Məhkəmə qərarları › İş №2(011)-166/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-166/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-166/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh MTK (bundan sonra cavabdeh) ilə arasında bağlanmış 02 oktyabr 2006-cı il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev və Telnov küçələrinin kəsişməsində 2346-2347 məhəllə ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 14-cü giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.7 kv.m olan üç yaşayış otağından ibarət mənzili, 50280 Amerika dolları məbləğinə satmış və dəyərini tam olaraq ondan almışdır. Bunu təsdiq edən sənədlər, yəni ödənilmiş pullara dair maliyyə arayışları verilmişdir. O, cavabdehlə arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, cavabdeh tərəf 2007-ci ilin dekabr ayında ona mənzil təhvil verməsi öhdəliyini bu günə kimi icra etməmişdir. Nəticədə o, ağır maddi zərərlərə düçar olmuşdur. Belə ki, mənzil ona vaxtında verilmədiyi üçün o, bu müddətdə müvəqqəti yaşayış sahəsi ilə təmin olunmasına xeyli miqdarda pul vəsaiti xərcləmişdir. O, hesab edir ki, iddia tələbində haqlıdır və mənzil veriləcəyi adı ilə ondan alınmış, ümumilikdə 50280 Amerika dolları məbləğində olan pulların, müqavilə üzrə mənzilin ona təhvil verilməli olduğu 2007-ci ilin dekabr ayından hesablanmaqla ondan alınmış ümumi məbləğin, yəni 50280 Amerika dollarının illik beş faiz dərəcəsində kompensasiyası və iddiasına baxılması üçün məhkəməyə köçürdüyü 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb ona qaytarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə arasında bağlanmış 02 oktyabr 2006-cı il tarixli müqavilə əsasında ondan alınmış 50280 ABŞ dollarının ödəniləcək günə manata məzənnəsinin və 50280 ABŞ dollarının 14 il ərzində onun iradə və istəyinə zidd olaraq saxlanıldığı müddətə görə, yəni 2007-ci ilin dekabr ayından hesablanan, illik beş faiz dərəcəsində kompensasiyanın, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 30 manatın Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan və təqdim edilmiş sübutlar əsasında keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 02 oktyabr 2006-cı il tarixli müqavilə, ilkin ödəniş qəbzi, maliyyə arayışlarının kserosurətləri təqdim edilmişdir. İş materialarında olan məktubdan görünür ki, İddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin və ya notarial qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmin iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələri). Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə belə qərara almışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş sübutetmə vəzifəsinə uyğun olaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutların əslini, yaxud lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməmiş, məhkəmə proseslərində iştirak etməmiş, məhkəməyə dəfələrlə ərizə (teleqram) göndərərək, mülki işə təqdim etdiyi sübutlar əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutların əslini, yaxud lazımi qaydada təsdiq edilmiş surətlərini təqdim etmədiyindən, həmin sübutlar əsasında işə baxılaraq obyektiv qərar qəbul edilməsi qeyrimümkün olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş pulun və həmin pulun qanunsuz saxlanıldığı müddətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar