Məhkəmə qərarları › İş №2(011)-1490/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1490/2023

22.05.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1490/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi oğlu “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşları 15 fevral 1975-ci il təvəllüdlü X1 və 13 sentyabr 1962-ci il təvəllüdlü X2 2013-cü ildən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşları 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 12 dekabr 2012-ci il tarixində işləmək məqsədilə Rusiya Federasiyasına getmişlər. Bir müddət onlarla əlaqə saxlamışsa da, daha sonra əlaqə tamamilə kəsilmişdir. 2015-ci ildə ərizəçi qardaşlarını axtarmaq məqsədilə Rusiya Federasiyasına getsə də, axtarışlar nəticəsiz qalmışdır. Hətta onların terrorçular tərəfindən qətlə yetirildiyinə dair səs yazısı da yayılmışdır. Artıq on ildən çoxdur ki, qardaşları barəsində heç bir xəbər ala bilmir. Həmçinin, sənədləşmə prosesi aparılarkən, ailə tərkibi ilə bağlı hər hansı razılıq tələb olunduğu zaman qardaşlarını tapa bilmədiyindən bir sıra hüquqlarından məhrum olur. Bundan başqa, ərizəçi qardaşlarına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətdən imtina edilmiş və məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyə olunmuşdur. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 xx.xx.2020-ci il tarixdən itkin düşmüş hesab edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan: • Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2(011)- 6684/2019 saylı qətnaməsi ilə 15 fevral 1975-ci il təvəllüdlü X1 və 13 sentyabr 1962-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdən itkin düşmüş hesab edilməsi qət edilmişdir; • 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 09 yanvar 2023-cü il tarixli məktublarından görünür ki, Ərizəçi oğlunun ölümün qeydiyyata alınması barədə ərizəsi ölümü təsdiq edən sənədin olmaması səbəbindən qeydiyyat şöbəsi tərəfindən təmin edilməmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; • Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrfütaı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 15 fevral 1975-ci il təvəllüdlü X1 və 13 sentyabr 1962-ci il təvəllüdlü X2 trestin balansında olan qəbiristanlıqlarda, o cümlədən qəbiristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə heç bir məlumat tapılmamışdır; • Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 15 fevral 1975-ci il təvəllüdlü X1 və 13 sentyabr 1962-ci il təvəllüdlü X2 axtarışa elan olunmaları barədə polis idarəsinə heç bir müraciət daxil olmamışdır; • Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X1 və X2 ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı məlumat aşkar olunmamışdır; • Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 xx.xx.1993-cü ildən hazıradək Birliyin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından keçməmişlər; • Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki,”Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X2 barəsində notariat hərəkətinin rəsmiləşdirilməsinə dair məlumat aşkar edilməmiş, X1 barəsində 13 fevral 2010-cu il və 16 fevral 2010-cu il tarixlərdə Bakı şəhəri 1 saylı və Qusar rayon notariat ofislərində etibarnamələrin təsdiq edildiyi məlum olmuşdur; • Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, X3 03 sentyabr 2014-cü il tarixdə, X4 12 dekabr 2012-ci il tarixdə ölkədən çıxmışdır; • Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 vəhhabi təriqətinə etiqad edən şəxs kimi məlumdurlar. Terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün N.Ağakərimov 12 dekabr 2012-ci il tarixdə, V.Ağakərimov isə 03 sentyabr 2014-cü il tarixdə ölkə ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, daha sonra Türkiyə ərazisindən keçərək Suriyaya səfər etmişlər. Həmin şəxslərin Suriya ərazisində aparılan silahlı münaqişlərdə, eləcə də terror fəaliyyətində iştirak etməsi ilə bağlı xidmətə rəsmi məlumat daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin verdiyi izahat əsasında müəyyən edildi ki, X3 və X4 işləmək məqsədilə Rusiya Federasiyasına getmiş, ərizəçinin 2013-cü ilə qədər əlaqələri olmuşdur. Lakin onlarla əlaqə kəsildiyindən və heç bir məlumat ala bilmədiyindən ərizəçi qardaşlarının xəbərsiz itkin düşmüş hesab edilməsi tələbi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə V.Ağakərimov və N.Ağakərimov 01 yanvar 2020-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişlər. Həmçinin, iş materiallarında olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da görünür ki, X3 və X4 vəhhabi təriqətinə etiqad edən şəxs kimi məlumdurlar. Terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün N.Ağakərimov 12 dekabr 2012-ci il tarixdə, V.Ağakərimov isə 03 sentyabr 2014-cü il tarixdə ölkə ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmiş, daha sonra Türkiyə ərazisindən keçərək Suriyaya səfər etmişlər. Həmin şəxslərin Suriya ərazisində aparılan silahlı münaqişlərdə, eləcə də terror fəaliyyətində iştirak etməsi ilə bağlı xidmətə rəsmi məlumat daxil olmamışdır. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir. Belə olan təqdirdə iş üzrə araşdırma zamanı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da görünür ki, X3 və X4 vəhhabi təriqətinə etiqad edən şəxs kimi məlumdurlar. Həmçinin onlar terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün N.Ağakərimov 12 dekabr 2012-ci il tarixdə, V.Ağakərimov isə 03 sentyabr 2014-cü il tarixdə ölkə ərazisini Gürcüstan Respublikası istiqamətində tərk etmişlər. Qeyd olunan tarixlərdən sonra həmin şəxslərlə bağlı hər-hansı rəsmi məlumatın olmaması işin mübahisəsiz halıdır. Hansı ki, qeyd olunan hal Bakı şəhər Xətai Rayon Məhkəməsinin “şəxsin itkin düşmüş elan edilməsi” ilə bağlı xx.xx.2019-cu il tarixli, 2(011)-6684/2019 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Həmçinin, hazırkı dövrdə Suriya Respublikasının geosiyasi durumu, həmin dövlətin ərazisində münaqişə ocaqlarının mövcud olmasını istisna etmir. Sözügedən şəxslərin terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün Suriya Respublikasına getmələri və həmin dövrdən sonra onlardan hər-hansı xəbər alınmaması onların hansısa bədbəxt hadisədən həlak olmalarına güman etməyə kifayət qədər əsas verir. Belə ki, məhkəmə araşdırmasının ilk iki tərkib ünsürünün təhlili zamanı sözügedən şəxslərdən altı ay ərzində xəbər çıxmaması halı müəyyən edilmiş və bu da işin mübahisəsiz hallarındandır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 ölmüş elan edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi oğlu 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 fevral 1975-ci il təvəllüdlü X3 və 13 sentyabr 1962-ci il təvəllüdlü X4 ölmüş elan edilsin. Hazırkı qətnamənin qüvvəyə mindiyi gün X1 və X2 ölüm günü sayılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar