Məhkəmə qərarları › İş №2(011)-1738/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1738/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1738/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07.06.202-ci il təvəllüdlü X6 doğum faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11.05.2022-ci il tarixdə Ərizəçi ərizəsini dəqiqləşdirərək, 07.06.2020-ci il təvəllüdlü X6 Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, 14.11.2012ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuşdurlar, rəsmi nikahdan bir azyaşlı övladları 07.06.2020-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir, oğlu 7 iyun 2020-ci il tarixdə maddi şərait pis olduğundan ev şəraitində anadan olmuşdur, doğum ev şəraitində olsa da, bu zaman tibb bacısı olan anası X7 və qonşusu X5 iştirak etmişdir, uşaq tam sağlamdır və 22 saylı poliklinikada qeydiyyatdadır, bugünə kimi ona doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır, uşaq ev şəraitində doğulduğundan və xəstəxana kağızlarını qeydiyyat şöbəsinə təqdim etmədiyindən maraqlı şəxs doğum haqqında şəhadətnamə verilməsindən imtina etmiş, bu barədə məhkəməyə müraciət etməyini bildirmişlər, hazırda oğlunun nə doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqəsi vardır, uşaq ev şəraitində doğulsa da, şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olmalıdır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. 11.05.2022-ci il tarixli məhkəmə iclasında 10.08.1994-cü il təvəllüdlü X4 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi bacısıdır, özü uşağın dayısıdır, uşaq doğulan zaman ona zəng vurmuş və bildirmişlər ki, dayı olmuşdur, uşaq ev şəraitində dünyaya gəlmişdir, karantin dövrü idi, maddi vəziyyət aşağı idi, bu səbəbdən ev şəraitində doğulub, adı Uğurdur, ərizəçinin iki uşağı var. 11.05.2022-ci il tarixli məhkəmə iclasında 23.06.1957-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi qızıdır, uşaq isə nəvəsidir, iki nəvəsi var, pul olmadığından ev şəraitində dünyaya gəlmişdir, uşağın adı Uğurdur. İş materiallarında olan AZ-İ seriyalı 816068 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X3 14.11.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu barədə 1975 № ilə qeyd edilmişdir. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixdə verilmiş 22 №-li şəhər poliklinikası tərəfindən verilmiş 7 №-li Arayışdan görünür ki, 07.06.2020-ci il tarixdə doğulmuş kişi cinsi olan uşaq X11 19.01.2022-ci il tarixdə 22 saylı poliklinikada qeydiyyata götürülmüşdür, sağlamdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X1 366 nömrəli ekspert rəyindən görünür ki, X6 müəyyən edilmiş sümük yaşı 1,5-2 ilə uyğun gəlir. İş materiallarında olan 271-05/15 saylı məktubdan görünür ki, Ərizəçi 27.01.2022-ci il tarixdə Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş lakin, 07.06.2020-ci ildə doğulmuş uşağın doğum faktını təsdiq edən tibbi sənəd olmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən iş materialları tərəfindən müəyyən olunur ki, X11 07.06.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, anası Ərizəçi, atası X13, “cinsi “kişi”, milliyyəti “azərbaycanlı”dır, o, hal-hazırda 22 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır, onun doğum haqqında şəhadətnaməsi yoxdur və doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarına əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X6 07.06.2020-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 07.06.2020-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “X11”, doğum tarixi “07.06.2020-ci il”, doğum yeri “Bakı”, ata qrafasında “X13”, ana qrafasında “Ərizəçi”, cinsi “kişi”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar