Məhkəmə qərarları › İş №2(011)-1460/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1460/2025

19.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1460/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrisinə qarşı mənzildə çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğlu, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzildən çıxarılmasına, mənzilin boşaldılmasına və İddiaçı həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli orderi əsasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzil İddiaçı qızna verilmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzilə dair İddiaçı adına ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ölkədə baş vermiş Qarabağ-Ermənistan müharibəsi zamanı Şuşa rayonundan olan məcburi köçkünlər tərəfindən mülkiyyətimdə olan mənzil qanunsuz olaraq zəbt edilmişdir. Hal-hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Dəfələrlə müraciət etməyinə baxmayaraq, mənzili tərk etməyiblər ki, bu da iddiaçının mülkiyyət hüququmun həyata keçirilməsinə artıq 30 ildən çoxdur ki, mane olur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin iddiaya dair münasibəti: Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsalar da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları: Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal hazırda mənzildə Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli mıktubundan görünür ki, Şuşa şəhərindən məcburi köçkün Cavabdeh1 yuxarıda adları qeyd edilən ailə üzvləri ilə birgə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzildə 1993-cü ildən müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış, özü və ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşamaları iddiaçının həmin evə olan mülkiyyət hüquqları məhdudlaşdıran hal olduğundan iddia tələbləri həmin hissədə əsaslıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Belə ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, mənzilə dair hər hansı mülkiyyət- sahiblik, sərəncam və istifadə hüququ olmayan cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğlunun həmin mənzili iddiaçıya təhvil verməyərək həmin mənzildə yaşamağa davam etməsi iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğlu iddiaçıya məxsus mənzildən onlara məxsus olan əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı həmin mənzilə köçürülməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 oğlu İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzildən əmlaklarını boşaldaraq məcburi qaydada çıxarılsınlar. İddiaçı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942, ev 1, 34 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar