Məhkəmə qərarları › İş №2(043)-83/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-83/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-83/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X3 cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyana görə 31.934 manat, mənəvi zərər görə 50.000 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 22 iyun 2018-ci ildə rəsmi nikah bağlayıb ailə qurmuş, 2019-cu ilin may ayınadək cavabdehin evinə köçüb birlikdə yaşamışlar. Təxminən bir ilə yaxın cavabdehin xəstəliyinə görə ər-arvad kimi birlikdə yaşaya bilməmişlər. Cava bdeh mütəmadi olaraq onu təhqir edərək atası evinə çıxıb getməsini tələb etmişdir. 2019-cu il may ayında cavabdehin təhqirlərinə dözə bilməyib atası evinə gəlmiş, atası evinə gələn zaman cavabdeh onun telefonuna maaş kartını da aparması barədə mesaj yazmışdır. Cavabdehin evində birgə yaşadıqları müddətdə, yəni 11 ayda cavabdeh maaş kartını əlindən alaraq əmək haqqısını xərcləmişdir. Həmin məbləğ 2809 manat edir. Bu barədə işlədiyi təşkilatdan aldığı əmək haqqıı barədə arayışı da iddia ərizəsinə əlavə edir. Hesab edir ki, onlar heç bir vaxt normal ər-arvad olmamışlar. Cavabdeh xəstə olduğuna görə və yaşıdlarından geri qalmamaq məqsədi ilə görünüş xatirinə ona nişan taxıb, sonra da toy etmişdir. Cavabdehin onunla ailə qurmaq niyyəti olmamışdır. Onun niyyəti və məqsədi tamamilə başqa şey olmuşdur. Bir sözlə, cavabdeh hamını aldadaraq ailəsini, ata və anasına xeyli ziyana vermişdir. Nişan taxma, toy mərasimi, cehiz alma, birgə yaşadığımız dövrdə maaş kartını əlindən alıb özünün istifadə etməsi ailələrinə külli miqdarda zərər vurmuşdur. Nişan taxma mərasimində 25 nəfər iştirak etmiş və 500 manat xərclənmiş, toy xərci 4000 manat, cavabdehə 1000 manat dəyərində qızıl üzük alınmışdır. Cavabdehin yaşadığı evə mətbəxə aid- 1200 manat dəyərində mətbəx mebeli, 600 manat dəyərində aspirtor, qaz plitəsi, qab-qaşıq yuyulan (moyka), 800 manat dəyərində soyuducu, 500 manat dəyərində qabyuyanmaşın, 400 manat dəyərində 6 ədəd stul, 1 ədəd stol (masa), 300 manat dəyərində divan, 60 manat dəyərində ütü, 3134 manat dəyərində qonaq otağı-qonaq dəsti, 4 predmet-masa, konsul, gümüşlük, televizor altı, 1004 manat dəyərində yumşaq mebel dəsti, 1000 manat dəyərində televizor, 200 manat dəyərində jurnal masası, 57 2 manat dəyərindı 6 ədəd stul, 232 manat dəyərində l ədəd stol, 3501 manat dəyərində yataq otağı - yataq dəsti, 172 manat dəyərində yataq dəstinə aid termo, çarpayı, şifoner, 2 ədəd tumbo, matras, 550 manat dəyərində paltaryuyan maşın, 300 manat dəyərində tozsoran, 250 manat dəyərində şirəçəkən, 1000 manat dəyərind pərdələr, 1000 manat dəyərində 5 ədəd xalça, 500 manat dəyərində qonaq otağı üçün çılçıraqlar, 100 manat dəyərində yataq otağının çılçırağı, 500 manat dəyərində 1 ədəd döşək, 4 ədəd yorğan, 6 ədəd balınc, 2000 manat dəyərində qab-qaşıqlar, 2000 manat dəyərində yataq dəstləri məhrəbalar, süfrələr, adyallar, 500 manat dəyərində mikrodalğalı soba, 50 manat dəyərində elektrik sobası, 200 manat dəyərində odun samovarı olmaqla, cəmi 29125 manat pul və 2809 manat əmək haqqı cəmi 31934 manat təşkil edir. Sonradan iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddianın predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 1200 manat dəyərində brilyant qaşlı nişan üzüyü; 3500 manat dəyərində brilyant qaşlı boyunbağı, brilyant qaşlı bir cüt sırğa, brilyant qaşlı qolbaq və brilyant qaşlı üzükdən ibarət dəst; 200 manat dəyərində qızıl sırğa; 200 manat dəyərində qızıl üzük və 400 manat dəyərində 2 ədəd qızıl beşlikdən ibarət qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri olan 5.500 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib bildirmişdir ki, iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarını, yəni nişan üzüyünü, brilyant qaşlı boyunbağı, üzük, bilərzik və sırğadan ibarət dəsti cavabdeh və ailə üzvləri ona toydan əvvəl hədiyyə kimi almışdır. İki ədəd qızıl beşlik qaynanası tərəfindən toy günü onların evinə gəldiyi zaman hədiyyə edilmiş, bir ədəd qızıl üzük qaynanası tərəfindən doğum günündə ona hədiyyə verilmiş, bir cüt sırğa isə cavabdeh tərəfindən 8 X5 günü münasibətilə ona hədiyyə olunmuşdur. Cavabdehlə ailə münasibətləri qısa müddət çəkmiş, 22 iyun 2018-ci il tarixdə nikaha daxil olmuş, 2019-cu ilin may ayında isə ayrılmışdır. Ailə qurduqdan sonra cavabdehə məxsus olan ünvan 1 ünvanda yerləşən evdə ikisi yaşamışlar. Özünə məxsus bütün əşyalar, o cümlədən cehiz kimi gətirdiyi məişət əşyaları, ona hədiyyə olunmuş qızıl-zinət əşyaları, geyim əşyalarını təbii olaraq yaşadığı cavabdehə məxsus evdə saxlamışdır. 2019-cu ilin may ayında cavabdehlə aralarında mübahisə yarandığı üçün həm onun, həm də cavabdehin valideynləri ilə cavabdehin evində yığılıb söhbət etmişlər. Bundan sonra o, valideynləri ilə birlikdə çıxıb getmişdir. Gedərkən özü ilə heç bir əşya, hətta zəruri geyim əşyalarını belə aparmamışdır. Çünki, valideynlərinin arasında belə danışıq olmuşdur ki, bir müddət o, valideynlərinin evində qalsın sonra geri qayıdar. Lakin aralarındakı münasibətlər düzəlməmiş və onlar birdəfəlik ayrılmışdır. Ona məxsus bütün əşyalar cavabdehin evində qaldığı üçün hazırda qızıl-zinət əşyaları da cavabdehdədir, buna görə də həmin əşyaların alınıb ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilk öncə maddi və mənəvi zərər tələbi ilə iddia qaldırarkən qızıl-zinət əşyaları tələb etməmişdir. Sonradan isə qızıl-zinət əşyaları yadına düşmüş və onları tələb etməyə başlamışdır. Bu da qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu təsdiq edir. İddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə oğlu Cavabdeh 2018-ci ildə ailə qurmuş, 2019-cu ilin may ayında ayrılmışlar. İddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarından bir ədəd brilyant qaşlı nişan üzüyü və brilyant qaşlı qızıl dəsti həqiqətən də onlar tərəfindən toy ərəfəsində iddiaçıya hədiyyə verilmişdir. Ərizədəki digər qızıl əşyaları isə iddiaçıya hədiyyə verilməmişdir və iddiaçıda belə qızıl əşyalar olmamışdır. Oğlu ilə iddiaçının arasında tez-tez mübahisələr olmuş, 2019-cu ilin may ayında onların arasında münaqişəli vəziyyət olduğu üçün valideynləri olaraq bir araya toplanıb mübahisəni həll etməyə çalışmışlar. Həmin vaxt oğlunun evində oğlu, o, həyat yoldaşı X2, iddiaçı və onun valideynləri olmuşdur. Bu zaman iddiaçının atası Yusiflə razılığa gəlmişdir ki, Yusif qızını bir neçə günlük öz evinə aparsın, tərəflər sakitləşəndən sonra yenidən gətirsin. Bundan sonra iddiaçı öz valideynləri ilə birlikdə çıxıb getmişdir. Lakin oğlu ilə iddiaçının münasibətləri düzəlməmiş, onlar birdəfəlik ayrılmışdır. İddiaçı gedərkən evdən özü ilə hansı əşyaları aparmasını dəqiq bilmir. Lakin iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları onun oğlunda deyildir. İddiaçı çıxıb getdikdən bir müddət sonra oğlu evin açarlarını dəyişdirmişdir. İddiaçı çıxıb getdikdən sonra bir dəfə onların iştirakı ilə evə gəlib evdən bəzi geyim əşyalarını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, cavabdeh onun oğludur. İddiaçı ilə oğlu ailəli olan zaman hər ikisi də oğlunun evində yaşamış, cəmi 10 ay evli olmuşlar. O, iddiaçıya nişan mərasimində üzük, toyda isə brilyant qaşlı qızıl dəst hədiyyə etmiş, başqa heç nə hədiyyə etməmişdir. Toydan sonra gəlin evə gələrkən el adəti üzrə bağlı qutunun içində ona 50 manat məbləğində pul vermiş, iki ədəd qızıl beşlik hədiyyə etməmişdir. Eləcə də iddiaçıya doğum günündə üzük hədiyyə etməmişdir. İddiaçı ilə oğlu arasında 2019-cu ilin may ayında mübahisə baş verən gün iddiaçının anası onu aparmaq istəmiş, o isə razı olmamışdır. Buna baxmayaraq səhəri gün iddiaçının anası gəlib qızını aparmışdır. Təxminən 15 gün sonra valideynlər olaraq oğlunun evində yığışmış, iddiaçı ilə oğlunu barışdırmaq istəmişlər, lakin barışıq mümkün olmamışdır. Bundan sonra iddiaçı valideynləri ilə birlikdə çıxıb getmişdir. İddiaçı gedərkən əlində qadın əl çantası olmuş, başqa bir əşya və ya zənbil olmamışdır. İddiaçı getməzdən əvvəl bir dəfə evin yataq otağına girib çıxmışdır. Bundan sonra onların evinə gələn baldızı ondan iddiaçının qızıllarının harada olmasını soruşmuş, onlar birlikdə gedib iddiaçının yataq otağına baxdıqda qızılların qoyulduğu mücrünün boş olduğunu görmüşlər. Qızılzinət əşyalarının yerində olub-olmadığını maraq xatirinə yoxlamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini və iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən iddiaçının üzərində bir ədəd brilyant qaşlı nişan üzüyünün, bir ədəd üzük, bir ədəd boyunbağı, bir ədəd qolbaq və bir cüt sırğadan ibarət brilyant qaşlı qızıl dəstinin, və bir cüt sadə qaşlı qızıl sırğanın olması müəyyən edilir. İşdə iştirak edən şəxslərin izahatları ilə bu qızıl-zinət əşyalarının iddiaçıya məxsus olması və ona hədiyyə kimi verilməsi öz təsdiqini tapır. Bir cüt sadə qaşlı sırğanın iddiaçıya cavabdeh tərəfindən hədiyyə kimi verilməsini cavabdehin nümayəndələri təkzib etsələr də əşyanın iddiaçıya məxsus olmasını da mübahisələndirməmişlər. Həmin zinət əşyasının iddiaçının üzərində olması onun iddiaçının sahibliyində olmasını, sonuncu fakt isə Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən əksi sübuta yetirilincəyə qədər daşınar əşya olan qızıl-zinət əşyasının iddiaçının mülkiyyətində olmasını ehtimal etməyə əsas verir. Bu baxımdan həmin əşyanın cavabdeh tərəfindən hədiyyə kimi verilibverilməməsinin onun iddiaçının mülkiyyətin olmasının təsdiq olunması baxımından əhəmiyyəti yoxdur. Lakin iddiaçı ona cavabdehin anası tərəfindən doğum günündə bir ədəd qızıl üzüyün, toy günü isə iki ədəd qızıl beşliyin hədiyyə olunduğunu iddia etsə də bu əşyaların mövcud olması və özünə məxsus olması barədə heç bir mötəbər sübut təqdim etmədiyindən, cavabdeh isə belə əşyaların mövcudluğunu təkzib etdiyindən həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olmasının müzakirəsinə də ehtiyac yoxdur. Məhkəmə iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı məsələyə münasibətdə tərəflərin qarşılıqlı çəkişmə prinsipinə uyğun olaraq verdiyi izahatların və şahidin ifadəsinin müqayisəli təhlili nəticəsində belə nəticəyə gəlir ki, həmin qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması öz təsdiqini tapır. Əvvəla, işin mübahisəsiz halı kimi həmin əşyaların tərəflərin birgə yaşadıqları dövrdə cavabdehə məxsus evdə saxlanılması müəyyən edilmişdir. İkinci olaraq iddiaçının cavabdehin və özünün valideynlərinin tərəflər arasındakı mübahisəni həll etmək üçün iştirak etdiyi toplantıdan sonra “bir neçə günlük” valideynləri ilə birlikdə getdiyini, bu zaman özü ilə hər hansı əşya aparmadığını cavabdehin nümayəndəsi və cavabdeh tərəfin şahidi (cavabdehin anası) da təsdiq edir. Şahidin iddiaçının gedərkən qadın əl çantası ilə getməsi, getməzdən əvvəl bir dəfə yataq otağına girib-çıxması barədə ifadəsi şahidin bunlara əsasən iddiaçının gedərkən özü ilə qızıl-zinət əşyalarını da aparmasını ehtimal etdiyini göstərir. Lakin aydındır ki, bunlar ehtimaldan o tərəfə keçmir və şahidin cavabdehin anası olmasını da nəzərə aldıqda şahidin bu ehtimalı cavabdehin mövqeyini müdafiə etmək üçün irəli sürməsi anlaşılandır. Şahidin iddiaçı getdikdən sonra baldızı ilə birlikdə onun otağına baxış keçirməsi və bu zaman qızıl-zinət əşyalarının yerində olmamasını aşkar etməsi barədə ifadəsi də qeyd edilən ehtimalı gücləndirmək üçün verilmiş ifadədir və şahid bu hərəkətinə (başqa əşyaları yox, məhz qızıl-zinət əşyalarını yoxlaması) hər hansı ağlabatan izah gətirə bilmədiyindən az inandırıcıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının həqiqətən də evdən çıxıb gedərkən özü ilə qızıl-zinət əşyalarını aparmaması, həmin əşayaların cavabdehin sahibliyində qalması barədə iddiası və izahatı işin halları ilə öz təsdiqini tapır. Cavabdehin bu sahibliyi isə qanunsuz sahiblik hesab edilməlidir. Belə ki, tərəflərin ailə münasibətlərinə son qoyulmuşdur. Həmin əşyalar iddiaçının mülkiyyətindədir və iddiaçı həmin əşyaları cavabdehə verməmişdir. Azərbaycan Respubikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəməyə təqdim olunmuş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə aktdan görünür ki, “Gəncə univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi Elmar Kərimli tərəfindən çəkisi 5 qram olan 750 əyarlı, 2 karat brilyant qaşlı nişan üzüyü 850 manat, ümumi çəkisi 25 qram olan 750 əyarlı 1,5 karat brilyant qaşlı komplekt (bir cüt sırğa, üzük, qolbaq və boyunbağı) 2850 manat, çəkisi 5 qram olan 585 əyarlı sadə qaşlı sırğa 350 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına yekun qiymət verərək hesab edir ki, iddia təsdiq olunduğu hissədə təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan, 850 manat dəyərində çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanmış 2 karat brilyant qaşlı nişan üzüyü; 2850 manat dəyərində, ümumi çəkisi 25 qram olan 750 əyarlı qızıldan hazırlanmış 1,5 karat brilyant qaşlı dəst (bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət); 350 manat dəyərində çəkisi 5 qram olan 585 əyarlı qızıldan hazırlanmış sadə qaşlı sırğadan ibarət qızıl-zinət əşyaları, əşyaların özünü qaytarmaq mümkün olmadıqda isə onların dəyəri alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat dəyərində çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanmış, 2 karat brilyant qaşlı nişan üzüyü; 2850 (iki min səkkiz yüz əlli) manat dəyərində, ümumi çəkisi 25 qram olan 750 əyarlı qızıldan hazırlanmış 1,5 karat brilyant qaşlı dəst (bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət); 350 manat dəyərində, çəkisi 5 qram olan 585 əyarlı qızıldan hazırlanmış sadə qaşlı sırğadan ibarət qızıl-zinət əşyaları, əşyaların özünü qaytarmaq mümkün olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar