Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1494/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, qonşusu Cavabdeh 1998-ci il tarixdən istifadə etmədiyi aşpaz-qənnadçı attestatının möhürünün tanınmaz vəziyyətə düşməsinə görə yardım göstərib müvafiq dövlət qurumunda təsdiq etdirəcəyinə yalan vəd vermiş, bunun müqabilində ondan 2950 ABŞ dolları pul almışdır. İddiaçı qeyd olunan məbləğləri STB bank vasitəsi ilə həmin şəxsin hesabına ilk dəfə xx.xx.2021-ci il tarixdə 950 ABŞ dolları, sonrakı tarixlərdə xx.xx.2021-ci il tarixdə 700 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 600 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 700 ABŞ dolları köçürmüşdür. Dəfələrlə Cavabdeh zəng edib, söz verdiyi aşpaz attestatının möhürünün tanınmaz vəziyyətdə olması problemini aradan qaldırılmasını və ya pulu geri tələb etsə də, qaçıb yayınmış, müxtəlif bəhanələrlə pulu geri qaytarmaq haqqında əsaslı səbəb gətirmədən səmimiyyətindən, inam və etibarından sui-istifadə edərək pulu mənimsəməklə maddi durumunu çətin vəziyyətə salmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 2950 ABŞ dolları, 71 manat məbləğində dövlət rüsumu və 110 manat hüquqi xidmətə görə vəkilə ödənilmiş pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir, borcu ayda 400-600 manat olmaqla ödəməyə imkanı çatır, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş İddiaçı ərizəsi əsasında 14 iyul 2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 14 iyul 2022-ci il tarixdə Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2021-ci ilin əvvəllərində onunla bir məktəbdə oxuyan İddiaçı Bakı şəhərinə qonaq gələrkən onunla görüşmüş və vəziyyətinin pis olduğunu yeni iş açmaq istədiyini və buna görə də ona maddi köməklik etməyi xahiş etmişdir. N.S. Parlakyıldız onun xahişini qəbul edib ona hissə-hissə 3000 ABŞ dolları göndərmişdir. Bundan başqa N.S. Parlakyıldız aşpaz diplomu olduğunu bildirmiş. Diplomda olan problemi düzəltməyi xahiş edərək ona verdiyi borcdan lazım olduqda xərclərə biləcəyəni bildirmişdir. Cavabdeh Nəcibədən borca aldığı pulu batırmış və sonuncuya olan borcunu hissə-hissə qaytarmağa söz vermişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına ayrı-ayrı vaxtlarda ümumilikdə 2900 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 31 may 2023-cü il tarixli ******* nömrəli vəkil orderindən görünür ki, X2 ilə İddiaçı arasında 31 may 2023-cü il tarixdə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı, cavabdehin məhkəmə iclasında etirafı və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, İddiaçı Cavabdeh 2950 ABŞ dolları pul vəsaiti göndərmişdir, cavabdeh həmin pulu hazırkı günədək iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 2950 (iki min doqquz əlli) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2950 (iki min doqquz əlli) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla), hüquqi yardım üçün vəkilə ödənilmiş 110 (bir yüz on) manat və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1494/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1494/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver