Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1864/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıya məxsus olan 055 211 20 97 telefon nömrəsinin bərpa edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus olan 055 211 20 97 telefon nömrəsinin bərpa edilərək şəbəkəyə qoşulması vəzifəsinin Cavabdeh MMCnin üzərinə qoyulması, Cavabdeh MMC-dən 5.000 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-yə müraciət edərək iddiaçıya məxsus olan ***-***-**-** telefon nömrəsinin bərpa edilərək şəbəkəyə qoşulmasını xahiş etmişdir. Lakin cavabdehin nümayəndəsi iddiaçıya məxsus olan ***-***- **-** telefon nömrəsinin bərpa edilməsindən imtina etmiş və bunu nömrənin uzun müddətdir ki, işlədilməsi ilə əsaslandırmış, buna görə də həmin nömrənin sistemdə olmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. ***-***-**-** ütelefon nömrəsi uzun müddətdir iddiaçıya məxsusdur. İddiaçının 1-ci qrup əlilliyi var. Həmin nömrəni səhhəti ilə bağlı müvəqqəti işlətməmişdir. Nömrənin müvəqqəti işləməməsi onun bərpa edilməsindən imtina üçün üçün əsas ola bilməzdi. Bununla bağlı cavabdehə yazılı müraciət edərək nömrənin bərpa edilməsini xahiş etsə də, cavabdeh iddiaçıya heç bir cavab verməmişdir. İddiaçı 1-ci Qarabağ müharibəsi veteranıdır. Müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidenti X4 tərəfindən təyin edilmiş 80 manat pensiya alır, bundan başqa gəliri yoxdur. Cavabdeh MMC-nin bu hərəkətləri iddiaçıya pis təsir etmiş, iddiaçı mənəvi sarsıntı, iztirab keçirmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq telefon nömrəsinin bərpa olunması ilə yanaşı cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyana görə 30.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında 11 dekabr 2010-cu il tarixdə sellulyar rabitə xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehin iddiaçıya rabitə xidmətlərinin göstərilməsi müqabilində iddiaçı xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ***-***-**-** telefon nömrəsini iddiaçının istifadəsinə vermiş, nömrənin müəssisənin mülkiyyətində olmasını qeyd etmişdir. Müqavilə şərtlərinə əsasən iddiaçı 6 aydan çox istifadəsinə verilmiş nömrəni bağlı saxlayarsa, nömrə cavabdeh tərəfindən ondan alınıb digər müştərinin istifadəsinə verilə bilər. Nömrənin 6 aydan çox bağlı qalması cavabdehin müqavilə üzrə rabitə xidmətlərinin göstərilməsindən birtərəfli qaydada imtina etməsi kimi qiymətləndirilir və müqavilə üzrə öhdəliklərin xitamına səbəb olur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi verərək bildirmişdir ki, cavabdehlə müqavilə bağlamış və ***-***-**-** telefon nömrəsini öz mülkiyyətinə qəbul etmişdir. Nömrənin istifadəsini qeyri-mümkün edən hal onun müharibə əlili olması, müharibədə zədə alması və aldığı zədəni aradan qaldırması üçün müxtəlif xarici ölkələrdə müalicələr alması olmuşdur. Cavabdehin nömrəni təkrarən onun istifadəsinə verməməsi onun hüquqlarının pozulmasına və mənəvi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərə mübahisənin məhkəmədən kənar həlli təklif olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.14-cü maddəsinə əsasən nömrə resursu - rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsidir 7.1-ci maddəsinə görə ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının iddia ərizəsində gətirdiyi dəlilinə qiymət verərək qeyd edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. İddiaçı nömrənin onun mülkiyyətinə verilməsini qeyd etsə də, nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərində nömrənin şəxsən iddiaçının mülkiyyətinə verilməsi və bu halın mümkünlüyü halı aşkar edilməmişdir. Belə ki, müqaviləyə əsasən nömrə iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən nömrənin iddiaçının istifadəsinə təkrarən verilməsindən imtina etməsi onunla əlaqələndirilmişdir ki, iddiaçının nömrəni 6 aydan çox müddətdə bağlı saxlaması (istifadə etməməsi) onun cavabdeh tərəfindən müqavilə üzrə rabitə xidmətlərinin göstərilməsindən birtərəfli qaydada imtina etməsi kimi qəbul edilmişdir. İddiaçı bu müddətdə xəstə olduğunu və müalicə aldığını, məhz bu səbəbdən rabitə xidmətindən yararlana bilmədiyini göstərsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Yəni onun müqavilədə şərtləndirilən müddət ərzində hər hansı üzrlü səbəbdən xidmətlərdən yararlanmadığına əsas olan hallar məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Beləliklə, cavabdeh iddiaçının müraciətindən sonra nömrəni yenidən iddiaçının istifadəsinə verməməkdə haqlı olmuşdur. Nə qədər ki, məhkəmə araşdırması zamanı cavabdehin hərəkətlərində qanunsuzluq və müqavilə şərtlərinin pozulması halı aşkar edilməmişdir, iddiaçıya məxsus olan 055 211 20 97 telefon nömrəsinin bərpa edilərək şəbəkəyə qoşulması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində də iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçıya vurulmuş mənəvi ziyana görə 30.000 manatın tutularaq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, aparılmış məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi halı aşkar edilmədiyindən, iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı - Cavabdeh MMC-nin iddiaçıya məxsus olan 055 211 20 97 telefon nömrəsinin bərpa edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus olan 055 211 20 97 telefon nömrəsinin bərpa edilərək şəbəkəyə qoşulması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMCdən 30.000 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1864/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1864/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver