçı qarşı - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin cavabdeh İddiaçı hesabına hörülməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-143/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-143/2022
12.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver