Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-149/2025 28.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra - iddiaçı), İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tələbinə” dair ilkin, Cavabdeh İddiaçı qarşı “pulun tələbinə” dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. xx.xx.2023-cü il tarixdə tərəflər arasında yazılı razılaşma imzalanmış, həmin razılaşmanın şərtlərinə görə cavabdeh özünə məxsus olan “Toyota Prius” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – Avtomobil), iddiaçı tərəfindən əvvəlcədən birdəfəlik 1100 manat məbləğində depozit və gündəlik 25 manat (həftəlik 175 manat) ödəmək şərtil ilə 36 ay müddətinə iddiaçıya “kreditə” vermiş, qarşılığında isə bu müddətin sonunda Avtomobili iddiaçının adına keçirməyi öhdəsinə götürmüşdür. Avtomobil xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmiş və buna görə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən etibarnamə verilmişdir. Depozit məbləği ilə birlikdə cavabdehə 7175 manat məblığində pul ödənilmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi eitbarnaməni, iddiaçı tərəfindən Avtomobili zədələdiyini əsas gətirərərək, xx.xx.2024-cü il tarixdə ləğv etmiş, Avtomobilə quraşdırılmış “CPS” sistemini söndürmüş və nəticədə onu geri qaytarmışdır.
3. Həmçinin, iddiaçı tərfindən idarə etdiyi müddətdə Avtomobilin bəzi hissələrinə zədələr yetirilmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrinin və ona etirazların dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehdən 7175 manat pulun onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında ona məxsus olan “Toyota Prius” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili 1100 manat depozit qoymaq şərti ilə 36 ay müddətinə kreditə verilməsinə dair razılıq olmuşdur. O, bu müddət ərzində hər gün 25 manat ödəməyi öhdəsinə götürmüş və qarşılığında cavabdeh bu müddətin sonunda borc tam bağlandığı təqdirdə həmin avtomobili iddiaçının adına keçirtməyi öhdəsinə götürmüşdür. Bu barədə yazılı qaydada əqd bağlanmış və həmin əqd xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Qeyd edilən tarixdən xx.xx.2024-cü il tarixədək ödənişləri vaxtı-vaxtında razılığa əsasən hər həftənin 1-ci günü 175 manat olmaqla ödəmişdir. Ödənişlə bağlı aralarında heç bir narazılıq olmamışdır. Lakin cavabdeh müxtəlif yersiz bəhanələr gətirərək hər vəchlə razılğı sonlandırmaq istəmişdir. Əsas səbəb isə avtomobilin qapı hissəsində yüngül əziklər olması olmuşdur. Cavabdehə bildirmişdir ki, Avtomobil onsuz da sonda ona qalacaq. Cavabdeh bildirdi ki, o, Avtomobilə baxmır və buna görə də onun adına olan etibarnaməni xx.xx.2024-cü il tarixdə ləğv edərək avtomobili ondan almaq qərarına gəlmiş, həmçinin Avtomobilin GPS sistemini söndürmüş və buna görə də avtomobili idarə etmək mümkün olmamışdır.
b) Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Cavabdeh ilkin iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və ilkin iddia ərizəsinə etirazın məzmunu qarşılıqlı iddia ərizəsi ilə etynilik təşkil edir.
c) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
7. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçıya Avtomobili təhvil verən zaman qəti surətdə tapşırmışdır ki, onu daima saz vəziyyətdə saxlayaraq, səliqəli və təmiz şəkildə istismar etsin, çünki 36 ay müddət tamam olan gün, Avtomobil onun adına rəsmiləşəcəkdi. Həmçinin, izah etmişdir ki, onun aylıq ödədiyi məbləğ istənilən Avtomobili üçün Rent Car-da ödənilən məbləğdən aşağıdır. Yəni, Avtomobili hər zaman səliqəli və təmiz vəziyyətdə saxlamalıdır ki, əgər gələcəkdə ödənişlə bağlı hər hansı problem olarsa, Avtomobili ona verilən vəziyyətdə geri qaytarsın. Avtomobili qaytaracağı təqdirdə, əvvəllər günlük ödədiyi məbləğlər də, icarə haqqı hesab olunacaq. Avtomobil iddiaçıya təhvil verilən vaxt müvafiq fotoşəkillər və video çəkilmişdir. İddiaçı Avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq, kifayət qədər pul qazanıb. İddiaçı razılaşmanın şərtlərini pozaraq, elə ilk ayda Avtomobilin kopot hissəsini əzmişdir. Ona bunu qısa müddətdə aradan qaldırmasını tapşırsa da, yalandan vəd verib, əməl etməmişdir. Daha sonra, 2023-cü ilin dekabr ayının ortalarında iddiaçının məsuliyyətsizliyi nəticəsində Xırdalan ərazisində yerləşən avtobus dayanacağında Avtomobili avtobusa vurmuşdur. Nəticədə maşının sağ qanadı, sağ arxa qapısı, qabaq sağ qapısı və sağ ətək ciddi zədələnmişdir. O, iddiaçıya iradını bildirərək Avtomobili qısa müddətdə təmir etdirməsini tələb etmiş, iddiaçı söz versə də, əməl etməmişdir. Ən son mart ayında iddiaçıdan Avtomobili geri qaytarmasını tələb etmişdir. Çünki, anlamışdır ki, iddiaçının Avtomobili təmir etdirmək fikri yoxdur, məqsədi Avtomobili yararsız vəziyyətə düşənə qədər istismar edib, sonda ona qaytarmaqdır. Dəfələrlə iddiaçıdan Avtomobili geri tələb etdikdə, o hədə-qorxu gəlməyə başlamışdır. O, məcbur olub DİN-in 102 xidmətinə şikayət etdikdən sonra, Avtomobili qaytarmışdır. İddiaçı tərəfindən Avtomobilə vurulmuş ümumi ziyan məbləği 1825 manat təşkil edir. Həmçinin, cavabdehin 50 manat məbləğində cəriməsini də ödəmiş və 7 günün pulu olan 175 manatı da, ödəməmişdir. Yəni Avtomobilə dəymiş ziyan 1825 manat, cərimə məbləği 50 manat, 7 günün pulu 175 manat olmaqla, cəmi 2050 manat təşkil edir.
d) İddiaçının qarşılıqlı iddia ərizəsinə etirazının dəlilləri:
8. İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazını yazılı formada təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi.
10. Cavabadeh məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə dair yazılı etirazına uyğun izahat verərək onun rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
13. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
14. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
15. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
17. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
19. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
23. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
24. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
30. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir.
31. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
32. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı öhdəlik münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir. Odur ki, əvvəlcə tərəflər arasında Avtomobilə dair hansı hüquq münasibətinin yaranması və həmin münasibətini ehtiva edən müqavilənin növü müəyyən edilməli (birinci məhələ), daha sonra isə həmin müqavilənin etibarlılığı yoxlanılmalıdır (ikinci mərhələ).
33. Birinci mərhələ ilə bağlı, iş materiallarından da bəllidir ki, Avtomobilə dair onun “kredit”ə verilməsinə dair tərəflər arasında xx.xx.2023-cü il tarixdə yazılı razılaşma imzalanmışdır. Razılaşmaya görə cavabdeh Avtomobili iddiaçıya kreditə verməyi, iddiaçı isə Avtomobilə görə gündəlik 25 manat ödəniş etməyi, ödəniş tam ödənildikdən sonra isə cavabdeh Avtomobili iddiaçının mülkiyyətinə verməyi (adına keçirməyi) öhdəsinə götürmüşdür. “Kredit”in müddəti 36 ay müəyyən edilmişdir. Eyni zamanda, razılaşmadan görünür ki, Avtomobil xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil (sahiblik və istifadəsinə) verilmişdir.
34. Sözügedən razılaşmadan da görünür ki, onun şərtləri əşyanın nisyə alqı-satqısı müqaviləsinin dispozitiv şərtlərini ehtiva edir. Belə ki, alqı-satqı müqaviləsinin anlayışı verilmiş Mülki Məcəllənin 567-ci maddəsində qeyd edilir ki, satıcının əsas öhdəliyi əşyanın alıcının mülkiyyətinə vermək, alıcının öhdəliyi isə onu qəbul edərək müqavilədə göstərilən müddətdə ödəməkdən ibarətdir. Əşyanın nisyə alqı-satqısı isə onun verilməsindən sonra müqavilədə müəyyən edilmiş müddət ərzində və hissə-hissə ödənilməsini nəzərdə tutur. Həmçinin, Mülki Məcəllənin 606.1-ci maddəsinə görə əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
35. Eləcə də, tərəflər arasında razılaşmaya qədərki və razılaşmadan sonrakı münasibətlər də Avtomobilə dair nisyə alqı-satqısı ilə bağlı münasibətlərin yaranması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin də tələbi ondan ibarətdir ki, müqavilə təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, müqavilənin təfsir edilməsi zamanı yoxlanılmalı olan ilk hüquqi addım tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən edilməsindən ibarətdir. Tərəflərin iradə ifadəsinin həqiqiliyi (müqavilə üzrə iradə ifadəsinə dayanmaqla arzuladığı hüquqi nəticə), eyni zamanda həm onların müqaviləyə qədərki hərəkətləri, münasibətləri və bununla bağlı danışıqları, həm də müqavilədən sonrakı davranışları ilə uzlaşmalıdır. Əks halda, iradə ifadəsinin həqiqiliyi şübhə doğurmuş ola bilər.
36. Məhkəmə iclasında iddiaçı əsas niyyətinin Avtomobili almaq olduğunu, cavabdeh isə dəyəri tam ödənildikdən sonra onu iddiaçının mülkiyyətinə verəcəyini, lakin formalaşmış təcrübəyə görə satılmış əşyanın tam ödənilməsinin təminatı məqsədilə onu “kredit” kimi rəsmiləşdirməyi və buna görə iddiaçıya Avtomobili idarə etmək üçün etibarnamə verdiyini bildirmişdir. Müqavilə bağlandıqdan sonra da, cavabdeh Avtomobili iddiaçının sahibliyinə və istifadəsinə vermiş, iddiaçı isə gündəlik 25 manat olmaqla, hər həftə 175 manat (sonradan aralarında şifahi razılaşmaya görə) ödəniş etmiş, həmçinin, idarə etmək üçün etibarnamə təqdim etməklə Avtomobili iddiaçının istifadə və sahibliyinə vermişdir.
37. Lakin tərəflər arasında öhdəliyin yaranma əsası Avtomobilin nisyə satılması ilə bağlı yaransa da, müqavilənin bağlanılması qaydasına düzgün əməl edilməmişlər. Belə ki, Avtomobil "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısına əsasən dövlət reyestrində rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalar siyahısına daxildir. Mülki Məcəllənin 650-ci maddəsinin məzmunundan isə görünür ki, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara dair alqı-satqı tələblərinə daşınmaz əşyalarla bağlı tələblər aid edilir. Mülki Məcəllənin 144.1-ci maddəsində isə qeyd deyilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bu isə o deməkdir ki, daşınar əşya olmaqla, rəsmi reyestirdə qeydə alınmalı olan avtomobilin alqı-satıqısı barədə müqavilələr, daşınmaz əşyalarda olduğu kimi, yazılı şəkildə bağlanmaqla bərabər həm də, notarial qaydada təsdiq edilməlidir.
38. Şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasındakı münasibət Avtomobilin alqı-satqısı ilə bağlı olmuş (Avtomobilin dəyərinin hissəhissə ödənilməsi və sonradan onu iddiaçının mülkiyyətinə vermək niyyətinin olması), cavabdeh Avtomobili satmaq, iddiaçı isə onu almaq arzusunda olmuş (tərəflər məhkəmə iclasında verdikləri izahatları ilə əsas niyyətlərinin bununla bağlı olduğunu bildirmişlər), lakin onlar arasında qanunla müəyyən edilmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. Mülki Məcəllədə alqı-satqı müqaviləsinin şifahi formada bağlanması əsasları nəzərdə tutulsa da, avtomobillərlərlə bağlı müqavilənin yazılı formada bağlanılmaqla notarial qaydada təsdiq edilməsi qanunla birbaşa nəzərdə tutulmuşdur. Avtomobil rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan alqı-satqısı zamanı satıcı onu alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Avtomobilə sahilik və istifadə hüququ onun verilməsi ilə baş tutsa da, mülkiyyət hüququ (müqavilədə mülkiyyətin saxlanması ilə bağlı qeyd-şərtin olmadığı haıda) əqdin notarial qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İşin şərh edilən hallarından da göründüyü kimi, etibarnamə əsasında iddiaçının sahiblik və istifadəsinə verilsə də, mülkiyyətə verilməsinin qanunla müəyyən edilmiş qaydası pozulduğundan Avtomobilə dair imzalanmış yazılı razılaşma əhəmiyyətsiz əqd olmuşdur.
39. Mülki Məcəllənin Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. İşin mübahisəsiz halıdır ki, etibarnaməni ləğv etməklə Avtomobili cavabdeh geri qaytarmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı Avtomobilə görə, əvvəlcədən 1100 manat (depozit), sonradan isə hissə-hissə 6075 manat olmaqla, cəmi 7175 manat pulun ödənilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Avtomobil artıq qaytraıldığından məhkəmə hesab edir ki, onun dəyəri olaraq ödənilmiş pul vəsaiti də, ilkin iddianın qismən təmin edilmiş hissəsi nəzərə alınmaqla, iddiaçıya qaytarılmalıdır.
40. Avtomobil iddiaçıya təhvil verilərkən hər iki tərəfin razılığı ilə 1100 manat iddiaçı tərəfindən depozit olaraq ödənilmişdir. Həmin vəsait əvvəlcədən o məqsədlə verilmişdir ki, iddiaçı müqavilə müddətinin sonunadək onun icrasından imtina edərək qaytaracağı halda, Avtomobilə dəymiş zərərin aradan qaldırılması xərci, zərərin həcmi nəzərə alınmaqla, həmin depozitdən çıxılmalı, zərər dəymədiyi halda isə iddiaçıya geri qaytarılmalı idi. Məhkəmə həm Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbini, həm tərəflərin bir-birləri qarşısında pul ödənilməsi ilə bağlı öhdəliklərini (cavabdehin Avtomobilə görə ödənilmiş vəsaiti qaytarmaq, iddiaçının isə dəymiş zərəri qaytarmaq), həm də qarşılıqlı ödənişlərlə bağlı gələcəkdə qətnamənin icrasında yarana biləcək çətinlikləri nəzərə alaraq, hesab edir ki, ilkin iddia təmin edilərkən Avtomobillə bağlı cavabdehin çəkdiyi xərclər, qarşılıqlı iddia isə təmin edilərkən iddiaçı tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalıdır.
41. Odur ki, məhkəmə qeyd edir ki, işə əlavə edilmiş ABB mobil ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 175 manat olmaqla 33 qəbz üzrə 5775 manat, 50 manat olmaqla 2 qəbz üzrə 100 manat və 1 qəbz üzə 200 manat, cəmi 6075 manat pul ödənilmişdir. 1100 manat depozit kimi ödənilməsi isə işin mübahisəsiz halı kimi məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Beləliklə, Avtomobilə görə iddiaçı tərəfindən cavabdehə qəbzlərlə və depozit nəzərə alınmaqla, ümumilikdə 7175 manat pul ödənilmişdir.
42. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Avtomobil iddiaçının istifadə və sahibliyində olarkən yol nəqliyyat hadisəsi nəticəsində ona zərər dəymiş, eləcə də istismarı ilə bağlı müəyyən xərcləri yaranmışdır. Avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə əlaqədar təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən Avtomobilin təmir-bərpa xərci təxminən 930 manat, alınacaq ehtiyat hissələrinin ümumi dəyəri isə təxminən 882 manat təşkil edir. Həmçinin, məhkəmə baxışında iddiaçının etirafı ilə müəyyən edilmişdir ki, Avtomobilin idarə edilməsi zamanı iddiaçının törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı 50 manat cərimə də cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçının istifadə və sahibliyində olarkən Avtomobilə görə cavabdehə dəymiş zərər cəmi 1862 manat (930 + 882 + 50 = 1862) olmuşdur. Tərəflərin şifahi razılaşmasına uyğun olaraq, iddiaçının verdiyi depozit çıxıldıqda, cavabdehə dəymiş zərər 762 manat (1862 – 1100 = 762) təşkil etmiş olur.
43. Yekun olaraq məhkəmə aparılmış hesablamaları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə 6413 manat (7175 – 762 = 6413) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, depozit məbləği çıxıldıqdan sonra Avtomobilə görə dəymiş maddi zərərə görə 762 manat (1862 – 1100 = 762) pul isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
44. Məhkəmə hesab edir ki, xərclər iddianın təmin edilməsi nisbətində tərəflərə aid edilməlidir.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. 6413 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. 84,13 manat dövlət rüsumu (ilkin iddia üzrə) Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 712 manat pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Ekspertiza xərcinin 20 manat hissəsi İddiaçı, 80 manat hissəsi isə Cavabdeh tutularaq (ekspertizanın qarşılıqlı iddia üzrə aparıldığı nəzərə alınmaqla) dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı