Məhkəmə qərarları › İş №2(011)-1458/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1458/2025

30.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1458/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Əliş qızının Cavabdehnə qarşı “sayğacın iddiaçının adına rəsmiləşdirilməsi, buna dair qazın alqı-satqısına dair müqavilənin bağlanılması və sair” tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Əliş qızı Cavabdehnə qarşı “sayğacın iddiaçının adına rəsmiləşdirilməsi, buna dair qazın alqı-satqısına dair müqavilənin bağlanılması və sair” tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 8-də mövcud olan qaz sayğacının onun adına keçirilməsi, qazın alqı-satqısına dair onunla yeni müqavilənin bağlanması, yeni müqavilə bağlandıqdan sonra onun adına olan smartkart balansının artırması zamanı əvvəlki borca görə 50 % azaldılmanın dayandırılması və yaşayış sahəsini aldığı vaxtdan indiyədək smartkart balansının kəsilmiş hissəsinin geri qaytarılması və ya qeyd edilən yaşayış sahəsinə onun adına yeni qaz sayğacın quraşdırılması və onunla müvafiq müqavilənin bağlanması öhdəliyinin mövcud mübahisənin məhkəmə qaydasında həll edilməsi ilə bağlı hüquqi xidmət göstərilməsi üçün sərf etdiyi 320 (üç yüz iyirmi) manat məbləğin ona ödənilməsi öhdəliyinin Cavabdeh Bakı X7 Departamentinin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda yaşadığı fərdi yaşayış evini 28 dekabr 2023-cü il tarixdə almışdır. Yaşayış sahəsində mövcud olan qaz sayğacının göstəricisinə əsasən, ondan əvvəl yaşamış X4 tərəfindən qaz sərfiyyatına görə 860,30 manat borc qalmışdır. Həmin borcların mərkəzləşdirilmiş sistem vasitəsilə X1 hazırda yaşadığı ünvandakı sayğacına köçürülməsini və sözügedən sayğacın abonent kodunun iddiaçının adına dəyişdirilməsini, onunla müvafiq müqavilənin bağlanmasını bu mümkün olmadıqda yaşadığı evə abonent kodu onun adına olan yeni qaz sayğacının quraşdırılması ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli, Z - 2515 daxil olma nömrəli yazılı müraciətinə hər hansısa cavab verilməmişdir. Sözügedən mənzili alarkən X4 qazdan istifadəyə görə olan borcunu ödəməmiş, qaz idarəsindən borcunun olmaması barədə arayış almamış və həmin arayışı ona təqdim etməmişdir. Yaşayış sahəsi onun üçün münasib qiymətə olduğundan və həmin yaşayış sahəsinə təcili ehtiyac yarandığından kommunal borcun olmaması ilə bağlı arayış təqdim etməməsinə baxmayaraq yaşayış sahəsini alıb orada məskunlaşmışdır. Hazırki vəziyyətdə isə Cavabdeh Bakı X7 Departamenti ondan əvvəl mənzildə yaşamış X4 istehlak etdiyi qaz sərfiyyatından yaranmış 860,30 manat borca görə hər dəfə qaz smartkartını artırdıqda yüklənmiş qazın 50%-i elektron sistem vasitəsilə azaldılır. Qeyd edilən mənzildə olan qaz sayğacı ilə əlaqədar iddiaçıyla qaz istehsalçısı arasında müqavilə bağlanmadığına görə və tərəf olmadığı üçün sərf edilmiş qaza görə yaranmış 860,30 manat borcla bağlı da hər hansı öhdəliyi ola bilməz. Eyni zamanda keçmiş mülkiyyətçi X4 ilə onun arasında Mülki Məcəllənin 522-ci maddəsində nəzərdə tutulmuş qaydada "öhdəliyin verilməsi" ilə bağlı hər hansı razılaşma olmamışdır. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə ünvanlayaraq məhkəmədən hazırda yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 8-də mövcud olan qaz sayğacının onun adına keçirilməsi, qazın alqı-satqısına dair onunla yeni müqavilənin bağlanması, yeni müqavilə bağlandıqdan sonra onun adına olan smartkart balansının artırılması zamanı əvvəlki borca görə 50% azaldılmanın dayandırılması və yaşayış sahəsini aldığı vaxtdan indiyədək smartkart balansının kəsilməsi ilə bağlı ona dəyən 100 (bir yüz) manat zərərin ona geri qaytarılması və ya ona dəymiş 100 (bir) yüz manat zərərin ödənilməsilə qeyd edilən yaşayış sahəsinə onun adına yeni qaz sayğacının quraşdırılması və iddiaçıyla müvafiq müqavilənin bağlanması öhdəliyinin Cavabdeh Bakı X7 Departamentinin üzərinə qoyulması haqqında qətnamənin qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Əliş qızı və onun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, borcun tam şəkildə ödənildiyi təqdirdə iddiaçı ilə müqavilə bağlanılacaqdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X2 məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 8 ünvanında yerləşən evdə quraşdırılmış **********00100 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən 16-007 067 saylı sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X4 barəsində tərtib olunmuş ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən 8.640 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə 14-2-2/3-5-922 saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İstismara yararsızdır. İş materiallarında olan X2 məxsus **********00100 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin yanvar ayı üzrə 1.036,80 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin daşınmaz əmlakın dövlət reyestrindən verdiyi çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin Notariat ofisi tərəfindən reyestrdə 4Ə-2950 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Cavabdeh İB-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli “müraciətə baxılmanın nəticəsi barədə” məktubun məzmunundan görünür ki, İddiaçı müraciəti ilə bağlı İradə İsmayılovanın adına olan istehlakçı hesabı üzrə 865,30 manat mövcud borc ödənilməlidir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixində İddiaçı mülkiyyətinə keçmişdir. Həmin yaşayış evi üzrə qaz sayğacı evin əvvəlki sahiblərindən biri olan X1 adına rəsmiləşdirilmiş, sonuncunun təbii qazdan istifadə ilə bağlı ödənilməmiş borcu mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək Məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh - mənzilin əvvəlki abonentinin borcunun yeni mülkiyyətçi iddiaçıya aid edilərək həmin borca görə onunla təbii qazın alqısatqı müqaviləsi bağlamaqdan və yeni abunə kodu verilməklə sayğacın yeni abonentin adına rəsmiləşdirilməsindən imtina etməkdə haqlı olmamış, iddiaçının hüquqlarını pozmuşdur. Bu baxımdan, cavabdeh tərəfindən imtinanın əsası kimi iddiaçının borcunu əsas gətirən dəlilləri əsassızdır Belə ki, cavabdeh təbii inhisarçı səlahiyyətlərindən istifadə edərək, iddiaçı ilə təbii qazadan istifadəyə dair müqavilə bağlamaqdan və abonent kodunu onun adına rəsmiləşdirməkdən imtina etməklə, qanunvericiliklə üzərinə düşən öhdəliyindən yayınmışdır, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də sayğacın iddiaçının adına rəsmiləşdirilməsi, buna dair kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin bağlanılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbləri təmin edilərək, ünvan 1 ünvanı üzrə qaz sayğacının və abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi və buna dair qazın alqı-satqısına dair müqavilənin bağlanılması öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Qazın alqı-satqısına dair yeni müqavilə bağlandıqdan sonra smartkart balansının artırılması zamanı əvvəlki borca görə 50% tutulmaların dayandırılması və yaşayış sahəsini aldığı vaxtdan indiyədək smartkart balansından tutulmalarla əlaqədar ondan tutulmuş 100 (bir yüz) manat zərərin geri qaytarılması barədə tələblərə dair məhkəmə qeyd edir ki, həmin tələblər təmin edilməməlidir. Belə ki, bu tələblər iddiaçının deyil, digər abonent X1 borcu ilə əlaqədar olan pul tutulmaları ilə bağlı tələblərdir. İddiaçı digər abonent olan İ.İsmayılovaya yazılmış borcu mübahisələndirməyə, həmin borcun hesabına ödənilmiş pulların geri tələb edilməsinə dair tələbləri irəli sürməyə subyektiv hüququ olmadığından, sözügedən iddia tələbləri təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmətin ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbləri qismən təmin edildiyindən sözügedən iddia tələbləri qismən təmin edərək, hüquqi yardımla çəkilən xərclərin 100 manat hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00100) qaz sayğacının və abonent kodunun İddiaçı adına rəsmiləşdirilməklə onunla qazın alqı-satqına dair müqavilənin bağlanılması öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulsun. Hüquqi yardımla bağlı çəkilmiş 100 (bir yüz) manat məbləğində xərclər Cavabdeh İBdən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar