Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3194/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi və mənəvi zərərin ödənilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin aldadaraq iddiaçıdan aldığı 12.249,50 manat, həmin məbləğin cavabdehdə qaldığı müddətdə Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış 8.194 manat faiz, həmçinin iddiaçıya dəymiş mənəvi zərərə görə 10.000 manat, cəmi 30.443 manat məbləğində vəsaitin, eyni zamanda ödənilmiş məhkəmə rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-121/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətiimkan tədbiri ləğv edilərək “həbs” qətiimkan tədbiri seçilərək, o məhkəmə iclas zalında həbs edilmişdir. Həmin hökmlə Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsin övladı Nərmin Rzayevanı ali məktəbə qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu metronun “İçərişəhər” stansiyası yaxınlığında 5000 manat, 2015-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu metronun “İçərişəhər” stansiyası yaxınlığında həmin tarixdə Azərbaycan manatı ilə məzənnəsi 5249,5 manat təşkil edən 5000 ABŞ dollarını və 2015-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu metronun “İçərişəhər” stansiyası yaxınlığında 2000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 12.249,5 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etməsi sübuta yetirilmişdir. Cinayət mühakimə icraatı zamanı Cavabdeh iddiaçıya vurmuş olduğu ziyanı ödəməmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 1(009)-121/2021 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmün surətindən həmçinin görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edərək İddiaçı övladı Nərmin Rzayevanı ali məktəbə qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2015-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, metronun “Sahil” stansiyası yaxınlığında 5000 manat, 2015-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu, metronun “İçərişəhər” stansiyası yaxınlığında həmin tarixdə Azərbaycan manatı ilə məzənnəsi 5249,5 manat təşkil edən 5000 ABŞ dollarını və 2015-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu, metronun “İçərişəhər” stansiyası yaxınlığında 2000 manat pulunu alıb ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 12.249,50 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli 1(103)-1739/2021 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 1(009)-121/2021 saylı hökmü məhkum Cavabdeh barəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi ərazisində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə iddia tələbinin cavabdehin iddiaçıdan aldığı 12.249,50 manat pul vəsaitinin qaytarılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri ilə iddiaçıya vurduğu ziyanı ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 12.249,50 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın AR MM-nin 449.1-ci, 449.2-ci maddələrinə əsasən, özgənin pul vəsaitlərindən qanunsuz faydalanmağa görə 8.194 manat faizin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi əsasını araşdıraraq Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 09 iyul tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarına istinad edilməsini zəruri hesab edir. İstinad edilən qərarda qeyd edilir ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsi faizlərin tutulmasını pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridi kimi nəzərdə tutur. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 13 may 2022-ci il tarixli məktubda 2015-ci ilin iyul ayından hazırkı dövrədək olan Mərkəzi Bankın uçot faiz dərəcələri öz əksini tapmışdır. Belə ki, hazırda İddiaçı 2015-ci ilin iyul ayından 2022-ci ilin aprel ayınadək olan müddət üçün həmin uçot faiz dərəcəsinə uyğun olaraq 8.194 manat faizin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iddianın uçot dərəcəsinə görə faiz borcunun tutulması hissəsinə qiymət verərək müstəqil hesablama aparmış, iddia tələbi üzrə bank uçot dərəcəsini müstəqil hesablayaraq belə qənaətə gəlmişdir ki, 2015-ci ilin sentyabr ayından 18 mart 2022-ci il tarixədək uçot dərəcəsi üzrə tutulmalı olan məbləğ 7.416,82 manat təşkil edir. Belə olan halda, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış 7.416,82 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 10.000 manat mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçı cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyan vurulması barədə sübut təqdim edə bilməmiş, eyni zamanda iddia ərizəsində mənəvi zərər ilə bağlı göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 10.000 manat mənəvi zərərin tutulması hissəsində təmin edilməməlidir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.249,50 manat pul vəsaiti, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 7.416,82 manat faiz borcu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 183 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 183 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12.249,50 (on iki min iki yüz qırx doqquz manat əlli qəpik) manat pul vəsaiti, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 7.416,82 (yeddi min dörd yüz on altı manat səksən iki qəpik) manat faiz borcu və ödənilmiş 183 (bir yüz səksən üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3194/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3194/2022
01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver