Məhkəmə qərarları › İş №2(011)-148/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-148/2023

10.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-148/2023 10.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər xx.xx.2015-ci il tarixində nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 53 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 doğulmuşdur.

2. İddiaçı Ağdam rayonundan, cavabdeh isə Xocalı rayonundan məcburi köçkündürlər.

3. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən cavabdeh ailə tərkibi 4 nəfər olmaqla (iddiaçı, cavabdeh və uşaqları) ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmiş, sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzil (Bundan sonra – Mənzil) ailə tərkibi 4 nəfər olmaqla yaşamaq üçün cavabdehin müvəqqəti istifadəsinə verilmişdir.

4. Bundan başqa, ilk dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 4142/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı 511 saylı mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilərək, iddiaçının ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə köçürülməsi qət edilsə də, 511 saylı mənzil sonradan 543 saylı mənzillə dəyişdirildiyindən, həmin qətnamənin icrası mümkün olmamışdır.

5. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı, övladları xx.xx.2016-cı ildə doğulmuş X4 və xx.xx.2017-ci ildə doğulmuş X7 oglu ilə birlikdə ünvan 3 ünvanda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş D blokundakı 2 otaqlı, 543 saylı mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə 29 aprel 2015-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki övladı doğulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsi kimi onlara məcburi köçkünlər üçün inşa olunmuş binada iki otaqlı 116 kv. metr olan 511 saylı mənzil verilmişdir. Mənzil dörd nəfərlik ailə, yəni cavabdeh, iddiaçı və iki uşaqları nəzərə alınmaqla verilmişdir. 2018-ci ilin yaz aylarında həmin mənzilə köçmüşlər. Mənzilin ¾ hissəsi ona və uşaqlarına aiddir. 2019-cu ilin dekabr ayının 27-də cavabdeh onu gəzmək adı ilə valideyinlərinin yanına gətirmiş, həmin vaxtdan iki uşağıyla birlikdə valideyinlərinin yanında qalır. AR Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən həm də, X3 da ailə tərkibi 3 nəfərdən ibarət olmaqla qeyd edilən binadan 543 saylı 2 otaqlı mənzil verilmişdir. 2020-ci ilin sentiyabr ayında X1 ərizəsi ilə onun yaşlı olması, yuxarı mərtəbədən düşmək çətinliyi nəzərə alınaraq qardaşı oglu olan cavabdehlə Komitə tərəfindən mənzillər dəyişdirilərək D511 saylı 2 otaqlı mənzil X3, həmin binadakı 543 saylı 2 otaqlı mənzil isə cavabdehə verilmişdir. O, Xətai Rayon Məhkəməsində iddia qaldıraraq səhvən D/511 saylı mənzilə köçürüldüyünü xahiş etmiş, iddiası təmin edilmiş, onun həmin mənzilə köçürülməyi barədə qərar qəbul edilmiş, lakin mənzillər dəyişdirildiyindən qətnamənin icrası mümkün olmamışdır. Bu səbəbdən məhkəmədə Xətai rayonu Telnov küçəsi 543 saylı 2 otaqlı mənzilə köçürülməyi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 158 mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

13. Maddə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir.

14. Maddə 60.2. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir.

15. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

16. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

17. Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir.

18. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

19. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 65 saylı qərarının 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

İşə baxan Məhkəmənin mövqeyi:

25. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

27. İddiaçı onlara məcburi kökün olduqları üçün verilmiş xüsusi təyinatlı mənzilə köçürülməsini tələb edir. Bu halda mübahisəyə Mənzil Məcəlləsinin məcburi köçkünlərə müvəqqəti yerləşdirmə məqsədi ilə verilən yaşayış sahələri ilə bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edil

28. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə araşdırma aparılarkən 2 halın müəyyən olunması zəruridir: 1) iddiaçının övladları ilə birlikdə köçürülməsini istədiyi Mənzilə isitfadə hüququ yaranmışdırmı; 2) iddiaçı övladları ilə birlikdə yaşadığı Mənzildən məhrum edilmişdirmi.

29. Məhkəmə birinci halla bağlı qeyd edir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün qanunun tələb etdiyi ilkin şərt bu barədə yazılı kirayə müqaviləsinin bağlanmasıdır. Bu işin mübahisəsiz halıdır, belə ki, AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə belə bir müqavilə bağlanmışdır.

30. Cavabdehin övladları ilə ilə birlikdə Mənzildən istifadə hüququnun yaranmasına gəldikdə isə, qanun bunun üçün iki dispozitiv şərt müəyyən edir: birincisi, həmin şəxslər sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü olmalı, ikincisi, onlar yaşayış sahəsi kirayəçisi ilə birlikdə yaşayış sahəsində yaşamalıdır. Qanun sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərini də iki qrup üzrə təsnifləşdirir. Bunlara, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin onunla birlikdə yaşayan ailə üzvləri və digər qohumlar daxildir. Qanunun mənası baxımından ailə üzvlərinə sosial kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumların isə o halda ailə üzvü hesab olunur ki, onlar əmək qabiliyyəti olmayan şəxs kimi himayəsində olmaqla, sosial kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülsünlər və kirayəçi ilə birgə təsərrüfat apasınlar (§ 15).

31. İşin mabahisəsiz halıdır ki, iddiaçı cavabdehin ailə üzvüdür, tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından Əsnad və Eşqin adlı iki övladları doğulmuşdur. İddiaçının övladları ilə birlikdə Mənzildə yaşamalarına gəldikdə isə, cavabdeh məhkəmədə verdiyi izahatında bildrimişdir ki, onlar Mənzilə köçüb 8-9 ay birlikdə yaşadıqdan sonra ailə mübahisələri yaranmış, bu səbəbdən Mənzildən yazılı şəkildə imtina etmişdir.

32. Beləliklə, iddiaçının və onunla birlikdə yaşayan azyaşlı övladlarının Mənzildən istifadə hüquqları yaranmışdır.

33. İkinci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli Mənzildən məhrum edilməsi həm iş materialları, həm də məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən valideynlərinin yanına gətirilməsini və halhazırda orada yaşadığını bildirmişdir. Cavabdeh isə məhkəmə baxışı zamanı verdiyi izahatlarında ailə mübahisələri səbəbindən Mənzildən imtina etdiyini bildirmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında mənzil mübahisələri əvvəllər də mövcud olmuş, həmin qətnamə ilə iddiaçının eyni ünvanda və eyni əsasla verilmiş 511 saylı mənzilə köçürülməsi təmin edilsə də, həmin mənzilin sonradan cavabdehin qohumu ilə 543 saylı mənzillə dəyişdirildiyindən, həmin qətnamənin icrası mümkün olmamışdır.

34. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məcburi köçkün olmaqla, ailə üzvləri ilə birlikdə dövlət tərəfindən xüsusı təyinatlı yaşayış sahəsi ilə təmin olunaraq mübahisəli mənzilə köçurülmüş və iddiaçı cavabdehlə bərabər hüquqlar, o cümlədən mənzildən istifadə etmək hüququ əldə etmişdir. Buna görə də, iddiaçının uşaqları ilə birlikdə eyni şərtlərlə mübahisəli mənzildən yararlanmaq hüququ vardır. Cavabdeh dövlət mənzil fonduna daxil olan mübahisəli mənzilə iddiaçıdan üstün hüquqa malik deyil. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli mənzildən istifadə hüququ yaranmışdır, çünki mübahisəli Mənzil onlara təkcə sosial statusa (məcburi köçkün olmaları) malik olması əsası deyil, həm də ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir.

35. Məhkəmə qeyd edir ki, xüsusi təyinatlı yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən onların müvəqqəti istifadəsinə verilir və yalnız kirayə müqlavilələri ləğv edildikdə və ya xitam verildikdə onlar dövlət orqanının tələbi ilə həmin mənzildən çıxarıla bilərlər. Hazırki işdə isə bu hallar mövcud deyil. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etdiyi zaman Mənzildən imtina etdiyini və buna dair notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etsə də, məhkəmənin mübahisəli mənzildə yaşayan və qeydiyyatda olan şəxlər barəsində məlumatın verilməsi barədə sorğusuna AR Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlə bağlanmış kirayə müqaviləsinin məhkəməyə tədim edilməsi ilə cavab verilmişdir.

36. Göründüyü kimi, Mənzilə dair cavabdehlə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin hələ də qüvvədə olması iş materialları əsasında öz təsdiqini tapmışdır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhlədə D blokunda yerləşən 543 saylı mənzilə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar