Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1803/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 543 saylı mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində mənzilə köçürmə barədə iddia qaldırmışdır. Məhkəmənin 2(011)- 4145/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuş, onun və azyaşlı övladları X6 və X1 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/20348 saylı, məhəllə D blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir və həmin ilin dekabr ayında icraya yönəlmişdir. İddiaçı hal-hazırda atasına məxsus İsmayıllı rayonu Xankəndi kəndində yerləşən kiçik və darısqal evdə azyaşlı övladları ilə yaşamaq məcburiyyətində qalmışdır. Onlar üçün həmin evdə yaşamaq çox çətindir. Ev darısqaldır, qardaşları və bacıları da həmin evdə yaşayırlar. İddiaçı qeyd olunan evdə uşaqlarının tərbiyəsi ilə məşğul ola bilmir, onlar psixoloji cəhətdən pozulmaq təhlükəsi qarşısındadır. Dəfələrlə Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət etmişdir. Bütün müraciətləri baxılmamış qalmışdır. Xətai Rayon Məhkəməsində mülki işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A-1174 nömrəli arayışda onun və övladlarının ünvan 1 ünvanda qeydiyyatda olduqları göstərilmişdir. Yenidən xx.xx.2020-ci il tarixli 1115 nömrəli AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda onun həmin 511 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı yenidən Xətai Rayon Məhkəməsində iddia qaldıraraq onun övladları ilə birlikdə Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllə, D bloku, 543 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnamə icraya yönəldikdən sonra qeyd olunan mənzildə qeydiyyatsız və heç bir əsas olmadan yaşayan Cavabdeh qeyd olunan qətnamədən şikayət vermiş, qətnamənin ləğvini tələb etmişdir. Lakin məhkəmənin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılması üçün əsas ondan ibarət olmuşdur ki, həmin mənzildə yaşaması üçün heç bir hüququ əsas yoxdur və həmin qətnamədə göstərilən hallar onun hüquqlarına toxunmur. Cavabdeh hal-hazırda da həmin mənzildə yaşamağa davam edir və onun mənzilə köçürülməsinə maneçilik törədir. Hesab edir ki, heç bir hüquqi əsası olmadan onun köçürülməyi barədə qətnamə qəbul edilmiş mənzildən Cavabdeh çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, mübahisəli mənzilə köçülməsi üçün illərdir ki məhkəmələrdə iştirak edir. Onun keçmiş əri Orxan Sahibli onu aldadaraq uşaqları ilə birlikdə atasının evinə göndərmişdir, mübahisəli mənzili isə ondan xəbərsiz Cavabdeh satmışdır. Onun övladları ilə birgə yaşamağa yeri yoxdur. Buna görə də o, Cavabdeh mənzildən çıxarılmasını xahiş edir. Onun mübahisəli mənzilin Cavabdeh satılmasına razılığı olmamışdır, o bununla bağlı heç bir sənəd imzalamamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı mənzilin satılmasına razı olmamışdır, həyat yoldaşı ilə mübahisəsi olduğu üçün keçmiş əri iddiaçını və uşaqlarını İsmayıllı rayonunda iddiaçının atasına məxsus mənzilə göndərmişdir. Daha əvvəl də məhkəmə prosesləri olmuşdur, iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. Lakin Cavabdeh qanunsuz olaraq mənzildə məskunlaşdığı üçün iddiaçı mənzildən istifadə edə bilmir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, o, mənzili iddiaçının həyat yoldaşı Orxan Sahiblidən 30.000 manat verməklə almışdır. Mənzili aldıqdan sonra əsaslı təmir işləri aparmışdır və mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı mənzilin satılmasından xəbəri olmuşdur. O, mənzilin satılmasına razı olmuşdur. Sonradan əri ilə münasibətləri pozulduğuna görə hazırda yalanla deyir ki, güya mənzilin satılmasından xəbəri olmayıb. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o bildirmişdir ki, İddiaçı bu kimi iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, Cavabdeh mənzildən çıxarılması barədə iddianı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi irəli sürə bilər. İddiaçı belə bir səlahiyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4145/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 511 saylı mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X8 ilə 29 aprel 2015-ci ildə rəsmi nikahla ailə qurmuş, birgə rəsmi nikahlarından 2016-cı və 2017-ci il təvəllüdlü iki övladları doğulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailəsi kimi onlara ünvan 2 ünvanında yerləşən məcburi köçkünlər üçün inşa olunmuş binada iki otaqlı 116 kv.metr yaşayış sahəsi olan 511 saylı mənzil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Xətai rayon sektoru tərəfindən verilmiş arayışla iddiaçı və azyaşlı uşaqlarının mübahisəli ünvanda müvəqqəti olaraq məskunlaşdıqları təsdiq olunur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş maddi hüquqü normalasrına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdehin ailə münasibətlərinə hələ xitam verilmədiyindən, iddiaçının iki azyaşlı uşaqları ilə yaşamağa başqa yaşayış yeri olmadığından, uşaqların mənafeyi üstün tutularaq iddia təmin edilməli, iddiaçı iki azyaşlı uşağı ilə müvəqqəti məskunlaşdıqları mənzilə köçürülməlidirlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan övladları - xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 543 saylı mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh (Orxan Sahibli) məcburi köçkün olmaqla, ailə üzvləri ilə birlikdə dövlət tərəfindən xüsusı təyinatlı yaşayış sahəsi ilə təmin olunaraq mübahisəli mənzilə köçurülmüş və iddiaçı (İddiaçı) cavabdehlə (O.Sahibli) bərabər hüquqlar, o cümlədən mənzildən istifadə etmək hüququ əldə etmişdir. Buna görə də, iddiaçının uşaqları ilə birlikdə eyni şərtlərlə mübahisəli mənzildən yararlanmaq hüququ vardır. Cavabdeh dövlət mənzil fonduna daxil olan mübahisəli mənzilə iddiaçıdan üstün hüquqa malik deyil. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli mənzildən istifadə hüququ yaranmışdır, çünki mübahisəli mənzil onlara təkcə sosial statusa (məcburi köçkün olmaları) malik olması əsası deyil, həm də ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir. Məhkəmə qeyd etmişdir ki, xüsusi təyinatlı yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən onların müvəqqəti istifadəsinə verilir və yalnız kirayə müqlavilələri ləğv edildikdə və ya xitam verildikdə onlar dövlət orqanının tələbi ilə həmin mənzildən çıxarıla bilərlər. Hazırki işdə isə bu hallar mövcud deyil. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etdiyi zaman mənzildən imtina etdiyini və buna dair notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etsə də, məhkəmənin mübahisəli mənzildə yaşayan və qeydiyyatda olan şəxlər barəsində məlumatın verilməsi barədə sorğusuna AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlə bağlanmış kirayə müqaviləsinin məhkəməyə tədim edilməsi ilə cavab verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində məcburi köçkün kimi ona verilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən hündürmərtəbəli yaşayış kompleksi, D bloku, 543 saylı mənzildən imtina etdiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyri-qanuni məskunlaşıblar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Füzuli rayonundan məcbur köçkün Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 543 saylı mənzildə faktiki olaraq məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 235 saylı arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün Cavabdeh ünvan 3 ünvanında ailə üzvləri: Güllər Səfiyarova, Ülvi İbişov, Nurlan Eldarzadə, Ayişə İbişova, Aytən Eldarzadə, Ümid İbişov, Murad İbişov, Ayxan Eldarzadə ilə birlikdə 2018-ci ildən etibarən Sahibli Orxana məxsus evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan borc verən Cavabdeh ilə borc alan X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 30.000 manat kredit vermişdir. İş materiallarında olan X2 imzası notarial qaydada təsdiq edilməklə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, O.Sahibli bildirmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzildən imtina etmişdir. Gələcəkdə mənzilə dair iddia, ev tələbi, məhkəmə mübahisəsi olmayacaqdır. İş materiallarında olan 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Cavabdeh vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-148/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 543 saylı mənzil kirayəçi X2 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri İddiaçı (həyat yoldaşı), X6 (övladı) və X5r (övladı). Həmin müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək kirayəçinin vəzifələrindən biridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1.-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası MPM-in 13.4 və 13.5-ci maddələrinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60.1.-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 60.2-ci maddəsinə görə çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı X8 ilə 2015ci ildə nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahlarından Əsnad və Eşqin adlı iki övladları anadan olmuşdur. Onlar Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 511 saylı xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin edilmişlər. Sonradan “D” blokunda yerləşən 511 və 543 saylı mənzillərə dair müqavilələr dəyişdirilərək, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə D blokunda yerləşən 543 saylı, 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Xüsusi Təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi X8 ilə bağlanılmışdır. X8 ilə İddiaçı arasında mübahisəli mənzilə köçürülmə ilə bağlı məhkəmə mübahisələri olmuşdur və qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4145/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(011)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ vardır və İddiaçı həmin mənzilə övladları ilə birlikdə köçürülməlidir. Cavabdeh iddia tələblərinə qarşı irəli sürdüyü etiraza münasibətdə məhkəmə qeyd edir ki, sözügedən mənzil xüsusi təyinatlı yaşayış sahəsi olmaqla X4 müvəqqəti istifadə üçün verilmişdir və sonuncunun həmin mənzilə öz istəyinə uyğun sərəncam vermək və mənzili özgəninkiləşdirmək kimi səlahiyyətləri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən də görünür ki, Cavabdeh və ailə üzvləri 543 nömrəli mənzili zəbt edərək qeyri-qanuni məskunlaşıblar. Bununla da iddiaçının yaşayış sahəsindən məhrum olunması qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilərdi ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Əksinə, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunur ki, iddiaçının mübahisəli sahəyə istifadə hüquqları yaranmışdır, cavabdeh isə sahəni qanunsuz zəbt etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla da, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olması qanuni qüvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən, Cavabdeh isə mübahisəli sahənin üzərində qanuni sahiblik hüquqlarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, iddia tələbləri Cavabdeh mübahisəli sahədən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin “cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması” barədə iddia tələbini araşdıraraq qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, cavabdehin ailə üzvlərinin siyahısı iddiada dəqiq göstərilmədiyindən, yəni həmin tələb qeyri-müəyyən olduğundan, cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/2348 saylı məhəllədə, D blokunda yerləşən 543 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-1803/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1803/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver