Məhkəmə qərarları › İş №2(011)-1973/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1973/2022

13.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1973/2022 13.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Behbudov Elşən Vahid oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh ASC-yə qarşı ezamiyyə xərclərinin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçılar - İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin X1 sahəsinin 6-cı dərəcəli elektrik quraşdırıcıları, İddiaçı4 isə cavabdehin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması xidmətinin X1 sahəsinin 10-cu dərəcəli ustası vəzifəsində işləmişlər.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı3 Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı1la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (işçinin təşəbbüsü ilə) və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

4. İddiaçılar - İddiaçı1 4355 manat, İddiaçı2 4355 manat, İddiaçı3 4355 manat və İddiaçı4 8125 manat, ümumilikdə 21190 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddiaçılar idda ərizəsində qeyd etmişlər ki, onlar cavabdeh Cəmiyyətdə elektrik quraşdırıcıları işləmiş, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Oğuz su elektrik stansiyasının tikintisinə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək, İddiaçı4 isə xx.xx.2020 – xx.xx.2020-ci ilədək və xx.xx.2020-xx.xx.2020-ci ilədək ezamiyyətdə olduqları müddətdə gündəlik ezamiyyə xərclərini almamışlar. Nazirlər Kabineti ezamiyyə xərcələrinin bir günlük normasını rayon mərkəzlərində 65 manat müəyyən etsə də, onlara həmin hesabla ezamiyyə xərcləri verilməmişdir. Bununla bağlı cavabdehə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edilməsini və ezamiyyə xərclərini onlara verilməsini, bu mümkün omadıqda iddiaçılarıın işə qəbul edilməsi, Oğuz su elektrik stansiyasının tikintisinə ezam olunmaları, işdən çıxarılma barədə sənədləri Büroya təqdim olinmasını xahiş etmişlər. Lakin cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək respublika üzrə pandemiya elan olunduğundan və məhkəməyə müraciət etmələri məhdudlaşdırıldığından iddia qaldırmaq imkanından məhrum olmuşlar. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra hüquqi yardım almaq üçün vəkil bürosuna müraciət etmişlər. Bu səbəbdən iddia müddətini ötürməmişlər. Onlara ümumilkdə cavabdeh tərəfindən 21190 manat ezamiyyə pulu ödənilməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar – İddiaçı3 xx.xx.2020-ci il tarixdə, İddiaçı1 xx.xx.2020-ci il tarixdə, İddiaçı2 xx.xx.2020-ci il tarixdə, İddiaçı4 isə xx.xx.2020-ci il tarixdə işdən azad olunublar. İddiaçılar pul tələbi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 379cu maddəsində iddia müddətinin dayandırılmasının əsasları göstərilmişdir. İddiaçılar üzürlü səbəb kimi Respublikada 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək pandemiyanın mövcud olmasını göstərmişlər. Lakin pandemiya hələ də davam edir və göstərilən müdətdə məhkəmələr tərəfindən iddia ərizələri elektron və poçt vasitəsi ilə qəbul edilirdi, yalnız iclaslara məhkəmə zallarında baxılmırdı.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçıların nümayəndə və vəkilləri məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

12. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

13. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

14. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

15. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

16. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. `

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

22. İddiaçılar 2020-ci ilin yanvar, habelə aprel-iyul ayları ərzində ezamiyyətdə olduqlarını, lakin buna görə onlara ezamiyyə xərclərinin ödənilmədiyini iddia edirlər.

23. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçıların həqiqətən də ezamiyyətdə olmaları və onlara ezamiyyə xərclərinin verilib-verilməməsi daxildir.

24. Tərəflər arasında əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçılar cavabdeh Cəmiyyətdə usta (Qismətəli Hacıyav) və elektrik quraşdırıcısı (İddiaçı1, İddiaçı3 və İddiaçı2) vəzifələrində işləmişlər, onlarla bağlanmış əmək müqaviləsinə - İddiaçı3la xx.xx.2020-ci il tarixdə, İddiaçı1la xx.xx.2020-ci il tarixdə, İddiaçı2la xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçıların iddia ərizəsində göstərdikləri müddətdə iş ezamiyyətində olmalarını isə cavabdeh təkzib etməmişdir.

25. İddiaçıların iddia tələblərinin təmin edilməsi üçün araşdırılaraq hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas (addım) isə həqiqətən də iddia edilən məbləğdə ezamiyyə xərclərinin hesablanıb-hesablanmaması, habelə hesablanmış ezamiyyə xərclərinin onlara ödənilib-ödənilməməsi ilə bağlı olmalı idi.

26. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi ezamiyyə xərclərinin hesablanması və iddiaçılara ödənilməsi məsələlərini araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

27. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir (§ 13).

28. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıalardan, İddiaçı3, İddiaçı1 və İddiaçı2 2020-ci ilin yanvar ayı, İddiaçı4 isə 2020-ci ilin yanvar, habelə aprel-iyul ayları üzrə onlara verilməli olan ezamiyyə xərclərini tələb etsələr də, habelə İddiaçı3la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı1la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq iddia ərizəsi ilə 2022-ci ilin fevral ayında, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişlər.

29. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmələrini respublika ərazisində COVİD-19 pandemiyasının mövcud olması səbəbindən məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ilə əlaqələndirsələr də, məhkəmə onların bu dəlillərilə razılaşmır. Çünki, COVİD-19 pandemiyası ilə əlaqədar yalnız məhkəmə iclaslarının keçirilməsində 2020-ci il ərzində atrı-ayrı vaxtlarda tam məhdidiyyət tətbiq olunmuş, iddia ərizələri isə poçt vasitəsi ilə göndərildikdə, məhkəmə tərəfindən qəbul olunmuşdur. Məhdidiyyət tətbiq edilməyən vaxtlarda isə, ümumiyyətlə məhkəmə iclasları da ənənəvi qaydada keçirilmiş, 2021-ci il ərzində isə, ümumiyyətlə COVİD-19 pandemiyası ilə əlaqədar məhkəmələrdə nə iddia ərizələrinin qəbulunda, nə də məhkəmə iclaslarının keçirilməsində heç bir məhdudiyyət tətbiq edilməmişdir.

30. Digər bir tərəfdən, əmək qanunvericiliyinin tələbinə əsasən, iddiaçılar - İddiaçı3 xx.xx.2021-ci il tarixədək, İddiaçı1 xx.xx.2021-ci il tarixədək, İddiaçı2 xx.xx.2021ci il tarixədək, İddiaçı4 isə xx.xx.2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdilər. Belə ki, qanun iddia müddətinin axımının başlandığı günü şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə müəyyən edir. Əmək Məcəlləsində isə işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir (§ 14 və 15).

31. Əvvəldə şərh edilənlərdən də görünür ki, iddiaçıalr 2020-ci ilin yanvar və aprel-iyul ayları ərzində ezamiyyə xərclərinin onlara verilməməsini iddia esələr, habelə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən müvafiq olaraq 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında məlumatları olsa da, vaxtında məhkəməyə müraciət etməmişlər.

32. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

33. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

34. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 296cı maddəsində əmək mübahisələri ilə bağlı konkret iddia müddətləri müəyyən edilmişdir. Qanunun tələbinə görə əmək mübahisələrindən irəli gələn pul tələbi ilə bağlı iddia müddəti 1 il müəyyən edilmişdir (§ 16).

35. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaları təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar