Məhkəmə qərarları › İş №2(011)-1657/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1657/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1657/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi X3 doğum yeri barədə qeydin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx xxxxxx 1976-cı il tarixdə ünvan 1 ünvanında dünyaya gəlmişdir. Onun atası X7, anası isə X5 olmuşdur. Sonradan atası şəxsiyyət vəsiqəsi alarkən orada adı Nadir kimi qeyd olunmuşdur. Ərizəçi dünyaya gəldikdən bir neçə gün sonra valideynləri onu Gürcüstana aparmış, onun burada dünyaya gəlməsi barədə doğum haqqında şəhadətnamə əldə etmişdirlər. Ərizəçi Bakı şəhərində evdə dünyaya gəlmiş, onun doğumuna xalası X4 köməklik göstərmişdir. Ərizəçinin anası 1970- 1980-ci illər arasında Bakı şəhəri 12 saylı tam orta məktəbdə kitabxanaçı və kiçik texniki işçi vəzifələrində işləmişdir. X6 1983-cü ildə Xətai rayonu, A.S.Xəlilov adına 263 nömrəli orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 1993-cü ildə həmin orta məktəbin tam orta təhsil kursunu bitirmişdir. Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə çağırışçı kimi Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Bir müddət öncə Bakı şəhəri Nizami rayon prokuroru X6 barəsində həbs qətiimkan tədbirinin seçilməsi barədə təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, dövlətlərarası axtarışda olan X1 Federasiyası ərazisində törətdiyi zorlama cinayətinə görə Rusiya Federasiyası, Astarxan şəhəri, Lenin Rayon Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 131-ci maddəsinin 2-ci hissəsinin a və b bəndləri lə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən İnterpol kanalları və beynəlxalq axtarış elan edilməklə sonuncunun olduğu yerin müəyyən edilməsi xahiş olunmuşdur. Hal-hazırda Azərbaycan Respublikası vətəndaşı kimi xarici dövlətə verilmənin qeyri-mümkünlüyünü müəyyənləşdirmək üçün X3 xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Bununla bağlı maraqlı şəxsə müraciət olunsa da, oradan imtina verilmişdir. Daha sonra ərizəçi X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ərizəçi X3 doğum yerinin Gürcüstan Respublikası qeyd edilməsi barədə qeydin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 öz izahatında bildirdi ki, o, 1975- 1980-ci illərdə Qazaxda işləmişdir. Ərizəçi onun övladıdır. O, Köhnə Günəşlidə bina evində anadan olmuşdur. Ərizəçini nənəsi Gürcüstan Respublikasına aparmış və orada onu qeydiyyata almışdırlar. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 öz izahatında bildirdi ki, o, ərizəçinin anasıdır. Samir xx xxxxxx 1976-cı ildə Köhnə Günəşlidə bina evində anadan olmuşdur. O, ailənin ikinci uşağıdır. Ərizəçi ev şəraitində anadan olmuşdur. Onun qayınanası ərizəçini özü ilə birlikdə Gürcüstan Respublikasına aparmış, orada uşağın peyvənd olunması üçün poliklinikaya aparılması səbəbi ilə ona doğum şəhadətnaməsi alınması zərurəti yaranmış və bu səbəbdən də uşağın sənədini orada qeydiyyata almışlar. Onlar bir neçə ay sonra Bakıya qayıtmışlar. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, o, ərizəçinin bibisidir. O illərdə tələbə olduğundan qardaşı Nadir Süleymanovun evində yaşamışdır. Ərizəçi xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, o, ərizəçinin xalasıdır. Ərizəçi dünyaya gələn zaman o bacısının yanında olmuşdur. O zamanlar tibb universitetinin tələbəsi olmuşdur. Qonşuda yaşayan qadınla birlikdə bacının uşağı dünyaya gətirməsi prosesində iştirak etmiş və köməkli göstərmişdir. Hazırda da həkim çalışır. Ərizəçi Köhnə Günəşli qəsəbəsində bina evində anadan olmuşdur. O, məktəbi də Azərbaycan Respublikasında bitirmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, X6 xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə Gürcüstan Respublikası ərazisində verilmiş, şəhadətnamədə doğum yeri Marneuli rayonu kimi qeyd edilmişdir. Ərizəçi 1983-cü ildə Bakı şəhərində yerləşən 263 nömrəli məktəbin 1-ci sinfinə qəbul olunmuş, 1993-cü ildə həmin məktəbin tam orta təhsil kursunu bitirmişdir. O, xx xxxxxx 1993-cü ildə çağırışçı kimi Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığına hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X3 doğum haqqında şəhadətnaməsi Gürcüstan Respublikasında alındığından növbəti dəfə ona Azərbaycan Respublikasında doğum haqqında şəhadətnamənin verilməsinin və ya doğum faktının məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olduğu bildirilmiş, təkrar doğum haqqında şəhadətnaməni Gürcüstan Respublikasından əldə edilə biləcəyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə tədqiq olunan sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi X6 xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun doğumu Gürcüstan Respublikasında qeydə alınmış, ona doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə ərizəçinin doğum yeri Marneuli rayonu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.7-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin qərarın 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir. Həmin qərarın 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. Həmin qərarın 7-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. xx xxxxxxx 2003-cü il tarixdə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının” 1.4-cü bəndinə əsasən, Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Gürcüstan Respublikası tərəfindən verilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ərizəçi X3 doğum yerinin Gürcüstan SSRİ, Marneuli rayonu, Kaçaqan kəndi qeyd edilməsi barədə qeydin düzgün olmaması müəyyən edilməli, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ərizəçi X3 akt qeydində “doğum yeri” qrafasında düzəliş edilərək Azərbaycan Respublikası, Bakı şəhəri kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Gürcüstan Respublikası tərəfindən verilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ərizəçi X3 doğum yerinin Gürcüstan SSRİ, Marneuli rayonu, Kaçaqan kəndi qeyd edilməsi barədə qeydin düzgün olmaması müəyyən edilsin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ərizəçi X3 akt qeydində “doğum yeri” qrafasında düzəliş edilərək Azərbaycan Respublikası, Bakı şəhəri kimi qeyd olunsun. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar