Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1717/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialına və qeyrisinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialına və Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun işdən azad olunmağı ilə bağlı müvafiq əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə işə bərpa olunması, məcburi iş buraxdığı müddət üçün əmək haqqının tam ödənilməsi və mənəvi zərərə görə 10000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bu tələb ilə bağlı iddia ərizəsini xx.xx.2021-ci il tarixində poçtla rayon məhkəməsinə göndərmişdir və 2(011)-6345/2021 saylı iş üzrə qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, mediasiya prosesində iştirak ilə bağlı tələbə riayət olunmayıb. İddiaçının iddia ərizəsi göndərdiyi gün (xx.xx.2021) mediasiya ilə bağlı tələb məcburi olmamış, lakin sonradan iddiaçı mediasiyaya müraciət etmiş və müvafiq arayışı bu iddia ərizəsinə əlavə etmişdir. İddiaçı 2016-cı ildən cavabdeh tərəfindən “hüquqşünas” vəzifəsinə işə qəbul edilmişdir. İşə qəbul olunduqdan sonra cavabdehin ünvan 1 ünvanında yerləşən filialında, daha sonra isə ofis yeni ünvana köçdüyündən (Bakı şəhəri, O.Rəcəbli 25D) həmin ünvanda işləmiş və işlədiyi müddət ərzində öz üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirmişdir. Lakin 2021-ci ilin may ayında iddiaçıya bildirmişlər ki, ofis bağlanır və işdən azad olunur. Daha sonra 2021-ci ilin iyun ayında iddiaçıya deyilib ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən xitam veriləcək və işini xx.xx.2021-ci il tarixinədək davam etdirməlidir. xx.xx.2021-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi iddiaçıya bildirilmişdir. Lakin iddiaçıya buna nə səbəb olub, hansı əsasla rəsmiləşib və s. heç bir məlumat verilməyib. Hal-hazırda iddiaçı xx.xx.2021-ci il tarixindən işə buraxılmır və cavabdehin nümayəndələrinin dediklərinə görə işdən azad olunmuşdur. İddiaçı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, işdən azad edilməzdən əvvəl, işdən azad edilməyinin səbəbləri rəsmi qaydada ona bildirilməmişdir. İddiaçı hesab edir ki, onu işdən azad etmə əmri (əgər varsa) qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçının işə bərpa olunması təmin edilməlidir. Çünki cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas verən hər hansı hal baş verməmişdir və iddiaçının işdən azad edilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən irəli gəlmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən onun işdən azad olunması ilə bağlı verilmiş 74 saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun Teymur Əhmədov adına "xxxx" QSC-yə yenidən işə qəbul edilməsi haqqında cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin və işdən azad edilməsinə dair verilmiş 06 saylı, xx.xx.2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Teymur Əhmədov adına "xxxx" QSC-yə hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona verilməsi, habelə cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində kompensasiyanın müştərək qaydada Teymur Əhmədov adına "xxxx" QSC-dən və Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən onun işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmrin, "xxxx" QSC-nin onun işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi, habelə "xxxx" QSC-nin 30 saylı xx.xx.2022-ci il tarixli əmrinə uyğun olaraq onun "xxxx" QSC-yə yenidən işə bərpa edilməsi barədə məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Teymur Əhmədov adına "xxxx" QSC-yə həvalə edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq işə bərpa olunması barədə məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə daxil edilməsi tarixinədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona ödənilməsi, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona verilməsi, habelə cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində kompensasiyanın müştərək qaydada Teymur Əhmədov adına "xxxx" QSC-dən və Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grande Trading” filialı və Teymur Əhmədov adına "xxxx" QSC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərii barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 74 saylı əmrinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06 saylı əmrinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş İddiaçı ilə bağlı verilmiş əmrlərin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 30 saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 74 nömrəli əmr, İddiaçı əvvəlki işinə bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixli, 125 nömrəli əmr, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 6 nömrəli əmr ləğv edilmiş, xx.xx.2021-ci il tarixdən məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilmiş, əmrin icrası "xxxx" QSC-nin kadrlar şöbəsinə həvalə edilmiş və İddiaçı ilə "xxxx" QSC arasında yaranmış əmək münasibətlərinin axımı xx.xx.2021-ci il tarixdən davam etməsi hesab edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı məxsus hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən əmək haqqı ödənilməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 82 nömrəli əmrlə "xxxx" QSC-nə hüquqşünas vəzifəsinə təyin edilmiş, bununla bağlı tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. İddiasının əsası kimi adından "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədəki imzanın ona məxsus olmadığını göstərmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixli 125 nömrəli əmrlə "xxxx" QSC-nə əvvəlki işinə bərpa edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 30 saylı əmri ilə yuxarıda qeyd edilən cavabdeh tərəfindən verilmiş xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi əmr edilmiş və iddiaçı ilə əmək münasibətləri xx.xx.2021-ci il tarixdən davam etdirilmişdir. Buna səbəb olaraq isə cavabdeh tərəfindən həmin əmrlər (xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli) verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması göstərilmişdir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı “cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən onun işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, "xxxx" QSC-nin onun işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi”ni tələb etməkdə haqlıdır. Ona görə ki, qeyd edilən əmrlər cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edildiyi üçün ləğv edildiyindən, həmin əmrlər barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlər də silinməlidir. Odur ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin davam etməsi müəyyən edildiyindən, "xxxx" QSC-nin 30 saylı xx.xx.2022-ci il tarixli əmrinə uyğun olaraq İddiaçı "xxxx" QSC-yə yenidən işə bərpa edilməsi barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə həvalə edilməlidir. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri davam etdirildiyindən, xx.xx.2021-ci il tarixdən başlayaraq iddiaçı yenidən işə çıxdığı vaxtadək ona məcburi işburaxma dövrü üçün əmək haqqı hesablanaraq ödənilməli və iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə iddianın “əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən ona verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən qəbul edilmiş əsassız əmrlər nəticəsində iddiaçı məcburi olaraq iş buraxmış və bununla da əmək haqqının ona verilməsi gecikdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Sadalanan xüsusatlara əsasən, əmək haqqının gecikdirilməsinə görə xx.xx.2021ci il tarixdən başlayaraq əmək haqqının ödənildiyi günədək hər gün üçün 1 faiz məbləğində hesablanmaqla pul vəsaiti cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində kompensasiyanın müştərək qaydada Teymur Əhmədov adına "xxxx" QSC-dən və Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grande Trading” filialından tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən İddiaçı işdən azad olunması ilə bağlı verilmiş 74 saylı xx.xx.2021-ci il tarixli əmri, Teymur Əhmədov adına "xxxx" QSCnin İddiaçı işə bərpa edilməsi haqqında verilmiş 125 nömrəli xx.xx.2021-ci il tarixli əmri və işdən azad edilməsinə dair verilmiş 06 saylı xx.xx.2022-ci il tarixli əmri barədə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa edilməsinə dair müvafiq məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat daxil edilməsi vəzifəsi Teymur Əhmədov adına "xxxx" QSC-nə həvalə edilsin. xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödənc Teymur Əhmədov adına "xxxx" QSC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1717/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1717/2022
13.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver