Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1685/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi yaında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Elektron qaydada iddiaçının adı qeyd edilən Sosial arayışa görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış, iddiaçı fəhlə vəzifəsinə təyin olunmaqla ona 200 manat əmək haqqı müəyyən edilmişdir. Sosial arayışa görə həmin əmək müqaviləsi qüvvədədir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
2. İddiaçı X1 cavabdehlə onun arasında mövcud olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsnin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, müxtəlif şirkətlərdə fəhlə, qazmaçı peşələri üzrə çalışmışdır. Sonuncu iş yeri "Mələk-22” MMC olmuşdur. 12 oktyabr 2023-cü il tarixdə onunla olan əmək müqaviləsinə xitam verilib və həmin müəssisədən işdən çıxmışdır. Bu ilin noyabr ayında maddi vəziyyəti çətin olması ilə bağlı sosial yardım alınması üçün müraciət edərkən ona məlum olmuşdur ki, X1 cavabdehlə onun arasında xx.xx.2024-cü il tarixdə bağlanmış və hal-hazırda qüvvədə olan əmək müqaviləsi var və mən həmin müəssisədə fəhlə qismində çalışır. Halbuki, bu müəssisədə işləmir və əmək müqaviləsinin mövcud olmasından xəbəri yoxdur. Əmək müqaviləsinin qüvvədə olması səbəbindən o nə sosial yardım üçün müraciət edə, nə də işə düzələ bilir. cavabdehin rəhbərliyinin yeri ona məlum deyil və həmin müəssisənin hüquqi ünvanına müraciət heç bir nəticə verməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
8. Maddə 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
9. Maddə 42.2 Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
10. Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
11. Maddə 44.1 Əmək müqaviləsi yazılı formada bağlanır.
12. Maddə 44.2 Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.
13. Maddə 44.3 Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
14. Maddə 46.5 Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
21. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsasları kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin hüquqi əsasını müəyyənləşdirməlidir.
22. İşin müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı ilə əmək müqaviləsinin bağlanması barədə X1 məlumatlar qeydə alınsa da, əslində iddiaçı ilə cavabdeh arasında hər hansı əmək müqaviləsi bağlanmamış, ümumiyyətlə reallıqda hər hansı qaydada əmək münasibətləri yaranmamışdır.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin tərəfləri, əmək müqaviləsinin məzmunu, əmək müqaviləsinin forması ilə bağlı müddəalardan da göründüyü kimi, əmək müqaviləsi iki tərəfin (işçi və işəgötürən) razılığı və iradəsini ifadə edən yazılı formada bağlanır. Əmək müqaviləsinin yazılı formada bağlanması, müqaviləni bağlayan tərəfindən onu imzalaması müqavilənin etibarlılığı üçün ən vacib şərtlərdəndir.
24. İddiaçı məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, cavabdeh Cəmiyyəti tanımır, orada işləməmiş, onunla aralarında heç bir əmək münasibətləri yaranmamış və mövcud olmamışdır. Bu halda isə məhkəmə hesab edir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi ən vacib şərtlərdən olan müqavilənin işçi tərəfindən imzalanması, yəni onun müqavilənin bağlanması üçün iradə ifadəsinin mövcud olması şərti mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilənlər yəni, əmək müqaviləsinin yalnız işəgötürən tərəfindən tərtib edilməsi isə, mahiyyət etibarı ilə, əmək müqaviləsinə xitam verilməsinin deyil, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsasdır.
25. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və işin məhkəmədə araşdırılan faktiki hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanılmış əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmadığından etibarsız hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı