Məhkəmə qərarları › İş №2(011)-1935/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-1935/2022

27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1935/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi T.İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzil onun mülkiyyətindədir, cavabdeh ona məxsus əmlakda yaşamamasına baxmayaraq bugünə kimi hələ də həmin mənzildə qeydiyyatdadır, cavabdeh şəxsin ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalması onun üçün ciddi maneələr yaradır, cavabdeh hazırda əsgərlikdədir, lakin əsgərlikdən əvvəl də mənzildən istifadə etməmişdir, atası onun üçün hər şəraiti yaratmışdır, hazırda onun qeydiyyatda olması iddiaçının mənzildən istədiyi kimi istifadə etmək hüququnu pozur, əlavə kommunal xərcləri iddiaçı özü ödəməli olur, maddi imkanı da buna imkan vermir, cavabdeh mənzildə yaşamır, formal olaraq qeydiyyatda qalmışdır, bu hal onun mülkiyyət hüquqlarını pozur. Sonda T.İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 27.04.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi yazılı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.09.2013-cü il tarixli 273 saylı Sərəncamdan çıxarışın surətindən görünür ki, “Qəyyumluq və himayəçilik Komissiyası”nın 08 saylı 24.08.2013-cü il tarixli protokolunun xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh üzərində qəyyum təyin edilməsinə dair hissəsi təsdiq edilmiş, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildə daimi qeydiyyatda olan və yaşayan İddiaçı həmin ünvanda qeydiyyatda olan və onunla birgə yaşayan valideyn himayəsindən tam məhrum olmuş bacısı oğlu Cavabdeh üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan MH seriyalı 165324 saylı Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və barədə reyestr kitabında 985-ci səhifədə 148020 qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08.04.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 31.01.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildə qeydiyyatda olan digər şəxs Cavabdehdur. İş materiallarında olan 2 saylı MKİS tərəfindən məhkəməyə ünvanlanmış 12.03.2022-ci il tarixli məktubdan görünür ki, 8 noyabr küçəsi, ev 7B, 51-ci mənzildə yaşayan Cavabdeh hərbi xidmətdə olduğu üçün göndərilmiş məhkəmə bildirişi ona təqdim edilə bilməmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu Zığ Şossesi, ev 22, 101 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və mənzildən istifadə etmir. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 7B, 51 saylı mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamə aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbuledildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar