Məhkəmə qərarları › İş №2(011)-1723/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1723/2021

18.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1723/2021 18.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyinin səbəbi, dərəcəsi və müddətinin əmələ gəlməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin tələbi Xətai rayonu üzrə TSEK tərəfindən müayinədən keçməsi və buna uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi barədə barədədir, ərizə xüsusi icraat qaydasında verilmişdir, ərizəçi azadlıqdan məhrumetmə növündə cəza çəkir. Bununla bərabər, əlillik dərəcəsinin qiymətləndirilməsi ərizəçinin əvvəlcə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edilməsindən asılı olaraq mümkün olduğu halda, ərizəçinin həmin müəssisədə müayinədən keçməsi iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd edir ki, ərizəçinin, qanunvericiliyə əsasən əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi müəssisədə müayinədən keçməsi zəruridir və bu müstəqil olaraq müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Hazırkı iş üzrə isə ərizəçi azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən o, əvvəlcə əlilliyin müəyyən olunması üçün müayinədən keçməsi, tələb olunan sənədlərin hazırlanması və zona TSEK-a göndərilməsi üçün cəza çəkdiyi müəssisənin rəisinə ərizə ilə müraciət etməli, bundan sonra isə cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi məqsədilə müəssisənin tibb hissəsinə göndərməlidir. Göründüyü kimi, ərizəçi cəzaçəkmə müəssisəsi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Xidmətinə), onun qərarından asılı olaraq müvafiq məhkəməyə müraciət etməli olduğu halda, ərizə ilə birbaşa məhkəməyə müraciət etmişdir ki, bu da ərizənin məhkəmə qaydasında baxılmasını istisna edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri baçqa qaydada ala bilmədiyi halda müəyyən edir ki, bu faktlar da hüquqi nəticələrin yaranmasına səbəb olmalıdır. Lakin ərizədən və ona əlavə olunmuş materiallarından göründüyü kimi hazırkı müraciət birbaşa hüquqi nəticələrə səbəb olmamaqla əllilliyin müəyyən olunması üçün zəruri sənədlərin əldə edilməsi ilə bağlıdır. Qeyd edilənlər də ərizənin məhkəmə tərəfiondən icraata qəbul edilərək xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ərizəçi oxşar məzmunlu ərizə ilə əvvəllər də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4244/2020 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardaddan şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. ərizəçi tərəfindən qərardadda göstərilənlər nəzərə alınmadan oxşar məzmunlu ərizə ilə təkrar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlilliyin qiymətləndirilməsi qaydası”-nın 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Tibbi-Sosial Ekspertiza və X1 vasitəsi ilə aparılır. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə pensiya və müavinətlərin təyin olunması və ödənilməsi uçun sənədlərin rəsmiləşdirilməsi qaydası haqqında Təlimatının 2.7-ci bəndinə əsasən, əlilliyə görə pensiyalar, məhkumun əlliliyi təsdiq edildikdən sonra rəsmiləşdirilir. Məhkumun əlliliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1997-ci il tarixli, 93 N-li qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” və xx xxxxxx 1997-ci il tarixli, 99 N-li qərarı ilə təsdiq olunmuş “Əlilliyi müəyyən olunması meyarlarına dair” Əsasnamələrində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Həmin Təlimatın 2.8-ci bəndinə əsasən, məhkum, əlilliyin müəyyən olunması üçün müayinədən keçməsi, tələb olunan sənədlərin hazırlanması və zona TSEK-a göndərilməsi üçün cəza çəkdiyi müəssisənin rəisinə ərizə ilə müraciət edir.Cəzaçəkmə müəssisəsinin rəisi məhkumu ilkin həkim müayinəsindən keçməsi üçün müəssisənin tibb hissəsinə göndərir. Məhkumun xəstəliyi aşkar edildikdə, o, ilkin həkim müayinəsinin nəticələri haqqında tərtib olunmuş sənədlərlə birlikdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bunan sonra PX) tabeliyində olan müalicə müəssisəsinin xüsusi həkim komissiyasına göndərilir. Müalicə müəssisəsinin xüsusi həkim komissiyası məhkumun xəstəliyini təsdiq edərsə, zona TSEK-a təqdim edilməsi üçün onun adına göndəriş vərəqəsi tərtib edir (3-cü əlavə). Məhkum həmin vərəqə ilə birlikdə, onun saxlandağı cəzaçəkmə müəssisəsinə qaytarılır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun əlilliyinin müəyyən edilməsi üçün toplanmış sənədləri zona TSEK-ına göndərir. Çona TSEK-ı məhkumun əlilliyinin müəyyən olunması üçün qərar qəğul etmək məqsədilə vaxtı əvvəlcədən bildirilməklə, cəzaçəkmə müəssisəsinə baş çəkir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “əlilliyinin səbəbi, dərəcəsi və müddətinin əmələ gəlməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçinin nəzərinə çatdırılır ki, cəza çəkdiyi müəssisənin vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar