Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-15/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçının Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, 2-ci Fəvvarələr küçəsində yerləşən “X1” yaşayış kompleksinin 6-cı bina, 7-ci mərtəbəsində 66 nömrəli mənzilin (bundan sonra – Mənzil) təmiri məqsədilə xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında təmir müqaviləsi (bundan sonra – Podrat müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək Mənzili tam təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür.
2. Mənzilin təmirinə görə muzdun ümumi məbləği 36 750 manat müəyyən edilmiş, iddiaçı tərəfindən hissə-hissə olmaqla muzdun 31750 manat hissəsi cavabehə ödənilmiş, lakin təmir işləri tam başa çatmamış tərəflər arasında mübahisə yaramış və işlər yarlmçıq saxlanılmışdır.
3. Tərəflər arasında bağlanmış Podrat müqaviləsinə əsasən Mənzildə görüləcək dizayn işləri cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilmişdir.
İddia ərizəsinin və ona etirazların dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdeh tərəfindən 9500 manat məbləğində borcun, o cümlədən 127,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 250 manat pulun, cəmi 9877,5 manat məbləğində vəsaitin iddiaçıya geri ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixdə Podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh Mənzilin xx.xx.2021-ci il tarixinə qədər tam təmir edib İddiaçıya təhvil verməli, iddiaçı isə bunun müqabilində cavabdehə 36750,0 manat məbləğində haqq ödəməli idi. İddiaçı tərəfindən həmçinin 1000 manat məbləğində beh iş başlayan zaman ödənilməli idi. İş prosesində cavabdehə hissə-hissə 31750 manat pul ödənilmişdir, onlardan 17100 manat nəğd ödənilib, qalan 14650 manat isə ödəniş terminalları vasitəsi ilə cavabdeh tərəfindən təqdim edilən bank hesabına nağdsız ödənilib. Sonradan mənzilin qapı hissələri üçün müqavilədən 5000 manat məbləğinin çıxarılmasına dair tərəflər arasında şifahi razılıq əldə olunmuşdur. Belə ki, həmin məbləğə daxil olan aşağıda göstərilən mal materialların iddiaçının özü tərəfindən alınması qərara alınmışdır: 33 m2 parket - 1 m2 35 manat = 1155 manat; ozetka - 48 ədəd, 1 ədəd 7 manat = 336 manat; spot - 46 ədəd, 1 ədəd 7 manat = 322 manat; daxili qapı - 5 ədəd, 1 ədəd 300 manat = 1500 manat; çöl qapı - 1 ədəd - 800 manat; radıator 525 manat, cəmi 4638 manat, qalıq 362 manat iş təhvil alındıqda ödəniləcəkdi, çünki 1000 manat məbləğində beh əvvəlcədən cavabdehə ödənilmişdi. İlk müddətdə cavabdeh tərəfindən işlər vaxtı-vaxtında icra edilirdi. Lakin sonradan cavabdeh tərəfindən işin yubanmağı və keyfiyyətsiz görüldüyü aşkar edilmişdir. Bundan əlavə, cavabdeh işi müqavilə üzrə müəyyən edilmiş müddət ərzində bitirə bilməmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə (mənzil isə xx.xx.2021-ci il tarixdə təhvil verilməli idi) iddiaçı telefonla cavabdehə işin dayandırmasını və ona olan 6300 məbləğində ödənilmiş haqqın geri ödənilməsini tələb etmişdir. Lakin cavabdeh tələb olunan vəsaiti geri ödəməyəcəyini bildirmiş, bu səbəbdən iddiaçı Xətai rayon Polis İdarəsinin 37-ci Poliş Şöbəsinə ərizə ilə müraciət etmiş, hər iki tərəf dindirilib və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Polisə izahatında cavabdeh "xxxx" MMC-ni təsis etdiyini bildirmiş və şirkətin işinin təmir, tikinti və dizayn işi olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzili 3 ay ərzində təmir edib iddiaçıya təqdim etməli olsa da, iddiaçının xahişi ilə mənzilin təmirində 15 gün gecikmə olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçının ona 5000 məbləğində borcu qalmışdır, bunu iddiaçıdan tələb etmiş, lakin iddiaçı borc verməkdən imtina etmiş, əvəzində isə cavabdehdən 6000 manat geri ödənilməsini tələb etmişdir. Mənzilin təmirini tez yekunlaşdırmaq məqsədi ilə iddiaçı təmir işini başqa podratçıya etibar etmiş və hazırda təmir davam etməkdədir. Təmir zamanı cavabdeh tərəfindən işlərin keyfiyyətli icra edilməməsi səbəbindən iddiaçının 3200 manat məbləğində əlavə xərci yaranmışdır, beləcə cavabdeh tərəfindən vurulan ümumi zərər məbləği 9500 manat təşkil etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında bildirdi ki, sonuncu ekspert rəyində suni şəkildə azaltmalar olub, ona görə də iş üzrə birinci ekspert rəyinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
17. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
23. Tərəflər arasında Mənzildə təmir işlərinin həyat keçirilməsi ilə bağlı Podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə Mənzildə təmir işlərinin görülməsini sifariş vermiş, cavabdeh həmin sifarişi qəbul etmiş, tərəflər görüləcək iş və muzd barədə də razılığa gəlmişlər.
24. İddiaçı cavabdeh tərəfindən Mənzildə işlərin natamam və keyfiyyətsiz yerinə yetirildiyini, hətta buna görə başqa bir şəxslə podrat müqaviləsi bağlayaraq qüsurların aradan qaldırılması üçün əlavə zərər çəkdiyini iddia edir.
25. İddiaçının iddia tələbi iki hissədən ibarətdir: birincisi, iddiaçı tərəfindən Mənzilin təmiri üçün əlavə ödənilmiş pul vəsaitinin cavabdehdən geri alınması, ikincisi, cavabdeh tərəfindən Mənzildə təmir işlərinin keyfiyyətli icra edilməməsi səbəbindən dəymiş zərərin cavabdehdən tutulması.
26. Məhkəmə iddiaçının birinci tələbi barədə qeyd edir ki, məhkəmə araşdırması zamanı, eləcə də iş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər bağladıqları Podrat müqaviləsi üzrə Mənzilin təmir işlərinə görə görüləcək işlərin həcmini və ödənilməli muzdu ilkin olaraq aralarında razılaşdırmışlar. Belə ki, Podrat müqaviləsində muzdun 36 750 manat olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, öncə Mənzilin təmirinə görə iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pul vəsaitinin verilməsi müəyyən edilməlidir. İş materialları əsasında müəyyən olunur ki, Mənzilin təmirinə görə iddiaçı tərəfindən cavabdehə 31 750 manat məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, iddiaçı tərəfindən cavabdehə əvvəlcə 36 750 manat məbləğində pul vəsaitinin verilməsi razılaşdırılsa da, sonradan iddiaçı Mənzil üçün qapıları özü alacağı üçün 5000 manat məbləğində pul vəsaitini ümumi ödəniləcək məbləğdən çıxaraq cəmi 31 750 manat məbləğində pul vəsaitini cavabdehə vermişdir. Digər bir tərəfdən, Mənzilin təmirinə görə iddiaçı tərəfindən cavabdehə 31 750 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı tərəflər arasında mübahisə də yoxdur. Cavabdeh iddiaçının bu dəlillərini təkzib edəcək məhkəməyə heç bir sübut təqdim etməmişdir.
27. İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsini cavabdehdən tələb etməyə haqlıdır. Lakin məhkəmə podrat müqaviləsi üzrə ödənilmiş pulun xərclənməmiş hissəsinin miqdarına qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın vermiş olduğu rəy, yəni 3-16-16/2-10/4691 saylı xx.xx.2023-cü il tarixli rəyi əsas götürülməlidir. Məhkəmə bu anda iş üzrə təyin edilmiş birinci xx.xx.2023-cü il tarixli ekspert rəyinin əsas götürülməməsi ilə bağlı qeyd edir ki, sözügedən ekspert rəyində ekspert həm iddiaçı, həm də cavabdeh tərəfindən çəkilmiş xərclərlə bağlı cədvəl şəklində iki smeta təqdim etmişdir. Təqdim edilmiş smeta əsasında aparılmış təmir xərclərini hesblamışdır. Lakin hər iki smeta müqayisə edilərkən müəyyən edilir ki, cavabdeh tərəfindən çəkilmiş xərclərə görə tərtib edilmiş smeta cədvəlinin 3-cü bölməsində tavan və divarlara üzlüyün çəkilməsi və hamarlanmasına dair təmir xərcləri üçün işin 1 kv.m-nin dəyəri 10 manat, iddiaçı tərəfindən təmir işlərinin görülməsini əks etdirən smetada isə eyni təmir işinin aparılması üçün 1 kv.m-n dəyəri 5 manat (baxmayaraq ki, iddiaçı tərəfindən əlavə olaraq emulsiyanın vurulması da qeyd edilmişdir) məbləğində göstərilmişdir. Həmçinin, birinci rəyi vermiş ekspert məhkəmə iclasında dindirilərkən iki smetada eyni tikinti materialının qiymətinin fərqli hesalanmasını izah edə bilməmiş. Sözügedən ekspert rəyində qeyd olunmuş ziddiyətli məsələlərlə əlaqədar iş üzrə təkrar ekspertizanın təyin edilmiş, verilmiş ikinci ekspert rəyində isə birinci sualla bağlı əvvəlki və sonrakı ekspert rəyləri arasındakı fərqin bəzi tikinti materiallarının və iş həcmlərinin dəqiqləşdirilməsi göstərilmişdir. Məhz bu əsaslara görə məhkəmə hesab edir ki, iş üzrə hesablamalar aparılarkən özündə ziddiyyətli olan ekspert rəyi nəzərə alına bilməz.
28. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
29. 3-16-16/2-10/4691 saylı xx.xx.2023-cü il tarixli rəydən məlum olur ki, iddiaçının mülkiyyətində olan Mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 27025,50 manat məbləğində olduğu müəyyən edilir. Ümumi xərcin məbləği 27025,50 manat ödənilmiş pul məbləğindən çıxılmaqla 4724,50 (31 750 – 27025,50 = 4724,50) manat təşkil edir. Tərəflər arasında bağlanmış Podrat müqaviləsinə əsasən Mənzildə görüləcək dizayn işləri iddiaçıya hədiyyə edilmişdir. İş üzrə mövcud olan hər iki ekspertiza rəyində isə dizayn xərcləri ekspert tərəfindən 1770 manat məbləğində qiymətləndirilmişdir. Dizayn işlərinin cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilməsi nəzərə alındıqda Mənzilin tikintisinə sərf edilməmiş pul vəsaitinin məbləği 6494,50 manat məbləğində müəyyən edilir. İddiaçı isə Mənzilin təmirinə xərclənməmiş 6300 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etdiyindən, iddia tələbi həmin hissədə tam təmin edilərək 6300 manat məbləğində Mənzilin təmirinə görə ödənilmiş, lakin təmirə sərf edilməmiş 6300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Məhkəmə iddiaçının ikinci tələbi ilə bağlı yəni, işlərin keyfiyyətsiz (qüsurlu) yerinə yetirilib-yetirilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, podratçının işi (podratın nəticəsini) qüsursuz yerinə yetirməsi öhdəliyi Mülki Məcəllənin yuxarıda qeyd edilən 762-ci maddəsində nəzərdə tutulmuşdur. Ümumiyətlə, podratın nətiəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur: birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Tərəflər arasında təmir işlərinin keyfiyyəti ilə bağlı əvvəlcədən müəyyən edilmiş hər hansı şərt mövcud deyil. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olmalıdır. Podratın nəticəsinin adi istifadə üçün yararlı olması, nəticənin sifarişçinin arzuladığı adi keyfiyyət və istifadəyə uyğun gəlməsini nəzərdə tutur.
31. Cavabdeh tərəfindən yerinə yetirilmiş işlərin keyfiyyətsizliyi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, şərh edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən təmir işlərinin keyfiyyətsiz yerinə yetirilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir.
32. Məhkəmə iddia tələbinin 3200 manat əlavə çəkilmiş xərclərə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə iki əsasa görə təmin edilməməlidir. Birincisi, işin mübahisəsiz halları ilə də müəyyən edilir ki, iddiaçı tərəfindən Mənzilin tam təmiri üçün tapşıdırlmış işlər, tərəflər arasıda mübahisə yaranma səbəbindən, tam başa çatdırılmamışdır. İşlərin başa çatdırılmasını dayandırmağı isə iddiaçı tələb etmişdir. Bu halda, iddiaçının sonradan təmir işlərinin başa çatdırılması üçün əlavə işlər gördürməsi və buna görə xərc çəkməsi ağlabatandır. Lakin o da nəzərə alınmalıdır ki, iddiaçı cavabdehə Mənzlin tam təmiri üçün 31750 manat pul vermiş, görülmüş işlərin dəyəri müəyyən edildikdən sonra (ekspert rəyinə əsasən) tələb etdiyi qalan 6300 manat pulun ona qaytarılması hissəsində iddiası təmin edilmişdir. Yəni, iddiaçı cavabdeh tərəfindən görülməli olan, lakin özünün təklifi ilə başa çatdırılmayan işin dəyərini geri qaytarılmasını tələb etmiş, iddiası həmin hissədə təmin edilmişdir.
33. İkincisi, iddiaçı işlərin yarlmçıq saxlanmasını işlərin keyfiyyatəsiz yerinə yetirilməsi və buna görə əlavə xərc çəkməsi ilə əsaslandırmış, lakin işlərin cavabdeh tərəfindən keyfiyyətsiz yerinə yetirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir (bu barədə yuxarıda ətraflı şərh edilmişdir). Beləliklə, şərh edilənlərə əsasən iddiaçının iddiası 3200 manat pulun tutulması hissəsində təmin edilə bilməz.
34. Məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsmunun, ekspertiza xərci və hüquqi yardım göstərilməsi üçün ödənilmiş xərcin tutulması hissəsində qismən – iddianın təmin edilməsi nisbətində (iddia tələbi təqribən 66% nisbətdə təmin edilməlidir) tərəflərə aid edilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 6300 manat pul vəsaiti, 165 manat məbləğində hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaiti və 84,15 manat dövlət rüsumu olmaqla, cəmi 6424,50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 43,35 manat hissəsi İddiaçı aid edilsin. 100 manat ekspertiza xərcinin 66 manat hissəsi Cavabdeh, 34 manat hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı