Məhkəmə qərarları › İş №2(011)-1557/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1557/2022

17.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1557/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər və onların yetkinlik yaşına çatmayan azyaşlı övladı 2015-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzilə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, 170 saylı xx.xx.1987-ci il tarixli orderə əsasən ünvan 2 ünvanında yerləşən 905 saylı 1 otaqlı mənzil (bundan sonra – Mənzil) iddiaçının sahibliyinə verilmişdir. Mənzildə əvvəllər məcburi köçkün ailəsi məskunlaşdığından iddiaçı orada yaşamamışdır. Cavabdehlər Mənzili sonradan Rafina İbrahimova adlı şəxsdən pul müqabilində almışlar. Rafina İbrahimova isə Mənzili Fizuli rayonundan məcburi köçkün olan Oktay Zeynalovdan almışdır. Mənzilin alınmasına dair heç vaxt rəsmi qaydada alqısatqı müqaviləsi bağlanmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, Mənzil 170 saylı orderlə ona məxsusdur. Çıxarmaq istədiyi şəxslərin kim olmasından və onların Mənzilə necə və hansı yolla qeydiyyata düşməsindən xəbəri olmamışdır. Cavabdelər və onların yetkinlik yaşına çatmayan azyaşlı övladının Mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə mülkiyyətçinin hüququna əsassız müdaxilə təşkil edir və iddiaçı onların həmin mənzildə formal qeydiyyatda olmasına görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Cavabdeh2 yazılı etirazında qeyd etmişdir ki, o 2009-cu ilin yay aylarında Əhmədli metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Tağı və Eldar adlı şəxslərə müraciət edərək, 1 otaqlı ucuz qiymətə olan bir ev almaq istədiyini bildirmişdir. Ona mübahisəli mənzili gətirmişlər. Mənzildə yaşayan X3 adlı şəxslə Mənzili dəyərini 21000 ABŞ dollarnına almağa razılaşmışlar. Ev-alqı satqısı ilə məşğul olan şəxslər isə mənzilin sənədləşdirilməsini öz üzərilərinə götürmüşlər. O da tələb olunan məbləği verdikdən bir neçə gün sonra, həmin mənzilə köçmüşdür. Lakin bu şəxslər mənzilin sənədlərini düzəldib ona təqdim etməmişlər. Aranı sakitləşdirmək üçün onları qeydiyyata salmışlar. Aldandığını başa düşmüş Xətai rayonun Prokurorluğuna və Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsində aparılmış araşdırılma ilə müəyyən edilmişdir ki, yataqxanadakı həmin otaq boş bir otaq olub, Füzuli rayonundan məcburi köçkün düşmüş bir şəxs həmin otağı zəbt edib, 2005-ci ilə qədər orada yaşayıb, 2005-ci ildə isə həmin otağı X2 verib. X3 da öz növbəsində onun pulunu alıb, otağı ona verib. 13 ildir ki, fasiləsiz olaraq ailə üzvləri ilə bu otaqda yaşayır, kommunal xidmət xərclərini ödəyir, qeydiyyatdaydadır, qeydiyyatını isə Dövlət orqanları qanuni və əsaslı şəkildə həll etmişdilər. Məhkəmə baxışı zamanı iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin vəkili və nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının aydınlaşdırılmasına zərurət vardır. İşin faktiki hallarından da göründüyü kimi, xx.xx.1987-ci il tarixli 170 saylı orderə əsasən Mənzil iddiaçının sahibliyində və istifadəsində olsa da, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı sahibliyində və istifadəsində olan Mənzilə dair mülkiyyət hüququna gözləntisi vardır. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbii xassələrindən istifadə etmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Mənzilə dair mülkiyyətə gözləntisi olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin mövcudluğu iş materialları ilə tam sübuta yetirilir. İşin mübahisəsiz halıdır ki, Mənzil order əsasında iddiaçıya məxsusdur və buna artıq yuxarıda məhkəmə tərəfindən hüquqi qiymət verildiyindən yenidən şərh edilməsinə zərurət yoxdur. İkinci dispozitiv şərtin olması, yəni Mənzilin başqa şəxsin (cavabdehin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Cavabdeh2 iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, hal-hazırda ailə üzvləri ilə birlikdə həmin Mənzildə yaşayır. İşin bu halı həm də üçüncü dizpozitiv şərtin mövcudluğuna əsas verir. Çünki Mənzil iddiaçıya məxsus olduğu halda cavabdehlər heç bir qanuni əsas olmadan onun Mənzilində yaşayırlar. Bu isə əmlakın (Mənzilin) cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin olması barədə qənaətə gəlməyə tam əsas vermiş olur. Beləliklə, bütün şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə cavabdehlərin Mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, çünki iddiaçı Mənzilin qanuni sahibidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanun mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat verir. Bu təminat daxilində mülkiyyətçi, digər şəxslərin hüquqlarını pozmadan öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna malikdir, eləcə də digər şəxslər tərəfindən hüquqlarının pozulmasından qanunla müəyyən edilmiş üsul və vasitələrlə müdafiə olunmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin Mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməməlidir. İş materillarında olan 118 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 2417 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər və onların yetkinlik yaşına çatmayan övladları X4 2020-ci il tarixdə Mənzildə qeydiyyata alınmışdırlar. Lakin məhkəmə qeyd edir ki, şəxsin hər hansı mənzildə (evdə) pasport qeydiyyatına alınması istifadə hüququnun yaranması üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd edi ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimlənir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərin və onların Mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq polis orqanına müraciət etmək, müraciəti təmin olunmadığı halda polis orqanının qərarından, yaxud hərəkətsizliyindən inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar