Məhkəmə qərarları › İş №2(011)-1774/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1774/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1774/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh El-Ex MMC-yə qarşı qiymətləndirmə nəticəsinin ləğv edilməsinə və sair tələblərə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh El-Ex MMC-yə qarşı qiymətləndirmə nəticəsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1- ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbatycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, İcra Haqqında Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-2493/2013 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək İddiaçı ilə cavabdeh X1 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5A saylı evin 12 saylı mənzilinə dair ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-2840/2016 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh X1 birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5A saylı evin 12 saylı mənzilinin açıq hərracdan satılaraq pul məbləğinin tərəflərin paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5A saylı evin 12 saylı mənzilinin bazar dəyəri 80000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu bakıxanov qəsəbəsi Xasməmmədov küçəsi 5A saylı evin 12 saylı mənzilinin real bazar dəyəri ½ hissədə ərizəçinin payına düşən hissə 28000 manat təşkil edir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı icra sənədinin icrası zamanı icra məmurunun sifarişi əsasında alınmış Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, R01/54/21 saylı ekspert rəyini, dolayısı ilə icra məmurunun hərəkətlərini mübahisələndirmişdir. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırki işin predmeti olan qiymətləndirmə rəyi ilə bağlı icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadında qərara almışdır ki, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisə hərracın keçirilməsinədək olan dövrdə yarandığından yaxud ümumiyyətlə hərrac keçirilmədiyindən icra icraatı çərçivəsində mənzilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli, İddiaçı icra icraatı çərçivəsində mənzilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.1, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh El-Ex MMC-yə qarşı qiymətləndirmə nəticəsinin ləğv edilməsinə və sair tələblərə dair 2(011)-1774/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı çərçivəsində mənzilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar