Məhkəmə qərarları › İş №2(011)-1754/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1754/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1754/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 195 nömrəli Sərəncamı ilə ünvan 1, 50 saylı mənzil iddiaçının istifadəsinə verilmişdir və Sərəncam əsasında istifadəsinə verilmiş mənzil sənəd üzərində onun istifadəsindədir. Belə ki, mənzil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (cavabdehlər) tərəfindən zəbt edilmişdir. Cavabdehlər Cəbrayıl rayonundan məcburi köçkün düşmüşlər və iddiaçının istifadəsinə verilmiş ünvan 1, 50 saylı mənzilə daxil olaraq bu günə kimi yaşamaqda davam edirlər. İddiaçı xüsusi olaraq qeyd edir ki, qeyd edilən mənzil ilə bağlı xx.xx.1993-cü il tarixli 012508 nömrəli order belə mövcuddur. İddiaçının cavabdehlərə bir mənalı formada şifahi olaraq mənzildən çıxmaları barədə etdiyi müraciətlərin bu günə kimi heç bir müsbət həlli olmamışdır. İddiaçı cavabdehlərin mənzilindən çıxarılması ilə bağlı aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etsə də, sonuncu məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmiş, nəticədə iddiaçı məcbur olub pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər iddiaçıya məxsus evdə yaşayır və bu da mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mülkiyyətində olan mənzildən istifadə edə bilməməsinə səbəb olur. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə yaşamaları iddiaçını narahat edir, cavabdehlərin mənzildə yaşamasına son vermək və cavabdehlərin mənzildən çıxarılması məhkəmə qaydasında həll edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlərin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1, 50 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 94 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 513 saylı 07 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 qəzə və Cavabdeh3 ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 21 dekabr 1993-cü il tarixli 195 nömrəli Sərəncamından görünür ki, ünvan 1, 50 saylı mənzil İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan 22 dekabr 1993-cü il tarixli 012508 nömrəli orderin surətindən görünür ki, ünvan 1, 50 saylı mənzil order əsasında İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2024-cü il tarixli məktubundan məlum olur ki, məktubdan adları şəkilən vətəndaşlar – Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, 24/22 yarımçıq tikili ünvanında faktiki məskunlaşmış, Quliyeva X1 rayonu, 4 saylı qəsəbə, ev 128 ünvanında qeydiyyatda olmaqla və həmin ünvanda məskunlaşmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya order əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1, 50 saylı mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar