Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1719/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İldırımova Elizaveta Vladimirovnanın cavabdeh İsmayılova Səbinə İqramudinovnaya qarşı “pul və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İldırımova Elizaveta Vladimirovnanın apellyasiya şikayətinə əsasən işə, cavabdeh İsmayılova Səbinə İqramudinovnanın iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İsmayılova Şəbinə İqramudinovnadan əlavə ödədiyi 28.237 manat pul vəsaitinin, 10.000 manat mənəvi zərərin və ödədiyi 221 manat dövlət rüsumunun, ümumilikdə 38.458 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, o, İsmayılova Səbinə İqramudinovnadan Bakı şəhəri ** saylı Notariat kontorunda ##.##.2024-cü il tarixdə bağlanmış notariat müqaviləsinə əsasən 15.000 manat pul vəsaitini faizsiz borc almışdır. Həmin borc məbləğini ##.##.2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş və 15.000 manatı öhdəsinə götürdüyü müddətdə tam ödəmişdir. Həm Səbinə İsmayılovanın kartına, həm də bilavasitə onun tapşırığı ilə cavabdehin oğlanları İsmayılov Alovuddin, İsmayılov Zeynuddin və qızı İsmayılova Bikənin kartına ödəmişdir. Lakin borc verən bununla razılaşmayaraq ona hədə qorxu gələrək, şantaj yolu ilə 27.000 manat əlavə pul almışdır. Ümumilikdə o, borc verənə 43.237 manat pul vəsaiti ödəmişdir. Həmçinin hədə-qorxu gələrək, şantaj edərək onun səhhətinə mənəvi zərər vurmuşdur. Onu ölüm həddinə çatdırmışdır. Ailəsində söz-söhbət yaratmışdır. Bu səbəbdən də artıq ödədiyi 27.000 manat pul vəsaitinin, bilavasitə cavabdehin günahı ucbatından ona dəymiş 10.000 manat mənəvi zərərin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Eyni zamanda iddiaçı tərəfindən Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixdə vəsatət verilərək bildirilmişdir ki, cavabdehlə aralarındakı borc münasibəti ilə bağlı (yuxarıda artıq bu haqda geniş məlumat verildi) cavabdeh, ondan hədə-qorxu ilə tələb etməklə borcdan əlavə vəsaiti mənimsəmişdir. Hədə-qorxunun olması barədə onda sübutlar vardır. Göstərilənlərə əsasən İsmayılova Səbinə İqramudinovnanın əməllərində cinayət tərkibinin əlamətləri olduğundan iddiaçı cavabdehin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat
4. Cavabdeh Cavabdeh Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onun telefonu xarabdır, lakin onun telefonunda iddiaçının ona zəng etdiyi, yazdığı vaxtlar, mesajlar mövcud idi. Onların pul məsələsinə görə qrupları olmuşdur. Iddiaçı 2024-cü ilin oktyabr ayında onlardan pul alıb yoxa çıxmışdır. O, onunla iyul ayında tanış olmuş, ona 1.000 manat pul vermişdir. Müəyyən müddətdən sonra ona 100 manat qaytarmışdır. Onlar da ona inanmış, lakin pullarını qaytarmamışlar. İddiaçı onlara noyabr ayında vergi vermədiyi üçün pulu qaytara bilmədiyini, hesab açmaq üçün vergi ödəməli olmasını bildirmişdir. Çünki məbləğ böyükdür, Elizaveta ona 15.000 manatdan əlavə 17.000 manat da pul verməlidir. Əslində iddiaçının ona borcu daha çoxdur. O, bir müddət gözləmiş, iddiaçını aidiyyəti orqanlara şikayət etməmişdir. İlk öncə gedib 15.000 manat borcu notarial qaydada təsdiq etdirmişdir ki, əlində borc ilə bağlı rəsmi sənəd olsun. 2025-ci ilin aprelində iddiaçının ona 17.000 manat kredit borcu olmuş, həmin borcu 3 il ərzində, hər ay 630 manat ödəməklə qaytarmalı idi. Bundan sonra o, 2025-ci ilin aprel ayından sonra polisə şikayət etmişdir.
5. Cavabdehin vəkili Vəkil Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia tələbi əsassızdır, tamamilə şər-böhtan üzərində qurulmuşdur. İddiaçı ilə cavabdehi bağlayan münasibət borc münasibətləri olmuşdur. Tərəflər arasında daha öncə də borc münasibətləri olmuş, notarial müqavilə sonradan bağlanılmışdır. İddiaçı cavabdehdən dəfələrlə borc alıb, nəinki cavabdehdən, hətta rəfiqəsindən və onun kimi bir çox insanlardan borc alıb və vaxtında borcunu qaytarmadığına görə aralarında mübahisə yaranmışdır. Hətta tərəflər bununla bağlı polis orqanlarına müraciət ediblər ki, pulu ala bilmirlər. O bildiyinə görə 60 nəfərə yaxın insan var ki, bu vəziyyətdədir, iddiaçı həmin şəxslərdən borc alır, ancaq məbləği geri qaytarmır. Hal-hazırda iddiaçının tələbi özünü müdafiə xarakterlidir, çünki həmin müqavilə üzrə icra qeydi aparılaraq icraya yönəldilmiş və borcun iddiaçının maaşından tutulması barədə qərar qəbul edilmişdir. Əslində, iddiaçının götürdüyü borcu Səbinə xanım bankdan kredit olaraq götürüb və həmin gün də borc müqaviləsi bağlayaraq iddiaçıya vermişdir. Hətta aralarında danışıq olub ki, cavabdeh krediti öz adına götürür və iddiaçı da vaxtı çatanda kredit üzrə ödənişlər etməlidir. Onlarda da bununla bağlı danışıqlar və sübutlar var ki, iddiaçı pulu götürüb, ödənişləri gecikdirmişdir. Pulu faizlər ilə birlikdə iddiaçı banka ödəməli idi. Hal-hazırda cavabdeh də pis vəziyyətdədir. Onlar Bakı şəhəri Nizami rayon 24-cü Polis Bölməsinin qərarını təqdim etmişlər, belə ki, bundan əvvəl cavabdeh və onları tanış edən rəfiqəsi əlacsız qalaraq polisə müraciət edərək həmin o, 15.000 manatı və bundan qabaq olan borcları tələb ediblər, polis də iddiaçını və cavabdehləri çağıraraq izahatını almışdır. Bu qərarda qeyd edilir ki, iddiaçı israr edir ki, borcunu həmin vaxta qaytarıb, ancaq ondan sonrakı bütün hərəkətlər və danışıqlar sübut edir ki, heç də həmin borc məbləği qaytarılmayıb, hətta iddiaçının cavabdehə əlavə borcları da vardır. İddiaçının təqdim etdiyi qəbzlər kseroks edilmiş surətlərdir. Bununla yanaşı iddiaçının təqdim etdiyi qəbzlərdə olan bəzi ödənişlər cavabdehin kart hesabına oturub, ancaq qəbzlərin əksəriyyəti yalandır, həqiqəti əks etdirmir. Cavabdehin bu borcu iddiaçıya verməyə marağı olub, çünki bu 15.000 manat olan borca qədər də tərəflərin borc münasibətləri olub və iddiaçının cavabdehə borcu qalıb. Cavabdeh iddiaçıya şərait yaratmışdır ki, borcunu qaytarsın. İddiaçı bildirmişdir ki, 15.000 manat versin, onu biznesə qoyacaq, oradan pul qazanacaq, köhnə borclarını da, banka olan borcunu da qaytaracaqdır. Tərəflər arasında lotereya məsələsi olub, lotereya başqa şəxslərin olub, iddiaçı cavabdehdən xeyir vermək şərtilə, faizlə pul götürüb, pulu özündə saxlayıb və verməyib, müəyyən faizlər ödəyib. İddiaçının bildirdiyi pulları cavabdehə göndərməsi barədə onlarda səsyazıları var ki, iddiaçı bildirir ki, indi imkanı yoxdur, növbəti günlər ərzində pulu atacaqdır. Heç kəs iddiaçını ölüm həddinə çatdırmayıb. “Whatsapp” qrupu olub, iddiaçı qabaqdan gəlmişlik edir, müdafiə üçün hücuma keçir, borc müqaviləsindən əvvəl iddiaçının cavabdehə xeyli borcu var idi, iddiaçı hissə-hissə ödənişləri ödəyib, ancaq əsas məbləği ödəməyib, daha sonra yenə müraciət edib ki, ona bir az da borc pul versin, iş görür və ona pul lazımdır. İddiaçı öz adına kredit götürə bilmirdi, cavabdeh kredit müqaviləsini öz adına götürüb, pulu da sənədsiz verə bilməyib ki, əlində sənəd olsun, ona görə müqavilə bağlanılıb, 2 ay ərzində o pul ödənilməyib, o pul hələ indiyə kimi ödənilməyib. Borc müqaviləsinə görə bankda hələ də cavabdeh tərəfindən ödəniş olunur, yanvar, fevral ayı üzrə danışıqlar var. Yanvar fevral ayı üzrə danışıqlardan görünür ki, həmin kredit müqaviləsinin söhbəti gedir, əgər borc verilmiş olsa idi yanvar ayında bu kreditin müzakirəsi, kreditin ödənişi, faizlərin vaxtının müzakirəsi getməli idi. Səsyazılarında müqavilənin iddiaçının adına qeydə alınması təklif edilmişdir, o da onun adına mümkün olmadığını, borclarının çox olmasını bildirmişdir. Hətta tərəflər arasında elə bir danışıq var ki, iddiaçı cavabdehə bildirir ki, gedib hər hansı bir yerdə gözləsin, onun pulunu verəcəkdir, cavabdeh idiaçının dediyi yerdə gözləsə də iddiaçı gəlməmiş, cavabdehi aldatmışdır. İddiaçıya hədə-qorxu gəlinməsi halı olmayıb, bütün bunlar sadəcə işin uzadılmasıdır, iddiaçı bu iddia tələbi ilə sanki özünü yayındırmağa çalışıb. Bundan başqa idiaçı daha 3 nəfərə qarşı eyni iddia tələbi ilə başqa məhkəmələrdə iddia qaldırmışdır ki, həmin şəxslərlə də eyni cür münasibətləri olub, onlara da eyni formada borcları olmuşdur. Şahidlərə iddiaçı pul borcludur, iddiaçının 60 nəfərə borcu var, iddiaçı onlardan pul alır, ancaq onu qaytarmır. Cavabdeh də o şəxslərdən biridir.
6. Məhkəmə iclasında Mirzəyeva İlyanna Anatoliyevna şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı Elizaveta xanımın anası ilə onun atası ailə qurmuş, iddiaçını 2013-cü ildən tanmışdır. 2023-cü ildə iddiaçı ondan uşaqları üçün pul istəmiş, ona bankdan pul götürməsini bildirmişdir. Bu birinci götürdüyü kredit olmuşdur. Onun 2 krediti vardır, biri nağd, digərini telefon vasitəsilə götürmüş, Elizavetaya görə kredit götürmüş, çünki onun kartı bloklanmış, pulları da həmin kartda qalmış və o da pulu ona görə verə bilməmişdir. O, qohum olduqları üçün ona inanıb kömək etmiş, Elizaveta borca görə ona faiz verəcəyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında notarial qaydada razılaşma var idi ki, Səbinə xanım Elizaveta xanıma pul verəcəkdir. Onlar arasında kredit müqaviləsi olmuş, Səbinə xanım Elizaveta xanıma kredit vermiş, Elizaveta isə pulu qaytarmamışdır. Onların notariusda olan müqavilədən başqa aralarında pul məsələsi olub-olmadığını bilmir. Elizavetanın Sofyaya, Zenfiraya, Rada xanıma, İnna, Seva xanım, öz doğma qardaşı Tağıya, Kəmalə xanıma borcunun vardır. Bunlardan başqa şəxslər də olsa da onların adını bilmir. İddiaçı ona cavabdehdən çox pul götürməsi, ona hədə-qorxu gəlməsi barədə heç nə deməmişdir. Aralarında olan münasibətin pozulma səbəbi iddiaçının ona pulunu qaytarmaması olmuşdur.
7. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı ona qarşı da iddia qaldırmışdır ki, guya o, ona hədə-qorxu gəlib ondan pul istəmişdir. Onu Elizaveta ilə onun rəfiqəsi tanış etmişdir. O, iddiaçıya 20.000 manatdan çox pul vermiş, lakin iddiaçı həmin məbləği tam qaytarmamış, həmin məbləğdən 7.000 manat qaytarmış, 13.000 manat məbləğ isə hələ də qaytarılmamışdır. Elizaveta ondan biznes qurmaq məqsədilə, tır ilə maşın gətirəcəyi üçün pul istəmiş və ona qızıl satan şəxs ilə müqavilə bağladığını və borc məbləğini artıqlaması ilə qaytaracağını bildirmişdir. O, Səbinə xanımı ortaq “Whatsapp” qrupundan tanıyır. İddiaçının çox adamdan xeyli borc alması barədə məlumatı vardır. Ən azı 5-7 nəfərə onun borcu vardır. Onun iddiaçının Səbinəyə qarşı iddia qaldırmasından da xəbəri olmuşdur. Elizavetanın Səbinə xanımın ona hədə-qorxu gəlməsi barədə bildirsə də bunlar həqiqəti əks etdirmir. İddiaçı heç kəsə Səbinənin ona hədə-qorxu gəlməsini bildirməmişdir.
8. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirdi ki, onlar əksəriyyəti məhkəmə prosesində tanış olmuşdur. İddiaçı onlardan uşağına, biznesə və maşına görə pul istəmişdir. Elizaveta əvvəl də lotereya oynayıb borca düşdüyünü bildirmişdir. O, öz evini “Kəpəz Bank” BOKT-a girov qoyub pul götürmüşdür. O, Elizavetaya 25-30 min manat pul vermişdir. İddiaçı onları aldatmış, onlar da başlayıb ondan verdikləri borc pulları tələb etmişlər. İddiaçı bildirir ki, guya iddiaçı ona 90 min manat borc vermiş, ona hədə-qorxu gəlmişdir, lakin o, Elizavetaya bir dəfə 20.000 manat, sonra da 34.000 manat pul vermişdir. O, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə polis orqanlarına şikayət etmişdir. İddiaçı onun telefonuna zəng vuraraq Səbinəyə 15.000 manat borclu olduğunu, 3 gün ərzində Səbinəyə həmin pulu qaytarmalı olmasını bildirmiş, ona kömək etməsini istəmişdir. İddiaçı cavabdehə Qara Qarayev prospektində restoranda görüşüb pulunu qaytaracağını bildirmiş, Səbinə xanım da sevinmişdir ki, onun pulu qaytarılacaqdır, lakin iddiaçı pulu qaytarmamış, pulunun olmadığını bildirmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı İldırımova Elizaveta Vladimirovna məhkəmə iclasına gəlməmiş, iddiaçı ##.##.2026-cı il tarixdə elektron qaydada ərizə verərək bildirmişdir ki, məhkəmə iclasının təyin edildiyi tarixə saat 10-00-a AR Daxili İşlər Nazrliyinə bir qrup şəxs tərəfindən hədə-qorxu və şantaj yolu ilə külli miqdarda pulunun mənimsənilməsi faktı üzrə zərərçəkmiş qismində dəvət olunmuş və bu səbəbdən də məhkəmə prosesində iştirak edə bilməyəcəyəkdir. Buna görə də məhkəmənin baxış iclasının başqa günə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iş üzrə iclasın təxirə salınması barədə ərizəsinə münasibətdə bildirir ki, iddiaçı ərizəsinə qeyd etdiyi fakt ilə bağlı hər hansı sübut əlavə etməmiş, bununla belə iş üzrə kifayət qədər sübutlar təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılma aparılmışdır. Hazırda mülki iş üzrə məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəflərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, iş üzrə araşdırılmalı yeni hallar olmadığından ərizə təmin edilməyərək mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı İldırımova Elizaveta Vladimirovna iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İsmayılova Səbinə İqramudinovnanı 2024-cü ilin sentyabr ayında Zemfira Babayevanın vasitəsilə tanımış, Zemfira xanımı isə sinif yoldaşı Qədirova Leyla vasitəsilə tanımış, ilk öncə pul üçün sinif yoldaşı Qədirova Leylaya müraciət etmiş, o da Zemfira xanıma yönəldib, Zemfira xanım da onu Səbinə xanımla əlaqələndirmişdir. Ona pul lazım olduğu üçün cavabdehdən Bakı şəhəri ** saylı Notariat kontorunda ##.##.2024-cü il tarixdə bağlanmış notariat müqaviləsinə əsasən 15.000 manat pul vəsaitini faizsiz borc almışdır. Həmin borc məbləğini ##.##.2024-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş və 15.000 manatı öhdəsinə götürdüyü müddətdə tam ödəmişdir. Həm Səbinə İsmayılovanın kartına, həm də bilavasitə onun tapşırığı ilə oğlanları İsmayılov Alovuddin, İsmayılov Zeynuddin və qızı İsmayılova Bikənin kartına ödəmiş, ödəniş qəbzləri təqdim olunmuşdur. Ona cavabdeh bildirməmişdir ki, borcu notariusun depoziti ilə bağlamaq lazımdır. Cavabdeh ona bu pulun 15.000 manatdan silinəcəyini bildirmişdir. Ancaq borc silinməmiş, borc üzrə icra qeydi verilmişdir. Polisin qərarında onun birinci ay üzrə 650 manat məbləğində qazanc verməsi göstərilsə də, onlar arasında biznes müqaviləsi olmamışdır ki, cavabdehə qazanc versin. Cavabdehlə danışıqları olmuşdur ki, 15.000 manatın üstündə 2.000 manat əlavə ödəyəcəkdir, lakin ona onun atdığı pullar kifayət etməmiş, Qusarda tikintisinin olmasını bildirərək onu hədələməyə başlamışdır. Borcverən ona hədə-qorxu gələrək, şantaj yolu ilə əlavə pul almışdır. Ümumilikdə o, boc verənə 43.237 manat pul vəsaiti ödəmişdir. O, bir dəfə 2024-cü ilin oktyabr ayında 15.000 manat, hissə-hissə 3.500 manat, 1.500 manat, 1.000 manat, 600 manat təkcə Səbinə xanımın kartlarına atmışdır. Səbinə xanıma pul ödəmək üçün yoldaşı da kredit götürüb, bununla bağlı onun da sənədi vardır. Cavabdeh həmçinin hədəqorxu qələrək, şantaj edərək onun səhhətinə mənəvi zərər vurmuşdur. Onu ölüm həddinə çatdırmışdır. Ailəsində söz-söhbət yaratmışdır. Cavabdeh onu uşaqları ilə hədələyirdi, oğullarının gəlib onunla, həyat yoldaşı ilə danışacağını, iş yerində biabır olacağını bildirmişdir. O, uşaqlarının həyatı təhlükədə olacağı üçün heç bir hüquqmühafizə orqanına müraciət etməmiş, bununla da səhlənkarlıq etmişdir. O, iş yoldaşları ilə 5-10 nəfərdən ibarət 400, 500, 1.000 manatdan 3 dəfə lotereya oynamış, bu borcdan əvvəl cavabdehdən lotereya üçün bir dəfə 400, bir dəfə 500, bir dəfə 1.000 manat pul almışdır. Polisdə təqdim edilən qəbzləri o, öz “Leobank”, “xxxx” ASC, “xxxx” ASC tətbiqindən ödəmişdir. Bu qəbzlər ondan əlavə tələb edilən və tərəfindən edilən ödənişlərin qəbzləridir. O, keçən dəfə icra qeydinin ləğvi ilə bağlı icra məmuruna yaxınlaşmış, belə ki, uşaqlarının da 2 həftədən çox, hətta 3 həftə infeksiyası ilə bağlı icra qeydini əldə edə bilməmiş, həmin icra qeydinin ləğvi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə ərizəsini təqdim etmişdir. O, qızıllarını, evini borcunu qaytarmaq üçün satmışdır. Cavabdehin ona 30.000-40.000 manat pul verdiyini deyirlərsə buna sübut gətirsinlər. O, həmçinin qeyd etmişdir ki, kreditin ödənilməsi məsələsi olmayıb, o, kredit götürüb ona 15.000 manat vermiş, o da 15.000 manat pulu qaytaranda onların heç bir söhbəti olamışdır. Cavabdeh ona 2-3 krediti olduğunu, pul verməli olmasını, ona pul verməsi üçün kredit götürdüyünü bildirmişdir. Cavabdeh ona 22.000 manat pul vermiş, o da həmin məbləği 2 ay ərzində qaytarmış, yanvar və fevral ayında ödədiyi əlavə pullar, faizlər olmuşdur. O, həmin borc üzrə təxminən 6.000 manat pul ödəməli olmuşdur. Səbinə xanım və oğulları neçə dəfə evinə gəlmiş, onu polisə verəcəyini bildirmiş, onlar onu polisə vermiş, polisə qəbzlərini təqdim etmiş, izahatını vermiş, bu şikayətə 3 dəfə baxılmış, hər ikisinə də mülki qaydada məhkəməyə müraciət edə biləcəklərini bildirmişlər. Onun Sofiya ilə işi polis bölməsindədir, Zemfira xanımı polis əməkdaşı çağırsa da o, çağırışa gəlmir. Onların hamısı bir qrup şəklində yığılmışdır. Rada xanımla onun hazırda Sumqayıt Şəhər Məhkəməsində məhkəmə mübahisəsi gedir, Rada xanımın vasitəsilə Səbinə xanımı tanımışdır. Hər şeyin arxasında Rada xanımın qızı dayanıb. Pulu da Linda xanım götürüb, Linda xanım ortaya çıxmır. Linda xanımla bağlı şikayətini də polisə hazırlamışdır. c) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə haqqında məlumat
10. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətlərinin mövcud olması işin mübahisəsiz hallarındandır. İş materiallarında olan ##.##.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş borc müqaviləsinə əsasən, iddiaçı 15.000 manat məbləğində pul vəsaiti almış və həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Bununla yanaşı, iş materiallarında olan sübutlar tərəflər arasındakı pul münasibətlərinin yalnız həmin notarial müqavilə ilə məhdudlaşması barədə iddiaçının mövqeyini təsdiq edən kifayət qədər əsas verməmişdir. Məhkəmə iddiaçının 15.000 manat məbləğində əsas borcu ##.##.2024-cü il tarixədək tam qaytarması və bundan sonra cavabdehə əlavə olaraq 28.237 manat ödəməsi barədə dəlilini iş materiallarında olan ödəniş sənədləri ilə müqayisəli şəkildə qiymətləndirmişdir. Təqdim edilmiş qəbzlər üzrə ##.##.2024-cü il tarixindən sonrakı ödənişlərin ümumi məbləğinin 3.855 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə bu halın iddiaçının əsas borcu tam qaytardıqdan sonra əlavə olaraq 28.237 manat ödəməsi barədə mövqeyi ilə uzlaşmadığı qənaətinə gəlmişdir. Rayon Məhkəməsi ödəniş sənədlərini araşdırarkən pul köçürmələrinin yalnız cavabdeh Səbinə İsmayılovanın deyil, həmçinin onun övladları Alovuddin və Zeynuddinin bank kartlarına həyata keçirildiyini də müəyyən etmişdir. İş materiallarında müxtəlif tarixlərdə 40 manat, 20 manat, 300 manat, 100 manat, 230 manat, 15 manat, 200 manat, 50 manat, 100 manat, 100 manat, 700 manat və digər məbləğlərdə köçürmələrin həyata keçirilməsini əks etdirən ödəniş sənədləri olmuşdur. Məhkəmə həmin sənədləri ayrılıqda deyil, tərəflər arasında mövcud olmuş borc münasibətlərinə dair digər sübutlarla birlikdə qiymətləndirmişdir. Rayon Məhkəməsi iddiaçının hazırkı iddia üzrə irəli sürdüyü mövqeyi onun əvvəllər verdiyi izahatlarla da müqayisə etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçının izahatına istinadla göstərilmişdir ki, o, 2024-cü ilin avqust-sentyabr aylarında cavabdehdən ümumilikdə 32.000 manat pul aldığını, sonradan isə cavabdeh Səbinə İsmayılovaya 37.000 manat ödədiyini və həmin ödənişlərə faiz məbləğlərinin də daxil olduğunu bildirmişdir. Rayon Məhkəməsi qeyd olunan izahatla hazırkı iddia ərizəsində göstərilən halları müqayisə edərək onlar arasında əhəmiyyətli fərqlərin olduğunu nəzərə almışdır. Belə ki, iddiaçı hazırkı işdə münasibətlərin 15.000 manat məbləğində faizsiz borc müqaviləsi və həmin borcun tam qaytarılmasından sonra cavabdeh tərəfindən əlavə pul vəsaitlərinin alınması ilə bağlı olduğunu bildirdiyi halda, əvvəlki izahatında daha böyük məbləğdə pul alınması və faizlər də daxil olmaqla cavabdehə 37.000 manat ödənilməsi barədə məlumat vermişdir. Rayon Məhkəməsi həmin ziddiyyəti iddiaçının 28.237 manat məbləğində pulun hüquqi əsas olmadan cavabdehə verilməsi barədə mövqeyinin digər sübutlarla birlikdə qiymətləndirilməsi zamanı nəzərə almışdır. Rayon Məhkəməsi iddiaçının əlavə ödənişləri hədə-qorxu və şantaj təsiri altında həyata keçirməsi barədə dəlilini də araşdırmışdır. Məhkəmə iş materiallarında olan WhatsApp yazışmalarını və digər təqdim edilmiş materialları qiymətləndirərək həmin sübutların cavabdehin iddiaçıya qarşı hədə-qorxu və ya şantaj tətbiq etməsini, habelə iddiaçının tələb etdiyi 28.237 manatın məhz belə qanunsuz təsirin nəticəsində ödənilməsini təsdiq etmədiyi qənaətinə gəlmişdir. Rayon Məhkəməsi iddiaçının tələbini əsassız varlanma ilə bağlı hüquq normaları baxımından da qiymətləndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə istinad etməklə, cavabdehin iddiaçı hesabına hüquqi əsas olmadan əmlak əldə etməsinin və ya qənaət etməsinin iş üzrə sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Belə ki, iddiaçı tələb etdiyi 28.237 manatın faktiki olaraq cavabdeh tərəfindən əldə edilməsini, həmin məbləğin hansı konkret ödənişlərdən formalaşmasını və bu ödənişlərin tərəflər arasında mövcud borc münasibətlərindən kənar, hüquqi əsas olmadan həyata keçirilməsini mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişdir. Rayon Məhkəməsinin tətbiq etdiyi hüquq normaları sırasında MM-in 1091.1, 1092.1 və 1093.1-ci maddələri də göstərilmişdir. Məhkəmə ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2 və 740.1-ci maddələrinin müddəalarını da tətbiq etmiş, tərəflər arasında borc öhdəliyinin mövcudluğunu nəzərə alaraq iddiaçının həyata keçirdiyi ödənişlərin hüquqi xarakterini məhz tərəflər arasında mövcud olmuş borc münasibətləri və işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Rayon Məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə münasibətdə də iddiaçının istinad etdiyi qanunsuz davranışın, yəni cavabdeh tərəfindən ona qarşı hədə-qorxu və şantaj tətbiq edilməsinin iş materialları ilə təsdiq olunmadığını nəzərə almışdır. İddiaçının mənəvi zərər tələbi bilavasitə həmin hərəkətlərlə əsaslandırıldığından, əsas hüquq pozuntusunun sübuta yetirilmədiyi şəraitdə 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutulması üçün də əsas müəyyən edilməmişdir. İddiaçının ##.##.2025-ci il tarixli vəsatətinə də münasibət bildirən Rayon Məhkəməsi işə baxılması zamanı cavabdehin hərəkətlərində cinayət əlamətlərinin mövcudluğunu təsdiq edən halların müəyyən edilmədiyini nəzərə alaraq, xüsusi qərardad qəbul edilməsini zəruri hesab etməmişdir. Beləliklə, Rayon Məhkəməsi iş materiallarında olan borc müqaviləsini, ödəniş sənədlərini, tərəflərin izahatlarını, şahid ifadələrini, polis araşdırması materiallarını, yazışmaları və digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək, iddiaçının 28.237 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən hüquqi əsas olmadan əldə edilməsini və həmin pulun hədəqorxu və şantaj nəticəsində ödənilməsini sübut edə bilmədiyi qənaətinə gəlmişdir. Bu səbəbdən həm həmin pulun geri qaytarılması, həm də onunla əlaqələndirilən 10.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər əsassız hesab edilmiş və iddia təmin olunmamışdır. d) apellyasiya şikayəti haqqında məlumat
11. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş 15.000 manat məbləğində faizsiz borc müqaviləsi bağlanmış və həmin müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliyi onun tərəfindən tam icra edilmişdir. Buna baxmayaraq, cavabdeh sonradan ondan əlavə pul vəsaitləri tələb etmiş və nəticədə cavabdehə və onun göstərdiyi şəxslərin bank kartlarına müxtəlif tarixlərdə pul köçürmələri həyata keçirilmişdir. Şikayətçinin mövqeyinə görə, əsas borc öhdəliyinin tam icrasından sonra cavabdehə əlavə olaraq 28.237 manat pul ödənilmiş, həmin məbləğin alınması üçün cavabdehin hər hansı müqavilə və ya başqa qanuni əsası olmamışdır. Bu səbəbdən apellyator həmin pul vəsaitinin cavabdehin onun hesabına hüquqi əsas olmadan əldə etdiyi əmlak kimi geri qaytarılmalı olduğunu bildirmişdir. O, Rayon Məhkəməsinin təqdim edilmiş ödəniş sənədlərinə verdiyi qiymətlə razılaşmamışdır. Göstərmişdir ki, bank tətbiqlərindən əldə edilmiş ödəniş qəbzləri real bank əməliyyatlarını əks etdirdiyi halda, Rayon Məhkəməsi həmin sənədlərə lazımi sübuti əhəmiyyət verməmiş, onları lazımi qaydada araşdırmamış və nəticədə faktiki həyata keçirilmiş ödənişlərin məbləğini düzgün müəyyən etməmişdir. Apellyatorun mövqeyinə görə, təqdim etdiyi bank sənədləri 15.000 manat məbləğində əsas borcun qaytarıldığını, habelə bundan əlavə pul vəsaitlərinin cavabdehə və onun göstərdiyi şəxslərə ödənildiyini təsdiq edir. Həmçinin ödənişlərin bir hissəsinin cavabdehin öz bank kartına deyil, onun övladlarının və digər göstərdiyi şəxslərin bank kartlarına həyata keçirilməsinin həmin ödənişlərin cavabdehlə əlaqəsini aradan qaldırmadığını bildirmişdir. Apellyatorun mövqeyinə görə, pul köçürmələrinin məhz cavabdehin göstərişi əsasında həmin kartlara edilməsi nəzərə alınmalı və ödənişlər tərəflər arasındakı münasibətlər çərçivəsində vahid şəkildə qiymətləndirilməli idi. Apellyator Rayon Məhkəməsinin əsassız varlanmaya dair hüquqi qiymətləndirməsi ilə də razılaşmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə istinad edərək, cavabdehin hüquqi əsas olmadan onun hesabına əldə etdiyi pul vəsaitlərini qaytarmaq vəzifəsinin yarandığını bildirmişdir. Şikayətçinin qənaətinə görə, əsas borc öhdəliyinin icrasından sonra ödənilmiş pul vəsaitlərinin cavabdehdə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından, Rayon Məhkəməsi mübahisəni əsassız varlanma institutunun mahiyyətinə uyğun həll etməmişdir. Apellyator iddia ərizəsində göstərdiyi hədə-qorxu və şantaj barədə dəlillərini apellyasiya şikayətində daha geniş əsaslandırmışdır. O bildirmişdir ki, cavabdeh tərəfindən ona qarşı davamlı təzyiq göstərilmiş və əlavə pul vəsaitlərinin ödənilməsi həmin təzyiq və hədə-qorxunun nəticəsi olmuşdur. Şikayətçi, həmçinin onun xəbəri və razılığı olmadan intim xarakterli görüntülərinin əldə edildiyini və həmin görüntülərin yayılması ilə hədələnərək ondan pul tələb edildiyini bildirmişdir. Apellyatorun mövqeyinə görə, əlavə pul ödənişlərinin həyata keçirilməsinin əsas səbəblərindən biri məhz həmin görüntülərlə bağlı ona qarşı göstərilən təzyiq və şantaj olmuşdur. O, bu hallarla bağlı daxili işlər orqanlarında araşdırmanın aparıldığını da göstərmişdir. Apellyator bu hallara hüquqi qiymət verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23 və 339-cu maddələrinin, habelə işdə istinad etdiyi digər maddi hüquq normalarının nəzərə alınmalı olduğunu bildirmişdir. Şikayətdə, həmçinin cavabdehin hərəkətlərinin cinayət-hüquqi xarakter daşıdığı iddia edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 156.1-ci maddələrinə istinad edilmişdir. Apellyator mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi ilə də razılaşmamışdır. Onun mövqeyinə görə, cavabdehin hədə-qorxu və şantaj xarakterli hərəkətləri, şəxsi həyatına müdaxilə edilməsi, intim xarakterli görüntülərin yayılması ilə hədələnməsi və bunun nəticəsində uzun müddət psixoloji təzyiq altında qalması ona ciddi mənəvi sarsıntı yetirmişdir. Buna görə tələb etdiyi 10.000 manat mənəvi zərərin əvəzi yaranmış mənəvi iztirabların kompensasiyası kimi cavabdehdən tutulmalıdır. Apellyasiya şikayətində Rayon Məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə də etiraz edilmişdir. Apellyator həmin şahidlərin cavabdehlə yaxın münasibətdə olduqlarını, onlardan bəzilərinin isə onunla ayrıca mübahisəli münasibətlərinin mövcud olduğunu bildirərək, ifadələrinin obyektiv və qərəzsiz sübut kimi qəbul edilməsinin düzgün olmadığını göstərmişdir. Şikayətçinin fikrincə, Rayon Məhkəməsi şahid ifadələrinin digər sübutlarla uyğunluğunu və şahidlərin işin nəticəsində maraqlı olub-olmamalarını kifayət qədər yoxlamadan həmin ifadələrə üstün sübuti əhəmiyyət vermişdir. Apellyator hesab etmişdir ki, bu hal iş üzrə sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi tələbinin pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətində eyni zamanda prosessual hüquqlarının pozulmasına da istinad edilmişdir. Belə ki,Rayon Məhkəməsində iş üzrə son məhkəmə iclasının keçirildiyi vaxt daxili işlər orqanında araşdırma çərçivəsində izahat və üzləşmə ilə əlaqədar iştirak etməli olmuş, bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Şikayətçi həmin səbəbdən öz mövqeyini tam ifadə etmək, əlavə şahidlərin dindirilməsini təmin etmək, səsyazısını, diskdə olan materialları, əlavə WhatsApp yazışmalarını və digər sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olduğunu bildirmişdir. Onun mövqeyinə görə, məhkəmə həmin sübutların işin düzgün həlli üçün əhəmiyyətini nəzərə almalı və onların təqdim edilməsinə imkan yaratmalı olduğu halda bunu etmədən iş üzrə qətnamə qəbul etmişdir. Apellyator qeyd olunan prosessual dəlillərlə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1–9.3, 14.2, 76.1, 76.3, 77.1, 81, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etmiş, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin, sübutların təqdim və tədqiq edilməsi qaydalarının, habelə məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılması tələbinin pozulduğunu bildirmişdir. Beləliklə, apellyatorun mövqeyinə görə, Rayon Məhkəməsi tərəflər arasındakı pul münasibətlərinin həqiqi xarakterini müəyyən etməmiş, təqdim olunmuş bank sənədlərini və digər sübutları düzgün qiymətləndirməmiş, hədə-qorxu və şantajla bağlı halları tam araşdırmamış, şahid ifadələrinə əsassız üstünlük vermiş və iddiaçının prosessual hüquqlarının həyata keçirilməsinə lazımi şərait yaratmamışdır. Bu səbəbdən apellyator Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar haqqında məlumat
13. İddiaçı (apellyator) İldırımova Elizaveta Vladimirovna apellyasiya instansiyası məhkəməsinin əvvəlki məhkəmə iclasında iştirak etməmiş, ərizə və teleqramla Məhkəməyə müraciət edərək sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə əvvəlcə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, sonradan isə iş materiallarının hərtərəfli araşdırılması və gəlməyən tərəfin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasını növbəti tarixə təxirə salmış və iddiaçıya növbəti məhkəmə iclasının tarixi və yeri barədə lazımı qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq iddiaçı – apellyator sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. Cavabdeh İsmayılova Səbinə İqramudinovna apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə, habelə iddia tələbinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. f) işdə olan sənədlər və müəyyən edilmiş hallar
15. İş materiallarında olan ##.##.2024-cü il tarixli notariat qaydasında təsdiq edilmiş borc müqaviləsindən görünür ki, tərəflər arasında 15.000 manat məbləğində borc münasibəti rəsmiləşdirilmiş və həmin pul vəsaitinin müqavilədə müəyyən edilmiş müddətdə qaytarılması nəzərdə tutulmuşdur. Tərəflər arasında həmin müqavilənin bağlanması və müqavilə üzrə 15.000 manat məbləğində borc öhdəliyinin yaranması mübahisələndirilmir.
16. İş materiallarında iddiaçı tərəfindən müxtəlif tarixlərdə həyata keçirilmiş pul köçürmələrinə dair ödəniş sənədləri mövcuddur. Həmin sənədlərdə pul vəsaitlərinin həm cavabdeh Səbinə İsmayılovanın, həm də onun övladları Alovuddin və Zeynuddinin bank kartlarına köçürülməsi əks olunmuşdur. Rayon Məhkəməsinin müəyyən etdiyi kimi, təqdim edilmiş qəbzlər üzrə ##.##.2024-cü il tarixindən sonrakı ödənişlərin ümumi məbləği 3.855 manat təşkil etmişdir.
17. İş materiallarında, həmçinin notariat qaydasında rəsmiləşdirilmiş borc öhdəliyinin icrası ilə əlaqədar icra qeydi və icra tədbirlərinə dair sənədlər mövcuddur. Həmin sənədlər Rayon Məhkəməsi tərəfindən tərəflər arasındakı borc münasibətlərinə dair digər sübutlarla birlikdə araşdırılmışdır.
18. İş materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı iddiaçı Elizaveta İldırımovanın izahatı alınmışdır. Həmin qərarda iddiaçının izahatına istinadla onun 2024-cü ilin avqust-sentyabr aylarında Səbinə İsmayılovadan ümumilikdə 32.000 manat pul aldığını, Səbinə İsmayılovaya isə faizlər də daxil olmaqla 37.000 manat pul ödədiyini bildirməsi əks olunmuşdur.
19. Rayon Məhkəməsi tərəflər arasındakı münasibətlərə dair WhatsApp yazışmaları və digər elektron materialları, iddiaçının hədə-qorxu və şantaj nəticəsində pul ödəməsi barədə dəlilləri digər sübutlarla birlikdə qiymətləndirmişdir.
20. Bundan başqa, Rayon Məhkəməsində şahidlər Mirzəyeva İlyanna Anatoliyevna, X2 və X4 dindirilmiş, onların tərəflər arasında mövcud olmuş pul münasibətləri barədə ifadələri iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi haqqında məlumat
21. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və işdə olan yazılı və digər sübutları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının üzərinə düşən sübutetmə yükünün və işdə olan ayrı-ayrı sübutların hüquqi əhəmiyyətinin müəyyən edilməsi zəruridir.
23. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
24. Göstərilən prosessual normaların tələbləri baxımından hazırkı işdə iddiaçı yalnız cavabdehə və ya onun göstərdiyi şəxslərə müəyyən pul köçürmələrinin həyata keçirildiyini deyil, məhz tələb etdiyi 28.237 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən onun hesabına hüquqi əsas olmadan əldə edildiyini, başqa sözlə, həmin məbləğin tərəflər arasında mövcud olmuş borc münasibətlərinin icrası ilə bağlı olmadığını sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Hazırkı işdə tərəflər arasında borc münasibətlərinin mövcud olması mübahisəsizdir. ##.##.2024-cü il tarixli notarial müqavilə üzrə 15.000 manat məbləğində borc öhdəliyinin mövcudluğu ilə yanaşı, cavabdeh tərəflər arasında həmin müqavilədən əvvəl də pul münasibətlərinin olduğunu bildirmiş, iddiaçının əvvəlki izahatlarında da tərəflər arasındakı pul münasibətlərinin yalnız 15.000 manatlıq notarial müqavilə ilə məhdudlaşmadığını göstərən məlumatlar əks olunmuşdur. Xüsusilə, ##.##.2025-ci il tarixli qərarda iddiaçının 2024-cü ilin avqust-sentyabr aylarında cavabdehdən 32.000 manat aldığını, cavabdehə isə faizlər də daxil olmaqla 37.000 manat ödədiyini bildirməsi qeyd edilmişdir.
27. Buna görə iddiaçının hazırkı mübahisəni yalnız ##.##.2024-cü il tarixli 15.000 manatlıq faizsiz borc müqaviləsi çərçivəsində təqdim etməsi və həmin borcun tam ödənilməsindən sonra bütün sonrakı ödənişlərin avtomatik olaraq hüquqi əsası olmayan ödənişlər hesab edilməli olması barədə mövqeyi iş materiallarında olan sübutlarla təsdiq edilmir.
28. İddia tələbinin əsas maddi-hüquqi əsası əsassız varlanma ilə bağlı olduğundan, həmin institutun tətbiqi üçün qanunla nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmaması ayrıca yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Beləliklə, əsassız varlanma nəticəsində geri qaytarma öhdəliyinin yaranması üçün cavabdehin iddiaçının hesabına əmlak əldə etməsi ilə yanaşı, həmin əmlakın əldə edilməsinin hüquqi əsasının olmaması da müəyyən edilməlidir. Tərəflər arasında qüvvədə olan borc münasibətləri və onların icrası çərçivəsində həyata keçirilmiş ödənişlər isə yalnız ödəniş faktına görə əsassız varlanma kimi qiymətləndirilə bilməz.
30. Hazırkı işdə iddiaçı 28.237 manat məbləğinin hansı konkret ödənişlərin məcmusundan ibarət olduğunu və həmin ödənişlərin hər birinin tərəflər arasında mövcud olmuş borc münasibətlərindən kənar həyata keçirildiyini kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Əksinə, Rayon Məhkəməsinin araşdırdığı qəbzlər üzrə ##.##.2024-cü il tarixindən sonrakı ödənişlərin ümumi məbləğinin 3.855 manat olması müəyyən edilmişdir.
31. Bu baxımdan apellyatorun bank qəbzlərinin Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi barədə dəlili də qətnamənin ləğvi üçün əsas vermir. Məhkəmə qeyd edir ki, ödəniş sənədinin bank əməliyyatının həyata keçirilməsini təsdiq etməsi ilə həmin ödənişin hüquqi səbəbinin müəyyən edilməsi fərqli məsələlərdir. Pul köçürməsinin həyata keçirilməsi faktı özlüyündə həmin pulun cavabdeh tərəfindən hüquqi əsas olmadan əldə edilməsini təsdiq etmir.
32. Eyni qaydada pul vəsaitlərinin cavabdehin öz bank kartı ilə yanaşı, onun övladlarının bank kartlarına köçürülməsi faktı da həmin ödənişlərin hüquqi əsas olmadan həyata keçirildiyini avtomatik olaraq təsdiq etmir. Bu köçürmələrin iddiaçının tələb etdiyi 28.237 manat məbləğində əsassız varlanmanın tərkib hissəsi kimi qəbul edilməsi üçün onların hansı öhdəlikdən kənar həyata keçirildiyi və cavabdehin həmin vəsaitlər hesabına hüquqi əsas olmadan varlandığı sübuta yetirilməlidir.
33. Apellyatorun Rayon Məhkəməsinin əsassız varlanmaya dair hüquq normalarını nəzərə almaması barədə dəlili də iş materialları ilə uzlaşmır. Belə ki, Rayon Məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə istinad edilmiş və iddia tələbinə həmin normalar baxımından hüquqi qiymət verilmişdir.
34. Bununla yanaşı, həmin normaların sadəcə tətbiq edilməli olması iddia tələbinin avtomatik təmin edilməsinə səbəb olmur. Əsassız varlanmaya əsaslanan tələb irəli sürən şəxs, ilk növbədə, qarşı tərəfin onun hesabına əmlak əldə etdiyini və həmin əldə etmənin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırkı işdə isə məhz bu hüquqi əhəmiyyətli hallar tələb edilən 28.237 manat məbləğində sübuta yetirilməmişdir.
35. Apellyatorun pul vəsaitlərinin hədə-qorxu və şantaj nəticəsində ödənilməsi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, həmin hal iddia tələbinin faktiki əsaslarından birini təşkil etdiyindən, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq onun sübut edilməsi vəzifəsi bu hala istinad edən iddiaçının üzərinə düşür.
36. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona təzyiq göstərildiyini, hədə-qorxu və şantaj yolu ilə əlavə pul vəsaitlərinin ödənilməsinə məcbur edildiyini bildirmişdir. Lakin Rayon Məhkəməsi işdə olan WhatsApp yazışmalarını və digər materialları araşdıraraq həmin sübutların cavabdehin iddiaçıdan məhz hədə-qorxu və şantaj yolu ilə pul tələb etməsini, eləcə də tələb edilən 28.237 manatın bu təsir nəticəsində ödənilməsini təsdiq etmədiyi qənaətinə gəlmişdir.
37. Məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Belə ki, işdə pul köçürmələrinin həyata keçirilməsini təsdiq edən sənədlərin olması ödənişlərin məhz hədə-qorxu və ya şantajın təsiri altında edildiyini özlüyündə təsdiq etmir. Bu iki hal — pulun ödənilməsi və həmin ödənişin qanunsuz təsir nəticəsində həyata keçirilməsi — ayrıca sübut edilməli faktlardır.
38. Apellyatorun apellyasiya şikayətində onun xəbəri və razılığı olmadan intim xarakterli görüntülərinin əldə edilməsi və həmin görüntülərin yayılması ilə hədələnərək ondan pul tələb olunması barədə irəli sürdüyü dəlillər də Məhkəmənin başqa nəticəyə gəlməsi üçün kifayət etmir. Apellyasiya şikayətində bu hallarla bağlı daxili işlər orqanlarında araşdırma aparıldığı göstərilsə də, iş materiallarında olan sübutların məcmusu həmin hərəkətlərin cavabdeh tərəfindən törədildiyini, habelə iddiaçının tələb etdiyi 28.237 manatın məhz həmin hərəkətlərin təsiri nəticəsində ödənildiyini mötəbər şəkildə təsdiq etmir.
39. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, cinayət xarakterli hərəkətin mövcudluğunun ayrıca araşdırılması ilə hazırkı mülki iş üzrə 28.237 manat məbləğində pulun geri qaytarılması tələbinin sübuta yetirilməsi eyni məsələ deyildir. Hazırkı mülki mübahisə üzrə Məhkəmə işdə olan sübutlar əsasında tələb edilən konkret məbləğin cavabdeh tərəfindən hüquqi əsas olmadan əldə edilib-edilmədiyini və iddiaçının istinad etdiyi faktiki əsasların sübuta yetirilibyetirilmədiyini qiymətləndirir.
40. Apellyatorun Mülki Məcəllənin 339-cu maddəsinə istinad etməsi də hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Belə ki, iddiaçının hazırkı tələbi ##.##.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsinə yönəlməmiş, əksinə, onun mövqeyi həmin müqavilə üzrə 15.000 manatlıq öhdəliyi tam icra etdikdən sonra əlavə 28.237 manat ödəməsi və həmin məbləğin geri qaytarılmalı olması üzərində qurulmuşdur. Buna görə apellyatorun həmin normaya istinadı onun hazırkı iddiasının faktiki və hüquqi əsasları çərçivəsində tələb edilən məbləğin tutulması üçün müstəqil əsas yaratmır.
41. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzi olaraq 10.000 manat tutulması barədə tələbinə münasibətdə qeyd edir ki, həmin tələb də iddiaçının cavabdeh tərəfindən hədə-qorxu, şantaj və şəxsi həyatına qanunsuz müdaxilə edilməsi barədə göstərdiyi hallarla əsaslandırılmışdır. Lakin qeyd olunan qanunsuz hərəkətlərin cavabdeh tərəfindən törədilməsi hazırkı iş üzrə kifayət qədər mötəbər sübutlarla təsdiq olunmadığından, həmin hərəkətlərdən irəli gələn mənəvi zərərin əvəzinin cavabdehdən tutulması üçün də zəruri faktiki əsas müəyyən edilmir.
42. Apellyatorun Rayon Məhkəməsində dindirilmiş şahidlərin cavabdehlə yaxın münasibətdə olmaları və onunla ayrıca mübahisələrinin mövcudluğu səbəbindən ifadələrinin mötəbər hesab edilə bilməməsi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan şahidin tərəflərdən biri ilə münasibətinin xarakteri onun ifadəsinin qiymətləndirilməsi zamanı nəzərə alına bilən hal olsa da, həmin münasibət özlüyündə şahid ifadəsinin sübutlar sırasından avtomatik çıxarılmasına səbəb olmur.
43. İşdən görünür ki, Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə nəticəsini yalnız Mirzəyeva İlyanna Anatoliyevna, X2 və X4 ifadələrinə əsaslandırmamış, həmin ifadələri notarial borc müqaviləsi, ödəniş sənədləri, tərəflərin izahatları, polis araşdırmasının materialları, WhatsApp yazışmaları və işdə olan digər sübutlarla birlikdə qiymətləndirmişdir. Buna görə apellyatorun şahidlərin ifadələrinə dair etirazı iş üzrə digər sübutların məcmusunu və onların əsasında gəlinmiş nəticəni aradan qaldırmır.
44. Apellyatorun Rayon Məhkəməsində son məhkəmə iclasının təxirə salınmaması nəticəsində öz mövqeyini tam ifadə edə bilməməsi, əlavə şahidlər gətirmək, səsyazısı, disk, WhatsApp yazışmaları və digər materialları təqdim etmək imkanından məhrum olması barədə prosessual dəlilləri də ayrıca qiymətləndirilməlidir.
45. MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bununla yanaşı, mülki məhkəmə icraatında tərəfin prosessual hüquqlarının həyata keçirilməsi onun öz prosessual davranışından ayrılıqda qiymətləndirilə bilməz. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyü kimi, 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
46. İş materiallarının məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsaslandırılması üçün sübutlar təqdim etmiş, məhkəmə həmin materialları qəbul edib araşdırmış və onlara qətnamədə hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində əlavə sübutların təqdim edilə bilməməsi göstərilsə də, yalnız belə bir dəlilin irəli sürülməsi Rayon Məhkəməsində araşdırılmış sübutların və onların əsasında qəbul edilmiş qətnamənin qanunsuz hesab edilməsi üçün kifayət deyildir.
47. Apellyatorun öz şahidlərini dindirmək imkanından məhrum olması barədə dəlilinə münasibətdə də Məhkəmə qeyd edir ki, şikayətdə həmin şəxslərin hansı konkret hüquqi əhəmiyyətli halları təsdiq edə biləcəkləri və onların ifadələrinin iş üzrə artıq araşdırılmış sübutların qiymətləndirilməsinə hansı şəkildə təsir göstərəcəyi qətnamənin nəticəsini dəyişdirəcək səviyyədə əsaslandırılmamışdır. Buna görə həmin dəlil də özlüyündə qətnamənin ləğvi üçün kifayət etmir.
48. Məhkəmə apellyatorun bank qəbzlərinin surət şəklində təqdim olunması səbəbindən onlara lazımi qiymət verilməməsi barədə dəlilini də nəzərə alaraq qeyd edir ki, hazırkı mübahisədə həlledici məsələ təkcə ayrı-ayrı bank əməliyyatlarının baş verib-verməməsi deyil. Həmin əməliyyatların mövcudluğu qəbul edilsə belə, iddiaçı tələb etdiyi 28.237 manatın məhz 15.000 manatlıq borcun tam icrasından sonra, hər hansı hüquqi əsas olmadan və cavabdehin hədə-qorxusu nəticəsində ödənildiyini sübut etməlidir. İş materiallarında olan sübutların məcmusu isə belə nəticəyə gəlmək üçün kifayət etmir.
49. Əksinə, işdə olan ##.##.2025-ci il tarixli qərarda iddiaçının öz izahatına istinadla 2024-cü ilin avqust-sentyabr aylarında cavabdehdən 32.000 manat aldığını və cavabdehə faizlər də daxil olmaqla 37.000 manat ödədiyini bildirməsi, tərəflər arasındakı pul münasibətlərinin iddiaçının hazırkı iddia ərizəsində təqdim etdiyi sxemdən daha geniş olduğunu göstərən mühüm sübutlardan biridir.
50. Həmin izahat hazırkı iş üzrə iddiaçının tələbinin rədd edilməsini təkbaşına şərtləndirən sübut kimi deyil, işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Bununla belə, iddiaçının müxtəlif vaxtlarda tərəflər arasındakı borc münasibətlərinin məbləği və ödənişlərin xarakteri barədə fərqli məlumatlar verməsi onun tələb etdiyi 28.237 manatın məhz hüquqi əsas olmadan cavabdeh tərəfindən əldə edildiyini aydın və ardıcıl sübutlarla təsdiq etmək vəzifəsini yerinə yetirmədiyini göstərən hallardan biridir.
51. Məhkəmə, həmçinin cavabdehin apellyasiya instansiyası məhkəməsində verdiyi izahatı nəzərə alır. Cavabdeh tərəflər arasında notarial müqavilədən əvvəl də borc münasibətlərinin mövcud olduğunu, iddiaçıya ümumilikdə 37.000 manat verdiyini, həmin məbləğin təxminən 24.000–25.000 manatının qaytarıldığını və ödənişlərin həm onun, həm də övladlarının kartlarına həyata keçirildiyini bildirmişdir.
52. Məhkəmə həmin izahatı da ayrıca və qabaqcadan müəyyən edilmiş sübuti qüvvəyə malik məlumat kimi deyil, işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirir. Cavabdehin izahatının tərəflər arasında ##.##.2024-cü il tarixli müqavilədən əvvəl də pul münasibətlərinin mövcud olması barədə hissəsi iddiaçının ##.##.2025-ci il tarixli qərarda əks olunmuş əvvəlki izahatı ilə müəyyən dərəcədə uzlaşır. Bununla belə, cavabdehin göstərdiyi bütün konkret məbləğlərin məhz onun izahatına əsasən sübuta yetirilmiş fakt kimi qəbul edilməsinə zərurət yoxdur; hazırkı mübahisənin həlli üçün həlledici olan iddiaçının öz tələbinin əsasını təşkil edən 28.237 manatlıq əsassız varlanmanı sübut edib-etməməsidir.
53. Beləliklə, iş materiallarında olan sübutların hər biri ayrılıqda və məcmu halda qiymətləndirildikdə, iddiaçının ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə 15.000 manat məbləğində öhdəliyi tam icra etdikdən sonra cavabdehə əlavə olaraq məhz 28.237 manat ödəməsi, həmin məbləğin tərəflər arasında başqa borc münasibətlərinin icrası ilə əlaqəsinin olmaması və cavabdehin həmin vəsaiti hüquqi əsas olmadan, hədə-qorxu və şantaj nəticəsində əldə etməsi barədə hallar kifayət qədər mötəbər və bir-birini tamamlayan sübutlarla təsdiq edilmir.
54. Bu səbəbdən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi sübutetmə yükünü mahiyyət etibarilə düzgün müəyyən etmiş, işdə olan sübutları qarşılıqlı əlaqədə qiymətləndirmiş və iddiaçının tələb etdiyi 28.237 manatın cavabdeh tərəfindən əsassız əldə edilməsinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Əsas tələbin faktiki və hüquqi əsasları sübuta yetirilmədiyindən, həmin hərəkətlərlə əlaqələndirilən 10.000 manat mənəvi zərərin əvəzinin tutulması barədə tələbin rədd edilməsi də əsaslıdır. h) apellyasiya baxışının hədləri və yekun hüquqi qiymətləndirmə
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
56. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Rayon Məhkəməsi iş üzrə hüquqi əhəmiyyət daşıyan halları kifayət qədər müəyyən etmiş, təqdim olunmuş sübutlara onların məcmusu üzrə qiymət vermiş, tərəflər arasında yaranmış münasibətlərə tətbiq edilməli maddi hüquq normalarını müəyyən etmiş və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
61. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər, o cümlədən 15.000 manatlıq borcun tam qaytarılması, bundan sonra 28.237 manat əlavə ödəniş edilməsi, bank qəbzlərinin düzgün qiymətləndirilməməsi, əsassız varlanma normalarının nəzərə alınmaması, hədə-qorxu və intim görüntülərlə şantaj, şahidlərin qərəzliliyi, əlavə sübutların və şahid ifadələrinin təqdim edilə bilməməsi barədə dəlillər ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə yoxlanılmış, lakin həmin dəlillərin Rayon Məhkəməsinin gəldiyi nəticənin səhv olduğunu təsdiq etməsi müəyyən edilməmişdir.
62. Buna görə Məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. i) apellyasiya baxışının nəticəsi
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar məhkəmə üçün əhəmiyyəti olan halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir.
64. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Rayon Məhkəməsi mübahisənin həlli üçün əhəmiyyətli olan halları müəyyən etmiş, tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onları qarşılıqlı əlaqədə qiymətləndirməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
65. Apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair çoxsaylı istinadlar göstərilsə də, həmin istinadların özlüyündə qətnamənin ləğvi üçün kifayət etməsi mümkün deyildir. Qətnamənin ləğvi üçün istinad edilən pozuntunun mövcudluğu və onun iş üzrə gəlinmiş nəticənin düzgünlüyünə təsiri müəyyən edilməlidir. Hazırkı iş üzrə isə apellyatorun göstərdiyi prosessual halların iddianın rədd edilməsinə dair nəticənin yanlış olmasına səbəb olduğu müəyyən edilmir.
66. Xüsusilə, iş materiallarının məcmusu iddiaçının tələb etdiyi 28.237 manatın məhz ##.##.2024-cü il tarixli borc müqaviləsi üzrə öhdəlik tam icra edildikdən sonra əlavə olaraq ödənildiyini, həmin ödənişlərin tərəflər arasında mövcud olmuş digər borc münasibətləri ilə əlaqəsinin olmadığını və cavabdehin həmin məbləği hüquqi əsas olmadan əldə etdiyini təsdiq etmir. Əksinə, iddiaçının əvvəlki izahatlarında tərəflər arasındakı pul münasibətlərinin daha geniş xarakter daşımasına dair məlumatlar mövcuddur, təqdim edilmiş ödəniş sənədləri isə tələb edilən 28.237 manatın məhz iddiaçının göstərdiyi əsaslarla cavabdeh tərəfindən əldə edilməsini təsdiq etmir.
67. Eyni zamanda, iddiaçının pul vəsaitlərini hədə-qorxu və şantaj nəticəsində ödəməsi, o cümlədən apellyasiya şikayətində göstərilən intim xarakterli görüntülər vasitəsilə şantaj edilməsi ilə tələb etdiyi konkret pul məbləğinin ödənilməsi arasında səbəbli əlaqə hazırkı iş materialları ilə kifayət qədər təsdiq olunmur. Bu səbəbdən həmin dəlillər də Rayon Məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir.
68. Məhkəmə bir daha qeyd edir ki, iddia tələbinin təmin edilməməsinin əsasında təkcə ayrı-ayrı ödənişlərin və ya hədə-qorxu faktının mübahisələndirilməsi deyil, iddiaçının tələb etdiyi 28.237 manat məbləğində əsassız varlanmanın zəruri elementlərinin sübuta yetirilməməsi dayanır. İddiaçı cavabdehin onun hesabına məhz həmin məbləğdə əmlak əldə etdiyini və bu əldə etmənin hüquqi əsasının olmadığını mötəbər və kifayət qədər sübutlarla təsdiq edə bilməmişdir.
69. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb də iddiaçının cavabdehə aid etdiyi hədə-qorxu, şantaj və digər qanunsuz hərəkətlərdən irəli gələn tələb kimi irəli sürüldüyündən, həmin hərəkətlərin və onlarla iddia edilən mənəvi zərər arasındakı səbəbli əlaqənin iş üzrə kifayət qədər sübuta yetirilməməsi şəraitində bu tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi də əsaslıdır.
70. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər Rayon Məhkəməsinin müəyyən etdiyi halları və gəldiyi hüquqi nəticəni təkzib etmir, iş üzrə qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb ola biləcək maddi və prosessual hüquq pozuntularının mövcudluğunu təsdiq etmir.
71. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
73. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İldırımova Elizaveta Vladimirovnanın apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Apellyasiya şikayətinin təmin edilmədiyi nəzərə alınaraq, onun verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərclərinin apellyatorun özünə aid edilməsi nəticəsinə gəlinir.
75. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İldırımova Elizaveta Vladimirovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İldırımova Elizaveta Vladimirovna hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh İsmayılova Səbinə İqramudinovna hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.