Məhkəmə qərarları › İş №2(011)-1865/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1865/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1865/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X11, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə cavabdehin arasında olan nikah Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(011)-6752/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 ilə cavabdeh nikaha girdikləri ana qədər ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil 12 mart 1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçıların atası X1 məxsus olmuşdur. Orderə əsasən, orada mənzilə hüquqları olan şəxs kimi atası X2, anası X7, İddiaçı2 və İddiaçı1 qeyd edilmişdir. 20 iyul 2017-ci il tarixdə iddiaçıların atası X2, 26 noyabr 2018-ci il tarixdə isə anaları X7 vəfat etmişlər. İddiaçı2 ilə Cavabdeh arasında nikah münasibətlərinə xitam verildikdən sonra Cavabdeh İddiaçı2 qarşı Xətai Rayon Məhkəməsinə müraciət edərək, sözügedən mənzilə övladları ilə birlikdə istifadə hüququnun tanınması və oraya köçürülməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İşə baxan məhkəmə Cavabdeh iddiasının təmin olunması barədə 30 iyul 2019-cu il tarixli, 2(011)-5257/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamədən müvafiq qaydada apelyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 25, 30 nömrəli mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Məhkəmə iclasında İddiaçı1 və digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X15 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25, 30 saylı mənzil 12 mart 1988-ci il tarixli order əsasında iddiaçıların atası X1 verilmişdir. 20 iyul 2017-ci il tarixdə iddiaçıların atası X2, 26 noyabr 2018-ci il tarixdə isə anaları X7 vəfat etmişlər. İddiaçı2 ilə Cavabdeh 28 sentyabr 2005-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24 aprel 2008-ci il təvəllüdlü X10 və 29 iyul 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Onların arasında bağlanmış nikah 23 sentyabr 2018-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və övladları 24 aprel 2008-ci il təvəllüdlü X6 və 29 iyul 2013-cü il təvəllüdlü X3 ünvan 1, 30 saylı mənzilinə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının müvafiq qərarları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla mübahisəli evdən istifadə hüququna malikdir. Onun həmin mənzilə istifadə hüquqları məhkəmə qətnaməsi ilə rəsmi qaydada tanınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarının hüquqi mövqeyindən çıxış edərək məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə münasibətlər 2000-ci ildən əvvəl yarandığı üçün Köhnə Mənzil Məcəlləsinin normaları tətbiq edilmişdir, lakin həmin məcəllənin normalarında istifadə hüququna xitamla bağlı müddəa nəzərdə tutulmadığı üçün Mülki Məcəllənin kompensasiya ilə bağlı normaları analogiya üzrə hazırkı mülki işə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (MM-nin 228.2-ci maddəsi) Məhkəmə belə hesab edir ki, Cavabdeh mənzildən istifadə hüququnun itirilməsinə yalnız mülkiyyətçinin kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X9 öz izahatında qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri olmadıqları üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Məhkəmə qeyd edilən dəlilə qiymət verərək hesab edir ki, dəlil əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqları qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş olmasa da, onların mübahisəli mənzillə bağlı gözlənilən hüquqları mövcuddur. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyil. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçılar 30 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunduğundan iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı-cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar