Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1934/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi onun xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi 95 saylı Peşə Məktəbində təhsil alması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1963-cü ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi 95 saylı Peşə Məktəbində 1-ci dərəcəli Gəmi Motorçusu peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. 59 yaşı var və gələcəkdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün indidən sənədlərini toplayır. Bu səbəbdən də, maraqlı şəxs AR Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyinə müraciət etmiş, lakin ona imtina edilmişdir və ona bildirilmişdir ki, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi 95 saylı Peşə Məktəbində təhsil alması ilə bağlı AR Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyinin arxiv sənədlərində heç bir qeyd yoxdur. Bu səbəbdən də məhkəmyə müraciət etməli olmuşdur. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs AR Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyi sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarında olan maraqlı şəxsin ərizəçiyə ünvanladığı müraciətə cavab məktubunun surətindən görünür ki, ərizəçi 95 nömrəli Peşə Məktəbində təhsil aldığını təsdiq edən sənədlərin təqdim olunması üçün AR Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyinə müraciət etmiş, lakin arxiv sənədlərində onun 95 nömrəli Peşə Məktəbində təhsil alması ilə bağlı heç bir qeyd olmadığından müraciətini təmin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin 95 nömrəli Peşə Məktəbində təhsil alması faktının müəyyən edilməsi onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam ilə bağlı olduğundan, ərizəçi ərizədə göstərdiyi müddətdə 95 nömrəli Peşə Məktəbində təhsil alması ilə bağlı müvafiq sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx.xx.1963-cü il tarixdə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus A seriyalı 431485 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçi xx.xx.1979-cu il tarixində 95 nömrəli Peşə Məktəbinə daxil olmuş və imtahan komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ərizəçiyə birinci dərəcəli gəmi motorçusu ixtisası verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Telmanla 95 saylı Peşə məktəbində tanış olmuşdur. O, 8-ci sinifdən, Telman isə 10-cu sinifi qurtarıb 95 saylı Peşə məktəbinə qəbul olmuşdur. O, 1978-ci ildən 1981-ci ilədək 95 saylı Peşə məktəbində oxumuşdur. Telman da həmin peşə məktəbində oxumuş və motorçu peşəsini almışdır. Hazırda o, Xəzər neft gəmiçilik idarəsində işləyir. Ərizəçi də onlarla işləmişdir, sonra özəl idarələrdə işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Telmanla 95 saylı Peşə məktəbində bir oxuyublar. Siniflərində 25-30 uşaq olmuşdur. 1981-ci ildə məktəbi bitiriblər. Birinci dərəcəli motorçudurlar. Rəhbərləri Əlövsət müəllim, məktəbin direktoru isə Malik müəllim olmuşdur. O, diplomu peşə məktəbini bitirdikdən 4 il sonra almışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsinin izahatı və ötən məhkəmə iclaslarında şahid ifadələri ilə ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı şəhəri 95 saylı Peşə Məktəbində təhsil alması tam sübuta yetirilir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, işdəki sübutları araşdıraraq, istinad olunan hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, ərizə təmin edilərək, Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı şəhəri 95 saylı Peşə Məktəbində təhsil almasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı şəhəri 95 saylı Peşə Məktəbində təhsil almasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-1934/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1934/2022
23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver