Məhkəmə qərarları › İş №2(011)-184/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-184/2022

13.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-184/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 25 sentyabr 2017-ci ildən 28 dekabr 2020-ci ilədək iş üzrə Cavabdeh ASC-də işləmişdir. Həmin şirkətdə işləyərkən müxtəlif rayonlara ezamiyyətə göndərilmişdir. Məlumat üçün bildirmişdir ki, o, 2020-ci ilin yanvar ayından 2020-ci ilin noyabr ayına qədər ezamiyyətlərdə olmuşdur. Yalnız 2020-ci ilin aprel ayında pandemiya ilə əlaqədar olaraq karantində olduğundan işdə olmamışdır. Onun ezamiyyətdə olarkən bir günü 15 manatdan hesablanırdı. Lakin həmin dövr üçün cavabdeh şirkət tərəfindən ezamiyyət pulu ona ödənilməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona bildirilmişdir ki, şirkətin hesabında ödəməyə pul yoxdur. Cavabdeh şirkətin hal-hazırda ona 10 ay 15 gün üçün hər günü 15 manatdan ödənilməmiş ezamiyyət pulu borcu vardır. Cavabdeh ASC tərəfindən ezamiyyət haqqı ona ödənilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən 10 ay 15 gün müddətinə hər gün üçün 15 manatdan hesablanmaqla ezamiyyət pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ASC-nin nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135 və 296-cı maddələrinin və Mülki Məcəllənin 375-377-ci maddələrinin tələbləri baxımından iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əgər əvvəlki illərdə işçinin ezamiyyəti ilə əlaqəli hər hansı hüququ pozulmuşdursa bu fakt ona məlum olmuş, onun müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ olmuş və indiki halda işçi məhkəməyə müraciət etdiyi gündən 1 il əvvəlki tarixədək olan dövrə münasibətdə ezamiyyətdə olduğu təqdirdə ezamiyyət haqqına görə pul tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 25 sentyabr 2017-ci il tarixdə Cavabdeh ASC-nin Boya və İzolyasiya sexinə 6-cı dərəcəli qumlayıcı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, yəni 3 il müddətinə bağlanmışdır. 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 08 yanvar 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 07-21 yanvar 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 27 yanvar 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 08 yanvar 2020-ci il tarixli Əmrlə 07-21 yanvar 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyətinin 22-31 yanvar 2020-ci il tarixlərinə 10 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 06 fevral 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03-16 fevral 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 18 fevral 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 06 fevral 2020-ci il tarixli Əmrlə 03-16 fevral 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyətinin 17-29 fevral 2020-ci il tarixlərinə 13 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 02 mart 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03-15 mart 2020-ci il tarixlərinə 13 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 16 mart 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 02 mart 2020-ci il tarixli Əmrlə 03-15 mart 2020-ci il tarixlərinə 13 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin ustası İddiaçı ezamiyyətinin 16-19 mart 2020-ci il tarixlərinə 4 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 07 may 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 12-31 may 2020-ci il tarixlərinə 20 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 08 iyun 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 08-15 iyun 2020-ci il tarixlərinə 8 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 06 iyul 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01-15 iyul 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 16 iyul 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 06 iyul 2020-ci il tarixli Əmrlə 02-15 iyul 2020-ci il tarixlərinə 14 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin ustası İddiaçı ezamiyyətinin 16-30 iyul 2020-ci il tarixlərinə 15 günlük uzadılması barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətə göndərilməsi haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 27 avqust 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01-15 sentyabr 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-si tərəfindən verilmiş “işçilərin ezamiyyətinin dayandırılması haqqında” istehsalat zəruriyyəti ilə əlaqədar olaraq 11 sentyabr 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, 27 avqust 2020-ci il tarixli əmrlə 01-15 sentyabr 2020-ci il tarixlərinə 15 günlük "xxxx" MMC-yə ezamiyyətə göndərilən sexin işçilərinin, yəni İddiaçı ezamiyyəti 14 sentyabr 2020-ci il tarixdən dayandırılması barədə əmr verilmişdir. İş materiallarında Cavabdeh ASC-si tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, Boya və İzolyasiya sexinin 6-cı dərəcəli qumlayıcısı İddiaçı əmək müqaviləsinə, 28 dekabr 2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 28 dekabr 2020-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi 68.2.(b) əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İş materiallarında olan 126/2017 saylı əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi 3 il müddətinə bağlanmışdır. Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 9-cu maddəsində əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları arasında qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur. Eyni məcəllənin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri arasında əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edən 83-cü maddədə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmərlər) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Beləliklə, mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh ASC-nin Boya və İzolyasiya sexinə 6-cı dərəcəli qumlayıcı vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli, yəni 3 il müddətinə bağlanmışdır. 28 dekabr 2020-ci il tarixli, 08/21-irş saylı əmrə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşlədiyi müddət ərzində İddiaçı Cavabdeh ASC-si tərəfindən müxtəlif tarixli əmrlərlə müxtəlif müddətlərə ezamiyyətə göndərilmiş, lakin hazırki günədək ezamiyyət xərclərinin ödənilməsi cavabdeh təşkilat tərəfindən təmin edilməmişdir. İddiaçı iddia ərizəsində 10 ay 15 gün müddətində ezamiyyətdə olması ilə əlaqədar hər gün üçün 15 manatdan hesablanmaqla ezamiyyət xərcinin ödənilməsini xahiş etsə də, iş materiallarında olan əmrlərlə təsdiq edilir ki, ümumilikdə 142 gün müddətində ezamiyyətdə olmuşdur. Cavabdeh ASC-si ezamiyyətlə bağlı xərclərin iddiaçıya ödənilmədiyini təsdiq etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə əsaslanaraq iddianın rıdd edilmısini xahiş etmişdirş Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə 28 dekabr 2020-ci il tarixdə xitam verilmiş, iddiaçı isə cavabdehə qarşı iddia ərizəsi ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq nirmalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı ezamiyyətdə olduğu müddətin ümumilikdə 142 gün təşkil etdiyinin sübut olunduğunu nəzərə alaraq, hər günə görə 15 manat olmaqla 142 gün üçün 2130 manat məbləğində ezamiyyət xərci Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ASC-dən istifadə edilməmiş ezamiyyət xərcinə görə 2130 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar