Məhkəmə qərarları › İş №2(011)-183/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-183/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-183/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əldən çıxmış fayda tələbinə dair” ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “əldən çıxmış fayda tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada, hər ay 400 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməmiş 6000 manat kirayə haqqının (əldə çıxmış fayda) və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən üç otaqlı 96 saylı mənzilini müqavilə əsasında əksər avadanlıqları ilə birlikdə Cavabdeh1 Nürəddin oğluna, onun ailə üzvləri olan həyat yoldaşı Zeynəbə, iki böyük qızları və qayınanasına kirayə vermişdir. Ailə üzvlərinin müalicə üçün böyük pul məbləğinə ehtiyacı olduğundan, bir il sonra yəni, xx.xx.2019-cu il tarixdə kirayəçilərinə yaxınlaşıb evi satmaq məcburiyyətində olduğunu, imkanları varsa mənzili aşağı qiymətə almalarını təklif edib (müqavilədə 10 gün əvvəl xəbərdalıq edilməsi barədə məlumatı olduğuna baxmayaraq) bir ay müddətində evi boşaltmalarını xahiş etmişdir. Qəmbərin həyat yoldaşı Zeynəb və qızları aqressivcəsinə bundan yaxşı yer tapa bilməyəcəkləri bildirərək mənzildən çıxmağa qəti şəkildə etiraz etmişlər. İki gün sonra axşam saat təxminən 20:00 radələrində həmin mənzilə gəlib, vəziyyəti daha ətraflı izah edib, mənzildən bir ay müddətinə çıxmalarını xahiş etmiş və hətta imkanları varsa mənzili aşağı qiymətə almalarını yenə təklif etmişdir. Buna baxmayaraq, mübahisə yaranmış, Zeynəb isə məhkəmənin qətnaməsi olmadan evdən heç vaxt çıxmayacağını bildirmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 7486/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzilindən çıxarılaraq, qeyd edilən mənzil və mənzilin əşyaları ilə bərabər ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən həm o, həm də cavabdehlər apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1714/2020 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, onun apellyasiya şikayəti təmin edilərək iddia tələbi tam təmin edilmişdir. Lakin buna baxmayaraq, cavabdehlər hələ də onun mülkiyyətində olan mənzildən onun iradəsinə zidd olaraq istifadə etməyə davam edirlər. Buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində nəzərdə tutulan müddətlər istisna olmaqla, həmin tarixdən (ilk dəfə iddia ərizəsi məhkəməyə verildikdən sonra) başlayaraq cavabdehlər mənzilini boşaldıb təhvil verənədək onlardan hər ay əvvəlki qətnamə ilə müəyyən edilmiş (400 manat) aylıq ödəniş tutulmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddia ərizəsinə etiraz edərək göstərmişdirlər ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1714/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 razılaşmayaraq həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Covid-19 infeksiyası ilə mübarizə ilə bağlı ölkədə elan olunmuş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar məhkəmə iclasının vaxtı müəyyən olunmamışdır. Yuxarıda qeyd etdikləri məhkəmə aktları qanuni qüvvəsini almadan Xətai Rayon Məhkəməsində hazırki iddia tələbinə baxılıb yekun məhkəmə aktı qəbul oluna bilməz. Ona görə də hesab edirlər ki, hazırkı iş üzrə icraat dayandırılmalı, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanılmalıdır. İddianın heç bir hüququ əsası olmadığı üçün təmin olunmamalıdır. Belə ki, iddiaçı ilə aralarında sözügedən mənzilin kirayə verilməsi ilə bağlı hüquq və vəzifələr müəyyən edən hər hansı bir əqd bağlanılmamışdır. İddiaçı iddia ərizəsində özünə məxsus mənzilin guya müqavilə əsasında əksər avadanlıqları ilə birlikdə kirayə verilməsini qeyd etsə də, bu halı sübut edən heç bir dəlil məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 -ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bununla da qanunverci tərəflər arasında yaranmış hüquq münasibətlərinin tənzimlənməsində əqdin olmasını zəruri hesab edir. Əqd olmadığı hal isə belə münasibətlərin mövcud olmaması kimi qiymətləndirilməlidir. Eyni zamanda iddiaçı məhz onların təqsiri ucbatından zərərə məruz qalmasını sübut edən hər hansı bir dəlili də məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mübahisə üzrə məhkəməyə təqdim olunmuş sübutlarda bu subyektiv hüququn iddiaçıya mənsub olmasına dair iş materiallarında hər hansı dəlil mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdirlər. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, guya aralarında sözügedən mənzilə dair hər hansı kirayə münasibətlərinin mövcud olduğunu bildirmişdir. Lakin, məhkəməyə bu halı sübut edən hər hansı bir dəlil təqdim edə bilməmişdir. O, məhkəməyə “daşınmaz əmlakın icarəyə verilməsi müqaviləsi” adı altında bir vərəqdən ibarət müqavilə təqdim etmişdir ki, burada müqavilənin predmetini təşkil edən əmlakın hansı şərtlərlə kirayəyə verilməsi barədə heç bir bənd qeyd olunmamışdır. Yəni sözügedən müqavilədə mənzilin hansı qiymətə, hansı müddətdə kirayəyə verilməsi barədə heç bir məlumat yoxdur. Məhkəməyə təqdim olunmuş müqavilənin adının “kirayə müqaviləsi” deyil, “icarə müqaviləsi” kimi qeyd edilməsi də müqavilənin təyinatı ilə predmeti arasında ziddiyyətin olmasını sübut edir. Belə ki, qanunvericiliyin tələbinə görə “icarə” anlayışı əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdən ibarətdir (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu). Müqavilənin adından və məzmunundan da görünür ki, müqavilə işin fakitiki hallarını özündə ehtiva edən əqd yox, sadəcə görüntü xətrinə bağlanmış əqddir. Sözügedən əqd mülki qanunvericiliyin, ən əsas Mülki Məcəllənin müəyyənləşdirdiyi normalara uyğun deyildir. Ona görə də hesab edir ki, həmin əqd etibarsız hedab olunmalıdır. Aralarında bağlanmış müqavilə icarə yox, kirayə müqaviləsi kimi qəbul edilsə belə, həmin müqavilə qanunvericiliyin tələblərinə zidd olduğu üçün özündə hüquq və vəzifələr yarada bilməz. Belə ki, sözügedən müqavilə “Real Əmlak" Daşınmaz Əmlak Agentliyinə məxsus blankda yazılmış və müqaviləni həmin agentlik təsdiq etmişdir. Qanunverici isə bu cür fəaliyyət növü ilə məşğul olan agentliklərə fiziki şəxslər arasında bağlanmış müqavilələri təsdiq etmək səlahiyyəti verməmişdir. Bu səlahiyət yalnız notariuslara məxsusdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunverici kirayə müqaviləsi bağlandığı zaman bu normanın tətbiqini vətəndaşların dövlət qarşısında əsas vəzifələrindən biri olan vergilərin ödəməsini, dövlət qarşısında öhdəliklərin icrasına məcburetmə kimi qiymətləndirir. Yəni kirayə müqavilələrinin kütləvi olaraq reyestrdə qeyd olunmaması vətəndaşların dövlət büdcəsinə məcburi ödənişlərindən yayınması üçün şərait yaradacaqdır. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlardan tam aydın olur ki, ilkin iddia üzrə iddiaçının iddia qaldırdığı zaman istinat etdiyi müqavilə qanunvericilikdə müəyyən olunmuş normalara uyğun olmadığı üçün özündə hüquq və vəzifələr ehtiva edə bilməz. Həmin müqavilə görünüş üçün bağlanmış uydurma və qeyri-ciddi əqddir. Beləliklə işin faktiki hallarından da görünür ki, aralarında sözügedən mənzilə dair hər hansı bir kirayə münasibəti mövcud olmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən həmin mənzildə qaldıqları müddət ərzində mənzildə təmirə ehtiyacı olan sahələri (hamam, mətbəx və s.) təmir etməli, mənzilin təmizliyini qoruyub saxlamalı, mənzilin bütün kommunal xərclərini vaxtıvaxtında ödəməli idilər. Daha sonra İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında icarə müqaviləsi adlı razılaşma bağlansa da, faktiki olaraq həmin sənəd uydurma əqd hesab olunmalıdır. Həmçinin, qeyd olunur ki, daşmmaz əmlakla bağlı icarə müqaviləsi deyil, kirayə müqaviləsi bağlanmalı idi. Göründüyü kimi, qarşı tərəf əqdin mövcudluğunu inkar etmir, onım məzmununu və formasını mübahisələndirir. Halbuki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bundan başqa, qarşı tərəf qarşılıqlı iddia ərizəsi ilə bərabər məhkəməyə iddia ərizəsinə etiraz adlı sənəd təqdim etsə də, bir sıra suallara cavab verməmiş, qanunvericiliyin maddələrini köçürmüş və sadəcə işin ümumi hallarını xronoloji ardıcıllıqla qeyd etmişdir. Uydurma əqd görünüş üçün bağlanan əqddir. Hətta bu əqd cavabdehlərin dediyi kimi uydurma olsa belə, Cavabdeh1 belə bir sənədi imzalamasının səbəbi nə olmuşdur? Əgər tərəflər arasında heç bir müqavilə və istənilən formada razılıq yoxdursa, ilkin iddia üzrə cavabdehlərin onun mənzilindən istifadə etməsinin hüquqi əsası nə olmuşdur? Mülki Məcəllənin 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları qeyd olunmuşdur. Əgər tərəflər arasında etibarlı müqavilə olmamışdırsa, deməli, onun mülkiyyəti bu müddət ərzində (məhkəməyə təqdim olunmuş icarə müqaviləsindəki müddət ərzində) cavabdehlərin qanunsuz sahibliyində olmuşdur. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə büər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Və ən əsası, ilk dəfə məhkəməyə mənzildən çıxarılma və pul tələbi ilə müraciət edərkən qeyd olunan icarə müqaviləsinə istinad olunmuş, həmin sənəd sübut kimi nəzərə alınmış və artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymətini almışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ilkin iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-7486/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı- iddiaçıya məxsus ünvan 2 mənzil 96 ünvanında kirayəçi qalan Cavabdeh1 və onun özündən başqa ailə üzvlərinin: Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və qayınanası Sonanın evin əşyalarının sağlam qaytarılması ilə bərabər mənzildən çıxarılması, qaldıqları müddət ərzində 1800 AZN kirayə haqqının ödənilməsi barədə iddia tələbi qismən təmin edilərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzil və mənzilin əşyaları ilə bərabər iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1714/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7486/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilmiş, Cavabdeh1 1800 manat alınaraq İddiaçı verilməsi, cavabdehlər tərəfindən birlikdə verilmiş apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, aşağıdakılar işin mübahisəsiz hallarıdır: 1) tərəflər arasında kirayə müqaviləsinin olması; 2) tərəflər arasında aylıq kirayə haqqının 400 manat olması; 3) xx.xx.2019-cu il tarixdən kirayə haqqının cavabdeh tərəfindən ödənilməməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci tarixli, 2(102)-4442/2020 saylı Qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1714/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 51, 96 saylı mənzil iddiaçının mülkiyyətindədir, o, sadə yazılı formada tərtib edilmiş xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən həmin mənzili Cavabdeh1 kirayəyə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 6000 manat kirayə haqqı barəsində iddia tələbinin əsasını əldən çıxmış fayda təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsnə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-7486/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlərin ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 51 saylı evin, 96 saylı mənzildən çıxarılaraq, qeyd edilən mənzilin əşyaları ilə bərabər iddiaçıya təhvil verilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1714/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7486/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən-iddia tələbinin “əldən çıxmış faydanın tutulması” hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi, Cavabdeh1 1800 manat alınaraq İddiaçı verilməsi, cavabdehlər tərəfindən birlikdə verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci tarixli, 2(102)-4442/2020 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1714/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, qeyd olunan məhkəmə aktlarının qanuni qüvvəyə minməsi, bununla da, cavabdehlər tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməmiş, əldən çıxmış fayda qismində 6000 manat ziyan vurulması təsdiq edildiyindən ilkin iddia tələbi təmin edilərək, ilkin iddia üzrə cavabdehlərdən əldən çıxmış fayda qismində 6000 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiasına münasibətdə hesab edir ki, aşağıda göstərilənlərə əsasən həmin tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehİddiaçı ilə aralarında heç bir müqavilənin bağlanmadığını, göstərilən müqavilənin qanunvericiliyin tələblərinə uyğun olmadığını, iddia etsə də, buna dair iddia ərizəsinə heç bir sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlər, həmçinin əvvəl baxılmış mülki işlərdə və hazırda baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin mümkünsüzlüyü müəyyən edildiyinə görə qarşılıqlı iddia tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təqribən 70 faiz həcmində təmin edildiyinə görə ilkin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsümunun 70 faizi, yəni 14 manat ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia təmin edilmədiyinə görə qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada, hər ay 400 manat olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməmiş 6000 (altı min) manat kirayə haqqı (əldə çıxmış fayda) və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar