Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1892/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı çoxmənzilli binaların saxlanılmasına və kommunal xidmətlərin göstərilməsinə görə yaranmış borcun alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehdən çoxmənzilli binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsinə görə 1351,59 pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehin əri X2 ünvan 1 ünvanında yerləşən mənzilə (Bundan sonra – Mənzil) dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla ona Çıxarış verilmişdir. İddiaçı ilə cavabdehin əri arasında xx.xx.2017-ci ildə Mənzilə kommunal xidmətlərin göstərilməsi, mənzilin saxlanılması barədə müqavilə bağlanmışdır. Adil Salmanovun ölümündən sonra varisi kimi Mənzil cavabdehin mülkiyyətinə keçmiş, cavabdehin Mənzilə dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, 19 oktyabr 2017-ci il tarixdə X4 ilə iddiaçı arasında kommunal xidmətlərin strukturunu, təhlükəsizliyini, və digər xidmətlərin göstərilməsini eləcədə tərəflərin vəzifə və öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Mənzilin sahibi X4 vəfat etdikdən sonra, mənzil cavabdehin adına çıxarışla rəsmiləşdirilmişdir. Çoxmənzilli binanın saxlanması üçün kommunal xərclər nəzərdə tutulsa da, kommunal xidmətlərin göstərilməsi və göstərilən xidmətlərə görə, eyni zamanda müqavilədən irəli gələn şərtlər üzrə, bilavasitə qanunun tələbinə görə cavabdeh ödənişlər edilməsini öz üzərinə öhdəlik (vəzifə) kimi götürmüşdür. Dəfələrlə cavabdehin ailəsinin yaşadığı M.Hadi küçəsi, 2945-ci məhəllə, ev 68A, mənzil 22 ünvanına rəsmi müraciətlər olsa da, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməkdən yayınır. Hal-hazırda mənzil tam təmirlidir və su, işiq, qazdan sakin təfindən istifadə edilir, yaşayış vardır. Mənzil qanunvericiliyinin tələbinə uyğun olaraq, mənzil münasibətlərinin iştirakçıları, yəni fiziki və hüququ şəxslər binanın saxlanmasına görə hüquq və vəzifələr yerinə yetirirlər. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, mənzil cavabdehin adına keçənədək yaranmış borc müqavilə tələbindən irəli gəldiyinə görə həmin hissəyə etiraz etmirlər. Lakin Mənzil cavabdehin adına keçəndən sonra iddiaçı ilə müqavilə bağlanmadığından onun iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Hal-hazırda həmin Mənzildə cavabdehin oğlu yaşayır. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan (ev 68A, 22 saylı mənzilin xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixədək kommunal xidmətlərin ödənişi üzrə açıqlaması) müəyyən edilir ki, mərhum X3 (cavabdehin keçmiş əri) kommunal xidmətlərə görə yaranmış qalıq borcu 119,29 manat, Cavabdeh kommunal xidmətlərə görə yaranmış qalıq borcu isə 1232,28 manat təşkil edir. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili də məhkəmə iclasında cavabdehin mərhum əri X1 kommunal xidmətlərə görə yaranmış borcu qəbul etdiklərini və ödənilməsinə razı olduqlarını bildirdilər. Göstərilən əsaslara görə, həmçinin məhkəmənin də qənaəti ondan ibarətdir ki, Mənzildən kommunal xidmətlərə görə mərhum X1 yaranmış borc cavabdeh tərəfindən ödənilməlidir, çünki cavabdeh X3 birinci növbəli vərəsəsi olmuş, sonuncudan miras qalmış Mənzil isə cavabdehə vərəsəlik hüququ əsasında keçmişdir. Həmin Məcəllənin 1134.1 maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1 maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsələrdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilən müddəalardan da göründüyü kimi, vərəsələr miras qoyanın miras aktivini (əmlak hüquqlarını) əldə etmək hüququ ilə bərabər həm də, miras passivi (ölən şəxsin öhdəlikləri) üzrə vəzifələrə malikdir və ölən şəxsin onlara çatmış əmlak payı həcmində kreditorları qarşısında öhdəlik daşıyırlar. Hazırkı mübahisə üzrə də cavabdehin mərhum ərinin kommunal xidmətlərə görə qalıq borcunu ödəmək vəzifəsi cavabdehin üzərinə düşür, belə ki, iddiaçı ilə mərhum X4 arasında kommunal ödənişlərlə bağlı müqavilə bağlanmış, sonuncu müəyyən edilmiş tarif əsasında aylıq kommunal xidmət haqqını hər növbəti ayın 10-dan gec olmayaraq nəğd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Habelə Mənzil Məcəlləsinin 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi 1232,28 manat kommunal xidmət haqqının tələb edilməsi hissəsində əsassızdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəada öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəanın məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanunun tələbinə görə, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı, eləcə də müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də həmin müqavilə əsasında müəyyənləşdirməlidirlər. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). İşin materialları ilə müəyyən edilir ki, iiddiaçı ilə mərhum X4 arasında kommunal ödənişlərlə bağlı müqqvilə bağlansa da, cavabdehlə belə bir müqavilə bağlanmamışdır. Məhkəmə bir daha qeyd edir ki, müqavilədən əmələ gələn öhdəliyin yaranması üçün tərəflər araasında müqavilənin bağlanması və onun şərtlərinin müəyyən edilməsi mütləq şərtdir. Müqavilənin bağlanmaması isə hər hansı hüquq və vəzifənin (öhdəliyin) yaranmaması, buna müvafiq olaraq birinin digərindən nəyisə tələb etmək hüququnun olmaması deməkdir. V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında da qeyd edilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Odur ki, şərh edilənlərə və adı çəkilən maddi hüququ normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmadığından (müqavilədə göstəriləcək xidmətlərin nədən ibarət olması, tarifi, ödənilmə şərtləri və s. müəyyən edilmədiyindən) və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmadığından iddia tələbi 1232,28 kommunal xidmət haqqının cavabdehdən tələb edilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsi müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 119,29 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1892/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1892/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver