Məhkəmə qərarları › İş №2(011)-1740/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1740/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1740/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçıa şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Xəqani küçəsi, ev 123-129 ünvanında yerləşən və “Çorbaçı” adlanan restoranda oranın rəhbərləri - iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da oktyabr-noyabr aylarında şifahi müqavilə əsasında elektrik, santexnik avadanlıqların quraşdırılması, stolların, qapı və pəncərələrin təmiri və s. işləri görmüşdür, ilk olaraq ona bu işləri Cavabdeh1 demiş, gündəlik 40 manata razılaşmışlar, Cavabdeh2 isə arabir oraya gəlmiş, onun gördüyü işlərə baxaraq bu işləri bəyənmişdir, cavabdehlər işləri gördükcə onun pulunu vermiş, lakin sonda 600 manat pul qalmış, onu ödəyəcəklərini vəd etmişdilər. Odur ki, o, bu məbləğlə razılaşaraq bütün təmir işlərini icra etmiş və tapşırılan işləri noyabr ayında bitirmiş, hətta həmin təmir işləri üçün zəruri olan tikinti materiallarının məhz onun tərəfindən alqısatqısına dair qəbzlər və qaimələr mövcuddur, noyabr ayında Cavabdeh2 kassadakı şəxsə onun pulunu verməsini demiş, həmin axşam isə orada ortalıq qarışmış, Cavabdeh1 və Cavabdeh2 bir-birləri ilə mübahsiə aparmışlar, o dəfələrlə pulunun qaytarılması üçün cavabdehlərə müraciət etmiş, lakin bu günə kimi cavabdehlər müxtəlif bəhanələrlə ona nəzərdə tutulan ödənişin edilməsindən yayınırlar. Hər iki cavabdehə etdiyi müraciətlərdə pulu ödəyəcəklərini bildirsələr də, onlar faktiki olaraq pulu ödəməkdən boyun qaçırırlar. Başqa gəlir yeri olmadığı üçün o, fərqli yerlərdən aldığı sifarişlərə əsasən fəhlə işlərinə görə qazandığı məvaciblə ailəsini dolandırır, odur ki, oktvabr-noyabr aylarında cavabdehlər tərəfindən vəd edilən pul ona ödənilmədiyi üçün üçün hazırda ailəsini dolandırmaqda maddi çətinlik yaşayır, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şifahi müqavilə əsasında xidmət haqqı kimi vəd etdikləri və ona ödənilməmiş 600 manat pulu müştərək qaydada ödəməlidirlər. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 ilkin izahat verərək bildirmişdir ki, iddiaçını tanımır və ona hər hansı bir iş gördürməyib, ona məxsus olan restoranı Cavabdeh1 verib, şifahi razılaşıblar ki, ortaq olsunlar, Cavabdeh1 isə həm ona, həm də orada işlətdiyi digər şəxslərə qarşı dələduzluq edib, pullarını verməyib, hazırda Cavabdeh1 ilə aralarında pula görə mübahisə var, iddiaçı pulu ondan istədikdə vəziyyəti ona da bildirmişdir və iddiaçıya təklif etmişdir ki, o da Cavabdeh1 şikayət etsin, lakin iddiaçı etməmişdir. O özü iddiaçıya heç bir iş tapşırmamış və onunla hər hansı bir iş görməmişdir. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “qaimə-fakturalar və əlyazmalar”dan görünür ki, həmin sənədlərdə müxtəlif əşyaların alınması və işlərin görülməsinə dair qeydlər aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehlərdən 600 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədədir, iddiaçı, cavabdehlərə məxsus olan restoranda onların tapşırığı əsasında müxtəlif təmirquraşdırma işləri gördüyünü, xidmət haqqı və istifadə edilmiş əşyaların pulu kimi cavabdehlərin ona 600 manat borcları qaldığını bildirir, Cavabdeh2 iddia tələbini qəbul etmir, iddiaçını tanımadığını və ona hər hansı iş tapşırmadığını qeyd edir. Bununla belə, cavabdehlərin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Lakin tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği ilə bağlı tərəflər arasında hər hansı yazılı bir əqdin (müqavilənin) olmadığı bir vəziyyətdə, iddiaçının, məhz cavabdehlərin tapşırığı əsasında onlara məxsus restoranda işləri yerinə yetirdiyinə və bu işlərə dair cavabdehlərin ona 600 manat borcun qalması hallarına dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materriallarından da göründüyü kimi iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, iddiaçının təqdim etdiyi “qaimə-faktura” və əlyazmaları sübut kimi qəbul etmir, çünki həmin məlumatlar müəyyən tikinti materiallarına dair siyahını ehtiva etsə də, tərəflərin işgüzar yazışmalara dair faktar və hallarla əlaqədar deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçıa şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçıa şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar