Məhkəmə qərarları › İş №2(011)-1791/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1791/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1791/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh AR İN yanında ƏMDX-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5 ünvanda birinci mərtəbədə sahəsi 76,2 kv.m.olan qeyri-yaşayış sahəsinin icarəsinə verilməsi barədə hazırki iddia tələbi üzrə 3-cü cavabdeh olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə 2013-cü ildə icarə müqaviləsini bağlamış və həmin tarixdən həmin ölçüdə olan qeyri-yaşayış sahəsi icarəsinə verilmişdir. Sonradan həmin qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirməklə həmin sahədən mənzil kimi istifadə etmiş və hazırda da etməkdədir. Sonradan sözügedən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2616 nömrəli reyestr kitabının 243783 nömrəli vərəqində 02 mart 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 ilə istifadələrində olan qeyri-yaşayış sahələrinin istifadəsi ilə bağlı dəfələrlə məhkəmə mübahisələri ilə iddiaçının icarəsinə verilmiş 76,2 kv.m. qeyri yaşayış sahəsi ilə üst-üstə düşməsi və düşməməsi kimi hallar müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013 cü il tarixli, 2(011)-3125/2013 saylı məhkəmə qətnaməsində (hakim R.Ataşova) həmin mülki iş üzrə keçirilmiş xx.xx.2013-cü il tarixli, 3125 M-li ekspert rəyində göstərilən ünvanda ünvan 1də olan 8,1 kv.m. sahə ilə iddiaçının icarəsində olan 76,2 kv.m. sahə ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin, yəni mübahisəli əmlak üzərində ekspertiza keçirilən zaman və məhkəmə prosesi ərzində həmin 8,1 kv.m. qeyri yaşayış sahəsi Cavabdeh2 tərəfindən "zəbt edilmiş sahə" kimi onun faktiki istifadəsində olmuşdur. Qeyd edilən 8.1.kv.m. qeyri-yaşayış sahəsinə dair 2014-cü il tarixdə cavabdehlər Cavabdeh1lə Dövlət Əmlak komitəsi arasında bağlanmışdır və həmin sənəd Cavabdeh1 apellyasiya şikayətinə əlavə edilərək həmin instansiya məhkəməsinə daxil olmuşdur. Başqa bir halda həmin rayon məhkəməsinin 2(011)-8969/2017 №-li, 2017-ci il tarixli qərardadına əsasən 1C saylı mənzilinin mətbəxinin qarşısında bitişik 8,2 kv.m. ölçüsü olan ünvan 8 saylı evin, 1C mənzili ilə qonşu sahələr olmaqla bir-biri ilə əlaqəli olmaması, həmçinin həmin rəydə "mübahisələndirilən 8,2 kv.m. ölçüsü olan sahə Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 8,7 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə daxil olmaqla üst-üstə düşdüyü müəyyən edilmişdir". Cavabdeh1 icarəsində olan 8,7 kv.m. qeyri-yaşayış sahəsi iddiaçının mənzilinin mətbəxin əks tərəfində yerləşir. Ekspert rəyindən belə başa düşülür ki, Cavabdeh2 tərəfindən zəbt edilmiş sahəsi 8,2 kv.m. olan sahə ilə atası Cavabdeh1 icarəsində olan 8.7 kv.m. sahəyə daxil olması və üst-üstə düşməsi müəyyən edilmişdir. Aralarında mövcud olmuş hüquqi mübahisələrlə əlaqədar çıxarılmış məhkəmə qətnamələrində qeyd edilən ünvanda sahəsi 8,7 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 məxsus olması, həmin ünvanda qonşu sahədə ölçüsü 8,2 kv.m. olan qeyri-yaşayış sahəsinin faktiki olaraq Cavabdeh2 faktiki istifadəsində olması müəyyən edilmişdir, 8,7 kv.m. ölçüdə qeyri yaşayış sahəsinin onun icarəsinə verilməsi barədə müqavilə işə baxan məhkəmələrə təqdim edilməmişdir. (həmçinin məhkəmənin digər sənədlərində cavabdehə aid olunan qeyriyaşayış sahəsinin müxtəlif ölçülərdə olması 8,1, 8,7, 8,2 kimi qeyri-dəqiq göstərilir). Cavabdeh1lə qeyri-yaşayış sahələrindən istifadə ilə bağlı mövcud olan mübahisənin tam və obyektiv həlli üçün yenidən araşdırma aparılmaqla sözügedən sahələrin üst-üstə düşməsi halı, üst-üstə düşdüyü halda hansı ölçüdə üst-üstə düşməsi halı müəyyən edilməlidir. Eyni ilə araşdırılaraq həmin qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının müvafiq dövlət reyestrində qeydə alınmasına əsas olmuş 1-ci və 3-cü cavabdeh arasında bağlanmış müqavilələrdə müqavilə şərtlərinə əməl olunması araşdırılmalıdır. Belə hesab edirəm ki, arasında bağlanmış icarə, alqı-satqı müqavilələri bağlanarkən daşınmaz əmlak üzərində bağlanan müqavilələrə dair tələb edilən şərtlər pozulmuşdur, həmin şərtlərdin biri də müqavilənin predmeti olan əmlakı yerində və naturada alıcıya təhvil verilməsindən ibarətdir ki, 3-cü cavabdeh bunu etməmişdir. Belə ki, iddia tələbi ilə bağlı məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddia üzrə birinci Cavabdeh1 ilə 3-cü cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 2014-cü il tarixdə icarə müqaviləsi bağlanır. Bağlanmış həmin icarə müqaviləsinə əsasən ünvan 2-ci yaşayış binasının zirzəmisində sahəsi 9,1 kv.m olan sahə Cavabdeh1 icarəsinə verilir. Eyni ilə 21 fevral 2014-cü il tarixidə satıcı qismində Dövlət Əmlak Komitəsi ilə alıcı qismində çıxış edən Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanır və həmin alqı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanda sahəsi 8,7 kv.m. olan qeyri-yaşayış sahəsi alıcı Cavabdeh1 satılır, sonradan, yəni xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5 mülkiyyət hüququ əsasında Cavabdeh1 adına əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 12477 nömrəli vərəqində qeydə alınmışdır. İddia tələbində qeyd edilən əvvəlcədən zəbt edilmiş, sonradan isə həmin mübahisəli sahəyə dair hüquqları əldə etmək məqsədi ilə 8,2 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsi iddiaçının hüquqlarını pozur. İddiaçının qeyd etdiyi kimi mülkiyyətində olan 76.2 kv.m-lik mənzil əvvəllər qeyri-yaşayış sahəsinə aid olmuşdur, sonralar Xətai rayon İcra Hakimiyyətinin sərəncamı ilə yaşayış sahəsinə çevrilmişdir, bununla bağlı həmin qeyri yaşayış sahəsini rekonstruksiya edib yaşayış üçün yararlı hala salmaqla mətbəxdən çölə baxan hissəyə pəncərə açmışdır. Cavabdeh2 həmin pəncərəni açmağa mane olmaq üçün boş sahəni zəbt etməklə iddiaçıya maneə törətmişdir. Sonradan bağlanmış icarə müqaviləsi Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini zəbt etməkdə ifadə olunan hərəkəti qanuniləşdirilməsinə xidmət etmişdir. Buna görədə həmin əqd etibarsız hesab edilməlidir. İddiaçının tələbi: Cavabdeh1 ilə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2014-cü il tarixli, 6169 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək icarə müqaviləsinin tam etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh1 ərizəçinin tələbinə qarşı yazılı etiraz təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və AR DƏK arasında bağlanmış xx.xx.2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsinin qismən ləğv edilməsi barədə verdiyi iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, hal-hazırda yaşayış sahəsi olmaqla daşınmaz əmlak kimi mülkiyyətində olan ünvan 4 ünvanında olan mənzil Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə 2007-ci ildə Xətai Rayon Mənzil Komunal İdarəsində süpürgəçi işlədiyi üçün ona verilmişdir. Cavabdehin mənzillərinin altında olan mənzilin mətbəxinin xeyli hissəsinin qanunsuz olaraq ona verilməsindən istifadə edərək, iddiaçının mənzildə yaşamasına maneələr yaradır, yuxarıda yaşadığı üçün mənzilə müntəzəm olaraq kanalizasiya və çirkab suları axıdır, iddiaçı dəfələrlə aidiyyəti orqanlara müraciət etsə də, heç bir tədbir görməmişlər, məqsədləri də odur ki, onun üçün dözülməz şərait yaratsınlar ki, mənzildən çıxsın. Qanunsuz verilən həmin sahəni onun mətbəxindən ayıran divar mənzilin də tərkibinə daxil olduğu binanın layihə sənədlərində nəzərdə tutulmamış və yol verilən bu qanunsuz hallara qədər də, həmin qanunsuz tikilən divar mövcud olmamışdır, məhz həmin müqavilənin bağlanması ilə əlaqədar qanunsuzluqlara hüquqi don geyindirmək üçün, yaşadığı binanın layihə sənədlərində nəzərdə tutulmayan həmin qanunsuz divar hörülmüşdür, mətbəxində tikilən qanunsuz divarın binanın layihə sənədlərində olmaması mənzilin sxemi ilə də təsdiq olunur, iddiaçı bir neçə dəfə məhkəməyə müraciət etmiş, lakin cavabdehin xeyrinə qərarlar çıxarılmışdır. Hazırda iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin mətbəxindən cavabdeh tərəfindən zəbt edilmiş, sonradan özəlləşdirilmiş qeyri-yaşayış sahəsinə görə istifadə edə bilmir. İddia tələbində qeyd edilən əvvəlcədən zəbt edilmiş, sonradan isə həmin mübahisəli sahəyə dair hüquqları əldə etmək məqsədi ilə 8,2 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsi iddiaçının hüquqlarını pozur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nüamyəndəsi X2 izahat verərək bildirdi ki, eyni mübahisə ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş Qərarı vardır. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh1 nümayəndəsi R.Mərdiyev izahat verərək bildirdi ki, bu iddiaçı ilə ilk mübahisələri deyildir, iddiaçı, mübahisəli mənzildə ortaq divarda qanunsuz olaraq pəncərə açmış, bu səbəbdən atası iddia tələbi ilə 2018-ci il tarixində məhkəməyə müraciət etmişdir, qətnamə ilə onun iddia tələbi təmin edilmiş, ortaq divarda iddiaçı tərəfindən inşa edilən pəncərənin iddiaçının öz hesabına sökülməsi və sökülmüş divar tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir, həmin qətnamədən iddiaçı yuxarı instansiyalara şikayət vermiş, mülki iş Ali Məhkəməyə qədər getmiş, qüvvədə qalmışdır, hazırda iddiaçının mübahisələndirdiyi müqavilə isə onun atası ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixində bağlanmışdır, iddiaçı həmin müqavilə üzrə tərəf deyildir. Sonda R.Mərdiyev qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 76,2 kv.m olan qeyriyaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5 mülkiyyət hüququ üzrə İddiaçı adına əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 11141 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 76,2 kv.m olan ünvan 7 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına əmlakın dövlət reyestrində 2616 nömrəli reyestr kitabının 243783 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 8,7 kv.m olan qeyriyaşayış sahəsi ünvan 8 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 12477 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5272 saylı müqaviləyə əsasən, satıcı ünvan 6 ünvanında yerləşən 8,7 kv.m-lik qeyri-yaşayış sahəsini müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq tam dəyərlə (902 AZN) birbaşa alıcıya satmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında İddiaçı tərəfindən inşa edilən pəncərə İddiaçı öz hesabına sökülməsi və sökülmüş divar tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş №2(103)-11646/2018) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı ilə (iş №2(102)-2674/2019) cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli Qətnaməsi ilə iş №2(103)- 294/2020 cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3642/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6867/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “2007-ci ildən istifadəsində olan, 2013cü ildən qeyri-yaşayış sahəsi kimi qeydiyyat vəsiqəsi aldığı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilən 29 iyul 2015-ci il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixində yaşayış sahəsi kimi mülkiyyətində olan ünvan 7 ünvanında olan 76,2 kv.m sahəsinin 8,7 kv.metrinin qanunsuz olaraq ondan yuxarı mərtəbədə yaşayan Cavabdeh1 icarəyə verilməsi barədə bağlanan xx.xx.2014-cü il tarixli 5272 nömrəli müqavilənin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mübahisə predmeti olan icarə müqaviləsi lazımi subyektlər yəni mülki hüquq qabiliyyətli, əqdin predmeti üzərində sərəncam hüququ olan şəxs və eyni qaydada mülki hüquq qabiliyyətli digər şəxs arasında bağlanmış, onların sərbəst iradə ifadəsinə əsaslanmış, qanunda müəyyən olunan forma və eyni zamanda məzmuna malik olmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli №5272 saylı “İcarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsi”nin 1.1-ci bəndindən görünür ki, müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2014-cü il tarixli 6169 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 8.7 kv.m. qeyri-yaşayış sahəsi təşkil edir. Müqavilənin bu bəndindən də aydın olur ki, xx.xx.2014-cü il tarixli №5272 saylı “İcarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsi” ilə mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli 6169 saylı icarə müqaviləsi qüvvədən düşmüş, o alğı-satğı müqaviləsi ilə əvəz olunmuşdur. Alğı-satqı müqaviləsinin 2.1.1. və 2.2.8.-ci bəndlərindən də görünür ki, tərəflər qarşılıqlı şəkildə ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı öhdəlik götürmüşlər. Müqavilədən də göründüyü kimi mülkiyyətçi öz əmlakı üzərində tam sərəncam vermək hüququna malikdir, müqavilənin etibarsız hesab edilməsi və bununla cavadehlərin konstitusion hüququ olan mülkiyyət hüququna müdaxilə yolverilməzdir. Mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, mübahisələndirilən icarə müqaviləsi Cavabdeh1 ilə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən, bu müqavilə ilə onun maraqlarına toxunulmadığından, onun hüquqları pozulmadığından iddiaçı subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materiallarında olan, məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3642/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli Qətnaməsini qüvvədə saxlayaraq İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil ilə Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında İddiaçı tərəfindən inşa edilən pəncərə İddiaçı öz hesabına sökülməsi və sökülmüş divarın tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Bu qərar bir daha təsdiq edir ki, Cavabdeh1 qarşı “Cavabdeh1 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6169 nömrəli dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqda icarə müqaviləsi ilə iddiaçının maraqlarına toxunulmur. Belə ki, iddiaçı izahında mətbəx kimi istifadə etdiyi yerdən Cavabdeh1 mülkiyyətində olan yerə pəncərə aça bilməməsi ilə əlaqədar onun maraqlarına toxunulduğunu iddia edir. Eyni zamanda, xx.xx.2014-cü il tarixli, 6169 nömrəli icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Əmlak kirayə müqaviləsi isə özlüyündə ünvan 8 ümvanında yerləşən ümumi sahəsi 8,7 kv.m olan qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olduğu qeyd edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın hüquqi əsası kimi çıxış etmir. İddiaçının icarə müqaviləsinin etibarsız sayılmasını başqa şəxslərdən tələb etmək hüququ, onun bu hüququnun məhkəmə tərəfindən müdafiə olunması üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2014-cü il tarixli, 6169 nömrəli dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqda icarə müqaviləsinin tam etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar