Məhkəmə qərarları › İş №2(011)-1556/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1556/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1556/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi üzrə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 19 nömrəli fərdi yaşayış evi 04 mart 2015-ci il tarixdən iddiaçılara məxsusdur, hər ikisi fərdi yaşayış evi üzrə payçıdırlar, evin ½ hissəsi hərəsinə pay olaraq məxsusdur, həmin evin qeydiyyatında Cavabdeh olmasına baxmayaraq, cavabdehin onlara məxsus fərdi yaşayış evin qeydiyyatında olması formal xarakter daşıyır, belə ki, cavabdeh 2015-ci il tarixdən başlayaraq hal-hazıradək qeydiyyatda olduğu ünvanda yaşamır. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 30.03.2022-ci il tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehlərin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.01.2022-ci il tarixli “Elektron Notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 19-da qeydiyyatda olan şəxslər Cavabdeh, X4, X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 adına 04.03.2015-ci il tarixdə qeydiyyata alınmışdır, bu barədə dövlət reyestrində 154 nömrəli reyestr kitabının 14143 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 adına 04.03.2015-ci il tarixdə qeydiyyata alınmışdır, bu barədə dövlət reyestrində 154 nömrəli reyestr kitabının 14143 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-in BQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19 –da qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19 04.03.2015-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı2, ½ hissədə İddiaçı1 məxsusdur, cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq 2015-ci il tarixdən orada yaşamır, mənzildən istifadə etmir. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19-dan istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər, məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19 -dan qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi ev 19-a istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar