Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-171/2022 05.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 38000 manat, təmirə çəkilmiş 25257 manat xərcin, 11894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin cavabdeh "xxxx" MMC-dən 220 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı Cavabdeh1 22.04.2019-cu il tarixli A- 005/2019 nömrəli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən tikilmiş Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili 38000 manata alıb. Mənzili iddiaçı Cavabdeh1 notarial qaydada imzalanmış 22.04.2019-cu il tarixli ilkin müqavilə ilə alıb. Yuxarıda qeyd edilən məbləğin 34000 manatını notarial qaydada şəxsən Cavabdeh1 özünə ödəyib. Qalan məbləğ isə MMC-də mənzilin alınmasına görə çəkilən xərclərdir. Ümumilikdə, həmin mənzilin təkcə alınmasına 38000 manat pul vəsaiti ödəyib. Belə ki, mənzilin 38000 manat almaqla bağlı ilkin razılıq əldə edildi və Cavabdeh1 bildirdi ki, notariat kontorunda iddiaçıya 34000 manatı versə də qalan pul vəsaitini "xxxx" MMC-yə rəsmiləşdirilmə zamanı elə iddiaçı özü verər. İddiaçı da qalan vəsaiti Ayxan Qocayeva təqdim edərək evə dair maliyyə arayışını aldı və müqaviləni təsdiq etdirdi. Beləliklə, ümumilikdə təmirsiz mənzilə iddiaçı razılaşdırılmış 38000 manatı tam ödəmişdir. Həmçinin, daha sonra 220 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməklə su sayğacının qoyulmasını da təmin etdi. Mənzili aldıqdan sonra o, mənzili təmir edərək ailəsi ilə birlikdə evə köçdü. Lakin, mənzili alandan sonra bir-iki ay sonra iddiaçını məhkəməyə dəvət etdilər. Daha sonra ona məlum oldu ki, Budaqova Könül adlı şəxs iddiaçı və Cavabdeh1 məhkəməyə verdi ki, guya ev ona məxsusdur. İddiaçıya məhkəmədə məlum oldu ki, ona satılan ev iddiaçıya satılanda problemli olub və Cavabdeh1 ev əldən çıxmasın deyə evi iddiaçıya satmış və beləliklə də özünü qurtarmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində Budaqova Könülün iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəmsində iddiası təmin edilmiş və iddiaçıya satılmış evin müqaviləsi etibarsız hesab edilməklə evin Budaqova Könülə verilməsi qət edilmişdir. Məhkəmə prosesi zamanı iddiaçıya məlum olmuşdur, ev iddiaçıya satılan gün Budaqova Könül MMC-yə mənzilin ona məxsus olduğuna dair məktub göndərmiş, hətta Budaqova Könül bir neçə dəfə MMC-nin nümayəndələri və Cavabdeh1 ilə görüşmüşdür. Lakin bunlar barədə Cavabdeh1 iddiaçıya məlumat verməmişdir. İddiaçı bütün pul vəsaitini Cavabdeh1 ödəmiş və həmin vəsaitdən əlavə evin təmirinə çəkilmiş xərcləri də məhz Cavabdeh1 tələb edir. Belə ki, həmin şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Həmçinin, bu illər ərzində həmin məbləğə hesablanmış cərimə və əldən çıxmış fayda da hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Çünki həmin vaxt evlərin qiyməti aşağı olmuş, indi isə mənzillərin hər kvadrat metrinə görə qiymətlər 200 manat armışdır. Belə olan halda, cavabdehdən 11894 manat dəymiş ziyan, illik 5 faiz olmaqla 3800 manat əldən çıxmış fayda alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 20.10.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, İddiaçı tərəfindən su sayğacının quraşdırılması məqsədi ilə cəmiyyətə 200 manat məbləğində pul ödənilmişdir. O, iddianı qəbul etdiyini bildirdi. İddianın cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən etirafı, həmin etiraf qanuna zidd olduğuna görə məhkəmə tərəfindən təsdiq edilmir. Cavabdeh1 20.10.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili İddiaçı satmışdır. Mənzilin dəyərinə görə İddiaçı ona 34000 manat məbləğində pulu ilkin müqavilənin ödənildiyi zaman vermişdir. Qalan 4000 manat məbləğində puldan onun məlumatı yoxdur. Mənzili satdığı zaman həmin mənzilə dair Budaqova Könül adlı şəxsin iddiaların olduğunu bilmirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanılmış 22.04.2019-cu il tarixli İlkin müqavilədən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 olan 1 otaqlı 42 saylı mənzilin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tərəflərin öhdəliyidir; - Göstərilən istifadədə olan mənzilin satış qiyməti 34000 manat məbləğində müəyyən edilir; - Alıcı tərəfindən 34000 manat həmin müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödənilir; - Tərəflər bir il müddətində əsas müqavilənin bağlanması barədə razılığa gəlirlər; - Birinci tərəf Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, mənzilin ikinci tərəfə satılmasını, alqı-satqı müqaviləsinin bağlanılmasını, mənzilin ikinci tərəfin mülkiyyətinə verilməsini öhdəsinə götürür; - İkinci tərəf Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür, Mülki iş materiallarına olan İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış 22.04.2019-cu il tarixli A-005/2019 müqaviləsinin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar: - Alıcı "xxxx" MMC-nin Gəncə proskepkti, 2935A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasının 0,000 səviyyəsində başlayan 1-ci blok 7-ci mərtəbəsindən 1 otaqlı 42 nömrəli mənzili almaq üçün satıcıya müraciət edir və tərəflər bu müqavilə bağlanılır; - Cavabdeh2 MMC-nin Gəncə proskepkti, 2935A ünvanda inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasında 1 otaqlı mənzil 59,47 kv.m. təşkil edir; - Bu müqavilənin ümumi məbləği 33999,59 manat təşkil edir. Mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22.04.2019-cu il tarixli A- 005/2019 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2935A məhəllədə inşa edilmiş binanın 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı 42 nömrəli mənzilin müqavilə dəyərini tam ödəmişdir. İş materiallarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə Bakı şəhəri, Gəncə prospekti, ev 2935A məhəllədə yerləşən ümumi sahəsi 5947, kv.m.olan 42 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı arasında bağlanılmış 22.04.2019-cu il tarixli müqaviləyə əsasən idarəedici təşkilat çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması və təmir üzrə bu Müqavilənin 2 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti keçirməyi, mülkiyyətçi isə bunun müqabilində 20 manat məbləğində aylıq ödənişi aparmağa öhdəsinə götürmüşdürlər. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş smetadan görünür ki, mənzilin təmiri 25257 manat məbləğində dəyərləndirilmişdir. İş materiallarında olan X3 tərəfindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə ünvanlanmış 18.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehlərə pulların ödənilməsi ilə bağlı müraciət etmişdir. Mülki iş materiallarında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli 2(011)-6346/2019 nömrəli Qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh1 və İddiaçı Ədil oğluna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(103)1081/2020 nömrəli Qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2(011)-6349/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Gəncə prospekti. 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində, sahəsi 59,47 kv.m. olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış 14.01.2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı Ədil oğlu arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.03.2021ci il tarixli 2(102)-1327/2021 nömrəli Qərarının surətindən görünür ki, cavabdeh "xxxx" MMC və cavabdeh İddiaçı Ədil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Mülki iş üzrə sübut qismində təqdim edilmiş Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanılmış “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilə”, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanılmış müqavilə, Cavabdeh1 adına verilmiş kassa mədaxil orderinin qəbzlərin və çıxarışın surətləri hazırkı mülki iş üçün əhəmiyyət kəsb edən hallar və ya faktlarla əlaqədar olmadığına görə məhkəmə tərəfindən sübut qismində nəzərə alınmır. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddianın Cavabdeh1 mənzilin alınmasına görə ödənilmiş 38000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları və işdə olan sübutlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 22.04.2019-cu il tarixli ilkin müqavilədə nəzərdə tutulmuş öhdəlik, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m. olan 1 otaqlı, 42 saylı mənzilinin alqı-satqısına dair əsas müqaviləni bağlamaq öhdəliyi müəyyən edilmiş bir il müddətində yerinə yetirilməmişdir. Belə olan halda, ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış ilkin müqavilə üzrə öhdəliklər icra edilməsə də, və həmin müqavilə üzrə öhdəliklərə xitam verilsə də, Cavabdeh1 mənzilin ilkin müqavilədə nəzərdə tutulmuş dəyərini, yəni 34000 manatı iddiaçıdan əvvəlcədən alaraq həyata keçirilməmiş əsasla iddiaçının hesabına varlanmışdır. Belə olan halda, iddiaçı 34000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia mənzilin dəyərinə görə ödənilmiş 34000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin dəyərinə görə 38000 manat məbləğində pul vəsaitinin ödənildiyini iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia mənzilin dəyərinə görə 38000 manatdan qalan 4000 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın təmirə çəkilmiş 25257 manat xərcin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, yuxarıda istinad edilən maddə ilə tənzimlənən münasibətlərin bir tərəfi əmlakın mülkiyyətçisi, digəri isə qanunsuz sahibidir. Hazırkı mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan geri alınan mənzilin mülkiyyətçisi deyil, və o, həmin mənzilin təmirindən də faydalanan şəxs deyildir. Odur ki, Cavabdeh1 Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzilin təmirinə çəkdiyi məsrəfləri geri ödəmək öhdəliyinin daşıyıcısı deyil. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddia təmirə çəkilmiş 25257 manat xərcin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın "xxxx" MMC-dən 220 manata vəsaitin alınaraq İddiaçı ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək qərara alır ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə təşkil edir. Həmin maddənin müddəalarına görə mənzilin su ilə təchiz edilməsi məqsədi ilə sayğacın quraşdırıması üçün ödənilmiş 220 manat məbləğində pul vəsaitinin İddiaçı geri ödənilməsi öhdəliyinin daşıyıcısı "xxxx" MMC olmadığına görə iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın 11894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın Cavabdeh1 tutularaq iddiaçı X2 ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanın dəydiyini, həmin məbləğə hesablanmış cərimə və əldən çıxmış faydanı hesablandığını iddia etsə də, onun tərəfindən dəymiş ziyanın əsaslandırılması üçün ziyanın aradan qaldırılması məqsədi ilə çəkdiyi və ya çəkməli olduğu xərclər, əldə edəcəyi gəlirlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Odur ki, iddia 11894 manat dəymiş ziyanın və 3800 manat əldən çıxmış faydanın Cavabdeh1 iddiaçı X2 ödənilməsi hissəsində sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 34000,00 (otuz dörd min manat) məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq cavabdeh İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-171/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-171/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver