Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1703/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24 sentyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının işlədiyi Cavabdeh marketinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi, məhkəməyə çəkdiyi xərclər və ödədiyi bütün rüsumların iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17 mart 2020-ci ildə Hövsan qəsəbəsində olan Cavabdeh marketində kassir vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə nümunəvi işçi olmuşdur, dəfələrlə mükafatlandırılmışdır. İddiaçının heç bir zaman töhməti olmamışdır. O, hər zaman işində məsuliyyətli olmuşdur. Marketdə müştərilərin alış-verişi üçün bonus kartı yaradılmışdır, bu kart vasitəsi ilə müştəri bir alışverişində 20 manat məbləğini keçərsə 1 faiz güzəşt bonusu əldə edir. 21 sentyabr 2021-ci il tarixdə iddiaçı kassasına su içməkdən qayıtdığı zaman onu əvəz edən depo şefi Mərahim Səfərov adlı şəxs 30 manatlıq alış-veriş edən müştərini bonus kartı ilə qəbul edib yola salmışdır. İddiaçı gələndə həmin müştəri orada olmamış, getmişdir və həmin müştərinin kartı sistemdə qalmışdır. Bundan sonra iddiaçı kassaya qayıtmış, müştərilərin endirimli məhsul alması üçün 16 fərqli müştərinin tələbi ilə endirim etmək üçün birinci müştərinin endirim kartı istifadə edilmişdir. Endirim iddiaçının kassasından edilmiş, endirimi tək iddiaçı yox, o naharda olduğu vaxtda onu kassada əvəz edən əməkdaşlar etmişdir. Həmin əməkdaşlar Nuray Quliyeva və Türkanə Qasımova olmuşdur. İddiaçı bunu müştərilərin razı getməsi üçün etmişdir. Müştərinin endirim kartından istifadə qadağası barədə işçilərə heç bir məlumat verilməmişdir. Onların başlıca məqsədi müştəriləri hər zaman razı salmaq olmuşdur. Daha sonra iddiaçının iş günü bitmiş, 17:00-da evə getmişəm, ona axşam rəhbərlikdən mesaj gəlmiş, bir daha etməməsi barədə xəbərdarlıq edilmişdir. Növbəti gün iddiaçı işə getdikdə ona nöqsan etdiyi üçün işdən çıxarıldığı bildirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin f bəndi ilə xitam verilmişdir. Lakin iddiaçı heç bir cinayət tərkibli ictimatitəhlükəli əmələ yol verməmiş və iş yerində heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, izahatında iddiaçının dəfələrlə öz vəzifələrinin icrası ilə əlaqədar şifahi və yazılı şəkildə təlimatlandırılmasına baxmayaraq pozuntuları törətməkdə davam etməsini, öz vəzifə öhdəliklərini layiqincə icra etmədiyini, öhdəliyini kobudcasına pozduğunu və nəticədə işəgötürənə maddi və mənəvi ziyan vurduğunu bildirdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdehin arasında 17 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı 17 mart 2020-ci il tarixli 680K saylı əmrlə Cəmiyyətin pərakəndə satış departamentində kassir vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 24 sentyabr 2021-ci il tarixli 2511K saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 23.09.2021-ci il tarixli 21 saylı protokolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutaraq 24.09.2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin 23.09.2021-ci il tarixli aktına əsasən, Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı 23.09.2021-ci il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də 17 mart 2020-ci il tarixdə pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmiş, 24 sentyabr 2021-ci il tarixdə isə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Hazırkı mübahisədən isə müəyyən olunur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb işçi tərəfindən bonus kartı olan müştəriyə xidmət göstərilib onun bonus kartı istifadə edildikdən sonra növbəti müştərilərə də onların bonus kartı olmamasına baxmayaraq keçmiş müştərinin bonus kartı tətbiq edilməklə müəyyən güzəştlər edilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının etdiyi əməllərdən hər hansı bir mənfəət qazanması halı müəyyən edilməmişdir. İddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, mağaza rəhbərliyi tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsi üçün belə hərəkətlərin icra olunmasına yol verilmişdir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi müəyyən edilmədiyindən, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin iddiaçı ilk dəfə məhkəməyə 09 dekabr 2021-ci ildə müraciət etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh MMC-nin 24 sentyabr 2021-ci il tarixli, 2511 K saylı əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-yə pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməli, iddiaçıya 24 sentyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, banka müraciət edərək rüsumdan azad edildiyini bildirmiş və rüsumun ona geri ödənilməsini xahiş etmişdir. İddiaçı bankdan rüsumun ona geri qaytarılacağı barədə məlumat almışdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin 24 sentyabr 2021-ci il tarixli, 2511 K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 24 sentyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1703/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1703/2022
01.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver