Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1481/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğuna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə “Toyota Prius” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı abtomobilin (Bundan sonra- Avtomobil) nisyə alqı-satqısı barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə əşyanın dəyəri 26200 manat olmaqla, ödəniş müddəti 36 ay, aylıq ödəniş 700 manat, 1000 manat ilkin ödəniş müəyyən edilmişdir.
2. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən 25200 manat pulun və ödənilmiş 166 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, özünə məxsus avtomobilimin ilkin alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə cavabdehlə 18 saylı Notariat Ofisində müqavilə bağlamışdır. Müqavilənin 1 və 2-ci bəndlərinə əsasən onlar həmin müqaviləni gələcəkdə əsas alqı-satqı müqaviləsini bağlamaq, avtomobilin qiyməti 26200 manat olmaqla 36 ay müddətində hər ay 700 manat pulu onun “Kapitalbank”da olan 4169 7413 4871 5333 saylı kart hesabına ödəmək şərtilə bağladmışlar. Müqavilə bağlandığı an cavabdeh ona 1000 manat pul vermişdir. Daha sonra isə o, cavabdehə Bakı şəhəri 32 saylı Notariat Ofisində həmin avtomobilə dair etibarnamə vermişdir. Etibarnaməyə əsasən o, həmin avtomobilə dair cavabdehə istifadə, sahiblik və sərəncam hüquqlarını vermişdir. O, bir neçə gün əvvəl avtomobilin barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə müvafiq sorğu ilə müraciət etdikdə məlum olmuşdur ki, cavabdeh artıq avtomobili özgəninkiləşdirib. Lakin, həmin vaxtdan bəri xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borclu qaldığı 25200 manatı tələb etsə də o pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
12. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.
13. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 576 Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər Avtomobilin gələcəkdə alqı-satqısına dair müqavilə bağlamaq barədə razılığa gəlmişlər və 10.0.2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh Avtomobilin dəyərini hər ay 700 manat məbləğində olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə Avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş, lakin cavabdeh avtomobilin dəyərini tam ödəməmişdir. İşin bu halı iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş məlumata əsasən xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən cavabdehə etibarnamə verilmiş. cavabdeh isə avtomobilin dəyərini ödəməmişdir. Cavabdeh isə məhkəmə iclası barədə dəfələrlə xəbərdar edilsə də, məhkəmədə iştirak etməmiş və iddia barədə hər hansı formada münasibətini bildirməmişdir. Bu halda, məhkəmə iddia ərizəsində göstərilən avtomobilin cavabdeh tərəfindən alınmasını işin mübahisəsiz halı olaraq qəbul edir.
23. İşin şərh edilən halları əsasında məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında avtomobilin aylıq ödənilməsi şərtilə ilkin alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öhdəlyini yerinə yetirərək Avtomobili cavabdehə versə də, cavabdeh öhdəliyini pozaraq aldığı əşyanın dəyərini ödəməmişdir.
24. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Məhkəmə həmçinin iddianın 166 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 25 200 manat məbləğində pul və ödənilmiş 166 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Pərviz Zamanlı