Məhkəmə qərarları › İş №2(011)-1867/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1867/2020

23.10.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1867/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə alğı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin, yəni alğısatqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayının əvvəllərində tanışı X6 atası Cavabdeh özünə məxsus Bakı şəhəri, Türkan qəsəbəsində olan bağ sahəsini satdığını bildirib almağını təklif etmişdir. İddiaçı Fuad Məmmədov və atası Cavabdehla gedib birlikdə bağ sahəsinə baxdıqdan sonra onu almaq qərarına gəlmişdir. Sahəsi 0,19 ha olan 429 nömrəli bağ sahəsi Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi ilə bağladığı xx xxx 2006-cı il tarixli müqaviləyə uyğun olaraq onun istifadəsinə verilmişdir. Cavabdeh orada ev tikintisinə başlasa da, onu başa çatdıra bilməmişdir. İddiaçı cavabdeh ilə danışaraq bağ evini 40.000 manata alğı-satqı edəcəkləri barədə razılıq əldə etmişlər. Həmçinin, iddiaçının 35.000 manat pulu ona əvvəlcədən, qalan 5000 manat pulu isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi razılaşmışlar. Buna görə xx xxxxxx 2015-ci ildə cavabdeh iddiaçı ilə birlikdə Bakı şəhəri 35 saylı notariat kontoruna gedərək bağ evi ilə bağlı sənədləşmə aparması, yəni onun özəlləşdirilməsi, mülkiyyət hüququ barədə çıxarışın alınması, alğı-satqı müqaviləsinin bağlanması üçün iddiaçının qardaşı oğlu X1 etibarnamə vermişdir. Həmin notariat kontorunda iddiaçı və cavabdeh arasında eyni tarixli ilkin müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh satıcı kimi özünə məxsus bağ sahəsini 40.000 manata satmağı, iddiaçı alıcı kimi həmin məbləğin 35.000 manatını depozitə qoymaqla, qalan 5000 manat pulu sənədləşmə başa çatdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Əsas müqavilənin bağlanması sənədləşmənin başa çatması ilə şərtləndirilmişdir. İddiaçı 35.000 manat pulu notariat kontorunun “Bank Technique”nin Nizami filialındakı depozit hesabına qoyaraq ona ödəmişdir. Bundan sonra cavabdehin verdiyi etibarnamə əsasında iddiaçının qohumu Seyfəddin Ağaşirinov tərəfindən xx xxxx 2016-cı ildə dövlət reyestrindən çıxarış alınmaqla bağ sahəsi Cavabdeh mülkiyyətinə keçirilmişdir. Sənədləşmə işi başa çatdığı üçün iddiaçı qalan 5000 manat pulu oğlu Fuad Məmmədovun vasitəsi ilə Cavabdeh ödədikdən sonra bağ evi xx xxxx 2017-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış alğısatqı müqaviləsinə əsasən iddiaçıya satılaraq xx xxxx 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Bağ sahəsi iddiaçının adına keçdikdən sonra o, 90.000 manata yaxın vəsait qoyaraq yarımçıq tikintini və təmir işlərini başa çatdırmışdır. 2 ildən artıq vaxt keçdikdən sonra Cavabdeh 2019-cu ilin yayında heç bir əsas olmadan Xəzər Rayon Məhkəməsində xx xxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və iddiaçının bağ evindən çıxarılması ilə bağlı iddia qaldırmış və bu barədə qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçının cavabdehlə bağladığı xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilənin şərtlərinə tam əməl olunmuşdur. Həmçinin ilkin müqavilə əsasında bağlanmış əsas xx xxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, müqavilə qanunun tələblərinə yam uyğun tərtib edilmiş və müvafiq qaydada Bakı şəhəri 22 saylı notariat kontorunun möhürü ilə təsdiq olunmuşdur. Lakin həmin müqavilənin notariat ofisində lazımi qaydada qeydiyyata alınmaması iddiaçının günahı və təqsiri üzündən baş verməmişdir və notariat kontorunun məsuliyyət daşımalı olduğu bu hala görə iddiaçı ziyan çəkməli deyil. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisəli bağ evi iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi tərəfindən onunla bağlanmış müqaviləyə əsasən istifadəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ evini 40.000 manata satmağı, iddiaçı isə həmin məbləğin 35.000 manatını depozit vasitəsi ilə, qalan 5.000 manatını isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının iddia tələbinin əsasını ilkin müqavilə üzrə alğı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. Belə ki, hazırkı iş üzrə xx xxxxxx 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında ilkin müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ilkin müqavilə ilə tərəflər gələcəkdə əsas müqaviləni bağlamağı öhdələrinə götürürlər. Hazırkı iş üzrə iddiaçı və cavabdehin arasında xx xxxx 2017-ci il tarixli əsas müqavilə bağlanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-2584/2019 saylı qətnaməsi ilə İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı bağ evinə dair xx xxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı bağ evindən çıxarılması qət edilmişdir. Mülki Məcəllənin 402.4.-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5.-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə hesab edir ki, tərəflər ilkin müqavilə bağlayaraq gələcəkdə əsas müqaviləni bağlamağı öhdələrinə götürmüşlər. İş materiallarından görünür ki, xx xxxx 2017-ci ildə tərəflər arasında bağlanmış əsas müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmadığından məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Əsas müqavilə etibarsız sayılandan sonra yeni müqavilənin bağlanması ilə bağlı tərəflər arasında razılıq əldə edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə əsas müqaviləni bağlama öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halla bağlı mülki hüququn əsas prinsiplərinə istinad etməyi zəruri hesab edir. Belə ki, mülki hüququn əsas prinsipləri mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləridir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi dedikdə mülki hüquq münasibətlərinin iştirakçılarının müstəqil surətdə istədikləri kimi öz mənafelərinə uyğun davranışı nəzərdə tutulur. Hər bir şəxs mülki hüquq münasibətlərinə daxil olmaqda və ya olmamaqda, qarşı tərəfdən öhdəliyin icrasını tələb etməkdə və ya etməməkdə, pzoulmuş hüquqarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə və ya etməməkdə sərbəstdir. Müqavilə azadlığı prinsipi dedikdə mülki hüquq subyktləri müqavlə bağlamaqda azaddırlar. Qanunda göstərilən hallarda nbaşqa heç bir halda kimsəni müqavilə bağlamağa məcbur etmək olmaz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə verilmiş iddia tələbini əsassız sayır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəf ilkin müqavilə bağlanarkən ödədiyi vəsaiti müqavilənin bağlanmaması səbəbinə görə qarşı tərəfdən tələb etməyə haqlıdır. Və o bununla bağlı gələcəkə məhkəmə müraciət edə bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin, yəni alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar