Məhkəmə qərarları › İş №2(011)-1463/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1463/2023

11.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1463/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9cu Əhmədli küçəsi, 29B saylı yaşayış sahəsinə istifadə hüququnun tanınaraq azyaşlı övladları ilə birlikdə həmin yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, 29B saylı evə gəlin köçmüşdür. Gəlin köçən zaman evin texniki pasportu olmuş, başqa hüquqmüəyyənedici sənəd olmamışdır. Evin texniki pasportu iddiaçının keçmiş qayınanası Cavabdeh1 adınadır. 2017-ci ildə iddiaçı ilə Cavabdeh2 nikahı pozulmuşdur, lakin iddiaçı hələ də iki övladı ilə həmin evdə yaşayır. Xətai Rayon Məhkəməsinin 21 iyul 2006-cı il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evə qeydiyyat düşmüşlər. İddiaçı ilə cavabdehin birgə nikahından olan azyaşlı övladları da həmin evdə qeydiyyatdadırlar. Lakin cavabdehlər iddiaçının həmin evdə yaşamasına maneə yaradaraq onu və övladlarını evdən çıxarmaqla hədələyirlər. Tərəflərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh2 ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, tərəflər 2008-ci ildən etibarən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, 29B saylı fərdi yaşayış evində yaşamışlar. Birgə nikahdan 12 iyun 2010-cu il təvəllüdlü X1 və 08 noyabr 2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı və Cavabdeh2 arasında münasibətlər pisləşdiyi üçün onlar arasındakı nikah 06 avqust 2019-cu il tarixdə pozulmuşdur. Lakin iddiaçı azyaşlı övladları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2006-cı il tarixli, 2(011)-1781/2006 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli qəsəbəsi, 29B saylı özbaşına tikilmiş evə qeydiyyata alınmaları qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin mənzilə istifadə hüququnun yaranması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, 29B saylı fərdi yaşayış evi özbaşına tikilidir. Belə ki, evlə bağlı hər hansı hüquqi sənədləşmə mövcud deyildir. Qanunvericiliyin tələbinə əsasən istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsidir və əmlaka dair istifadə hüququnun yaranması üçün əmlak dövlət qeydiyyatına alınmış olmalıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, istinad edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır, iddiaçının həmin evə dair istifadə hüquqları tanına bilməz. Məhkəmə iddianın evə dair istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflərin izahatları və məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, 29B saylı fərdi yaşayış evi iki mərtəbədən ibarətdir. Evin birinci mərtəbəsində cavabdehlər, ikinci mərtəbəsində isə iddiaçı və uşaqları yaşayırlar. Tərəflərin özlərinə aid istifadə sahələri mövcuddur. Yalnız evin həyəti ümumi istifadədədir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflər arasındakı istifadə qaydalarının müəyyən edilməsinə əsas olan mübahisəli halların nədən ibarət olması aşkar olunmamışdır. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı iddiasında cavabdehlər tərəfindən onun fərdi yaşayış evindən istifadə etməsinə maneələr törədilməsini bildirsə də, məhkəmə araşdırması zamanı maneələrin konkret olaraq nədən ibarət olması və iddiaçının hüquqlarına hansı qaydada xələl gətirməsi sonuncu tərəfindən əsaslandırıla bilməmişdir. Odur ki, iddia həmin hissədə də rədd edilməlidir. Yuxarıda sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı - iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi, 29B saylı yaşayış sahəsinə istifadə hüququnun tanınaraq azyaşlı övladları ilə birlikdə həmin yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar