Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1772/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi’’ barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1985-ci ildən etibarən bu günədək Azərbaycan Respublikasında yaşaması faktının və başqa bir ölkənin vətəndaşı olmamağı faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1958-ci il tarixində Ermənistan SSR, Yerəvan şəhərində dünyaya gəlmişdir. 1985-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonuna köçmüşdür. O, xx.xx.1985-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı olan X7 ilə rəsmi nikaha daxil olmuşdur. Nikah məhz Azərbaycan Respubliaksının qanunvericiliyinə uyğun olaraq qeydə alınmış, Qubadlı rayonu Mollu kənd X5 İcraiyyə Komitəsi tərəfindən 4 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan üç övlad dünyaya gəlmişdir. Övladları da Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Nikaha daxil olduğu vaxtdan bu günədək o ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasında yaşamışdır. 1990-cı ildən isə Qubadlı rayonundan köçərək Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllədə yerləşən fərdi yaşayış evində bir il kirayədə qalmışdırlar. Daha sonra, ona məxsus olan hal-hazırda da yaşadıqları ünvan 1 ünvanında məskunlaşmışdırlar. Övladları da həmin ərazidə yerləşən 245 nömrəli orta məktəbdə təhsil almışlar. Həmçinin, Azərbaycan Respublikasına köçdükdən sonra da 1985-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olduğundan əmək kitabçası ona təqdim edilmişdir. xx.xx.1990-cı ildən etibarən SSRİ pasportu ona təqdim edilmiş, həmin pasportda Azərbaycanlı olmağı qeyd edilmişdir. Onu da qeyd edim ki, 1985-ci ildə Yerəvandan qeydiyyatdan çıxmış və xx.xx.1985-ci il tarixində Qubadlı rayonuna pasport qeydiyyatına alınmışdır. Həmin vaxtdan etibarən isə ona təqdim edilmiş SSR pasportdan istifadə etmişdir. Lakin, ona daha sonra məlum olmuşdur ki, SSR pasportu hüquqi qüvvədən düşmüşdür. Onun pasport qeydiyyatı olmadığından və ona məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olmadığından o, heç bir ölkəyə gedə bilmir. Hazırda SSR pasportunun isə qüvvəsi olmadığından özünü qaçaq kimi hiss edir, belə ki, bu pasportun heç bir hüquqi qüvvəsi yoxdur, ölkə ərazində heç bir şey edə bilmir. Bu səbəbdən də, hər hansı sənədləşmə işləri apara bilmir, qarşısına bir sıra problemlər çıxır. Belə ki, onun bütün ailə üzvləri, həyat yoldaşı, övladları Azərbaycan Respublikasının vətəndaşıdırlar. Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə də ona təqdim olunmuş ******* saylı, xx.xx.2021ci il tarixli arayışa əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı bildirilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası ərazisində 1985-ci ildən bu günədək yaşamağı faktı və başqa bir ölkənin vətəndaşı olmadığı faktı məhkəmə tərəfindən işə xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməlidir. Bütün bu səbəblərdən o, ədalət mühakiməsini həyata keçirən, qanun aliliyini üstün tutan məhkəməyə müraciət ertmək qərarına gəlmişdir. Odur ki, uzun illər Azərbaycan Respublikasının ərazisində yaşama faktının və başqa bir ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasına dair qətnamənin qəbul olunmasını xahiş edir. Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı oluduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 173344 saylı xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan SSR, Yerəvan şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci ildə 1671 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1985-cı il tarixdə rəsmi nikaha daxil olublar. Nikaha daxil olduqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş X1 valideynləri qrafasında atası X7, anası X2 qeyd edilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş X3 valideynləri qrafasında atası X7, anası X2 qeyd edilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 valideynləri qrafasında atası X7, anası X2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı arayışından görünür ki, 01 noyabr 1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 34 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdən hazırki vaxtadək Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 316 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanda 1991-ci ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan XXİİİ № 564604 saylı Sovet İttifaqı vətəndaşının pasportundan görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə doğulmuşdur və mövcud qeydlər Rus dilində aparılmışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi onun 1985-ci ildən bu günə qədər Azərbaycan Respublikasında yaşaması və heç bir dövlətin vətəndaşı olmamasına dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Yerəvan şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1772/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1772/2024
15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver