Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1451/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin tam boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Hüquqlarını müdafiə etdiyi İddiaçı 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58-də yerləşən 127-ci mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) almışdır. Həmin mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 21 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı həmin mənzili əsaslı təmir etdirmişdir. Təxminən 15 gün əvvəl İddiaçı məlum olmuşdur ki, Cavabdeh adlı şəxs ailəsi ilə birlikdə onun heç bir məlumatı və razılığı olmadan ona məxsus, yuxarıda qeyd edilən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58-də yerləşən 127-ci (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298,M17, m 1.) mənzilə köçmüş və halhazırda həmin mənzildə yaşayır. İddiaçı mənzilini Cavabdeh satmamış, kirayəyə verməmiş, bağışlamamış, ümumiyyətlə həmin mənzilə dair ona hər hansı bir hüqüq verməmişdir. İddiaçı Cavabdeh onun mənzilində yaşadığını bildikdən sonra dəfələrlə Cavabdeh mənzilində qanunusuz yaşadığını bildirmiş, mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Lakin Cavabdeh İddiaçı tələblərini yerinə yetirməyərək mənzili boşaltmamış, hal-hazırda da yaşamaqda davam edir.
İddiaçının tələbi:
2. İddianı təmin edilərək Cavabdeh İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək iddianın təmin edilərək Cavabdeh və onunla birlikdə həmin mənzildə yaşayan digər şəxslərin İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-(yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m1) dən çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, ona məxsus olan evinin ona qaytarılmasını xahiş edir. O cavabdehin nümayəndəsinin (vəkili) suallarına cavab olaraq qeyd etmişdir ki, mənzili 2022-ci il tarixdə MTK-dan almışdır. O mənzili onun təmir etdirdiyini, Sirac adlı şəxsin isə öz briqadası ilə mənzili təmir etdiyini, Siracın prorab olduğunu, təmir işləri üçün pulları onun verdiyini, təmir işlərinin isə 1 ildən çox çəkdiyini, təmirə 2022-ci ildə başladığını, lakin ayı yadında olmadığını, onun Siracla tanışlığının həmin mənzilin təmir işi ilə bağlı olduğunu, Sirac adlı şəxsin mənzilin kvadratına görə qonarar aldığını və iddiaçı ona ümumilikdə 80000 məbləğində ödəniş etdiyini, həmin mənzildə işləyən ustaların həmin təmiri təsdiq edə biləcəyini, 2023-cü ilə qədər təmir işlərinin davam etdiyini, mənzilin sadəcə pərdəsinin qaldığını, qalan bütün işlərin görüldüyünü, mənzili təhvil aldığını, lakin açarları təhvil almadığını qeyd edərək bildirmişdir ki, fikri yayındığı üçün açarları təhvil almamışdır. O həmçinin əlavə olaraq qeyd etmişdir ki, Siracla mübahisəli mənzillin satılması ilə bağlı heç bir razılaşması olmamışdır. İddiaçı qeyd etmişdir ki, Ümidin də həmin blokda mənzili olmuş və Ümid də mənzilin təmir prosesində gəlib evinə baxdığından Ümidi tanımışdır, lakin Ümidlə başqa münasibətləri olmamışdır. İddiaçı onun Siracla arasında təmirə görə, pulla bağlı hər hansı bir sənəd olmadığını, 2024-cü ilin dekabr ayında mənzildə başqa şəxslər yaşadığı barədə məlumat aldığını, mənzili 1 il əvvəl təhvil aldığını, lakin həmin 1 il ərzində həmin mənzilə gəlmədiyini, Ümidin orada yaşamasında xəbəri olmadığını, Ümid ona zəng edərək onun mənzilində yaşadığını, mənzilin iddiaçının adına qeydiyyatda olduğunu, onun həmin mənzili Siracdan aldığını və gedib həmin mənzili onun (cavabdehin) adına rəsmiləşdirilməsini təklif etdiyini bildirmişdir. İddiaçı cavabdehin həmin mənzili neçiyə aldığını bilmədiyi qeyd etmişdir. İddiaçı eyni zamanda bildirmişdir ki, daha öncə Ümidin həmin binada mənzili olduğunu qeyd etdiyi mənzilin aqibəti barədə məlumatlı deyil.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, mənzil heç bir halda özgəninkiləşdirilməyib. Belə ki, qanunvericilikdə mənzilin bir şəxsdən digər şəxsə keçməsi üçün əsaslar mövcuddur, əgər mənzil satılıbsa notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bank qəbzi lazımdır, əgər mənzil bağışlanıbsa bağışlanma müqaviləsi lazımdır və ya səlahiyyətin ötürülməsi ilə bağlı etibarnamə lazımdır, lakin belə bir etibarnamə də mövcud deyildir. O mülkiyyətin iddiaçıya məxsus olduğunu, oraya gedib-getməməyinin ona məxsus olduğunu qeyd etmişdir.
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, cavabdeh həmin mənzildə yaşayır. Onlar həmin mənzili təmir etdirmişlər. O qeyd etmişdir ki, Sirac adlı şəxs barəsində cinayət təqibi başlanılmışdır və onların hazırki iddiaçı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna şikayətləri mövcuddur. O qeyd etmişdir ki, onlar bu günə qədər Sirac tərəfindən təmir işlərinə rəhbərlik edildiyini və aparıldığını bilməmişdirlər, onlar o mənzili almışlar, mənzilin təmir-tikinti işlərini aparmışlar və rəsmiləşdirilməsini gözləmişlər. Siracla bağlı beş milyon manatlıq zərərlə bağlı polis oqranlarında şikayət olduğunu, qətimkan tədbiri seçildiyini və həbsə alındığını bildirmişdir. Cavabdeh Siracın qaynına mənzilinin satılmsı üçün etibarnamə vermiş, eyni zamanda mübahisəli mənzilin alınması üçün əlavə 50 000 pul vermişdir. Sirac əmlakı qısa müddət ərzində cavabdehin adına keçiriləcəyini bildirmişdir, bu epizodlar əsasında iddiaçıdan da şikayətləri vardır. Belə ki, o qeyd etmişdir ki, mənzilin satılması ilə bağlı iddiaçının razılığı mövcud olmuşdur. O bildirmişdir ki, iddiaçı suallara cavab olaraq da bildirmişdir ki, mənzili təhvil almışdır, lakin mənzilin özünün yaşaması zərurəti olmasına baxmayaraq 1 il ərzində həmin mənzilə baş çəkilməməsi reallığı əks etdirmir. O 80000 manat məbləğində pul vəsaitinin iddiaçının deyil cavabdehin ödədiyini, cinayət işi ilə bağlı materialları və şikayəti əlavə etmədiyini, Siracın iddiaçının prorabı olduğunu hazırda öyrəndiyini, Siracın bu ilin 16 yanvar tarixindəm azadlıqda olmadığını qeyd etmişdir.
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, Siracla 1 həftə əvvəl görüşmüş, onun hazırda yaşadığı mənzillə bağlı Ülfətlə aralarındakı haqq-hesabla bağlı sənəd Siracda mövcud olmuşdur. O qeyd etmişdir ki, bütün məsələdən Xətai Rayon Prokurorluğunun prokuroru məlumatlıdır və vaxt lazım olduğunu bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o 17-ci mərtəbədə 3 otaqlı mənzil əldə etmiş, geniş ailəsi olduğu və hazırki mübahisəli mənzil 4 otaqdan ibarət olduğu üçün o öz mənzilini vermiş və əlavə olaraq 50 000 manat pul verərək 4 otaqlı mənzili əldə etmiş, 4 otaqlının təmirinin tamamlanması üçün 50 000 manat Siraca vermiş, öz evini 300000-ə vermiş, öz evinin təmiri yarımçıq qalmışdır. O Siracla danışan zaman Ülfət də orada olmuş, həmin söhbətdə cavabdehin dostu da iştirak etmiş, ev alınan zaman 3 otaqlı onun adına qeydiyyatda olmuşdur. Əsas işi Sirac görmüşdür, o evin kimin adına qeydiyyatda olması ilə bağlı maraqlanmamışdır. O evin onun adına keçirilməsi prosesinin hər dəfə müxtəlif bəhanələrlə yubadıldığını daha sonra isə evin banka qoyularaq pul götürüldüyünü, bu səbəbdən də rəsmiləşdirməni həyata keçirə bilmədiklərini bildirmişdirlər. Daha sonra məlum olmuşdur ki, həqiqətən ev banka qoyulub pul çəkilmişdir. O bunu 5 ay bundan əvvəl 2024-cü ilin dekabr ayında Sirac tutulanda evin banka qoyularaq pul götürüldüyünü bilmişdir. Cavabdeh 2023-cü ilin yaz ayında həmin mübahisəli mənzilə köçdüyünü, etibarnaməni Siracın qaynına verdiyini, baş etibarnaməni verdikdən sonra mübahisəli mənzilə köçdüyünü qeyd etmişdir. Etibarnaməni Siracın qaynına vermişdir, çünki Siracgilin sənəd işlərini həmin şəxs həll edirmiş. Cavabdeh qeyd etmişdir ki, hazırda o ailəlidir iki azyaşlı övladı, anası, atası, nənəsi ilə birlikdə həmin mənzildə yaşayır və evdəkilərə o baxır, onu həmin mənzilə Sirac köçürmüşdür. O Siracla İddiaçı birlikdə işlədiklərini, birinci mənzili də onlardan aldığını bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzil (Yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 298, M17, m1) İddiaçı tam pay hüququ əsasında mülkiyyətindədir.
10. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
12. İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.
17. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, AR MPM-də hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. (§17)
20. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. (§16)
21. İddia tələbindən göründüyü kimi, hazırki mübahisə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda cavabdehin və onunla həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi hazırkı iş mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsi ilə bağlıdır.
22. Qanunvericilikdə «mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. İşin mübahisəsiz hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzil (Yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi. 298, M17, m1) İddiaçı tam pay hüququ əsasında mülkiyyətindədir. (§9)
24. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (§17)
25. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, Sirac adlı şəxs barəsində cinayət təqibi başlanılmışdır və onların hazırki İddiaçı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda və Bakı Şəhəri Xətai Rayon Prokurorluğunda şikayət ərizəsi mövcuddur. Lakin mülki iş üzrə dörd hazırlıq iclası və iki baxış iclası keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qeyd edilənləri sübut edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi (vəkili) öz izahatında Cavabdeh Siracın qaynına mənzilinin satılmsı üçün etibarnamə verdiyini, həmçinin mübahisəli mənzilin alınması üçün üstünə də 50 000 pul verdiyini qeyd etmişdir. Lakin cavabdehin nümayəndəsi (vəkili) Cavabdeh ona məxsus mənzili etibarnamə əsasında verməsini və 50 000 pul vəsaitini Sirac adlı şəxsə ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə uyğun müddətdə məhkəmə araşdırılması həyata keçirilmiş və bu müddət ərzində tərəflərə öz tələblərinin əsası olaraq istinad etdikləri sübutları məhkəməyə təqdim etmələri üçün şərait yaradılmasına baxmayaraq cavabdeh etirazının əsası kimi istinad etdiyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını formal mülahizələrlə əsaslandırmışdır.
26. Məhkəmə iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslərin İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-(yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) dən çıxarılması” hissəsində cavabdehlərin dairəsi konkret göstərilmədiyindən qeyri-dəqiq hesab edir və bu səbəbdən iddia tələbini “həmin mənzildə yaşayan digər şəxslər” hissəsində təmin etmir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia müştərək qaydada bir neçə cavabdehə qarşı qaldırıldıqda cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Cavabdehlərin dairəsini, onlarla bağlı dəqiq məlumatları məhkəməyə təqdim etmək bir başa iddiaçının hüuqu və vəzifəsidir. Lakin iddiaçı məhkəmə araşdırması zamanı bu məsələyə dəqiqlik gətirmədiyindən məhkəmə iddia tələbini digər şəxslərə müasibətdə əsaslı hesab etmir.
27. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, mənzil 127-(yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) dən çıxarılmalı, mənzil tam boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
28. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh İddiaçı məxsus, onun xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2946-cı məhəllə, ev 58, 127 saylı mənzildən (Yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd, Hadi küçəsi 298, M17, m 1) çıxarılsın və mənzil tam boşaldılaraq İddiaçı təhvil verilsin.
3. İddia qalan hissədə təmin edilməsin.
4. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova