Məhkəmə qərarları › İş №2(011)-1979/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1979/2022

26.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1979/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə ilkin, Cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı övladları 04 01 2015-cı il təvəllüdlü X2 və 04 01 2015-cı ıl təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, ünvan 1 ünvanına köçürülmələri barədə ilkin iddia ərizəsi, cavabdeh ilk iddianın rədd edilərək, iddiaçının Mənzilə istifadə hüququna xitam verilməsi və həmin ünvandan qeydiyyatından çıxarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1979/2022 saylı 26.05.2022-ci il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraata İddiaçı ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatından çıxarılması hissəsində xitam verilmişdir. İşin faktiki hallarına görə tərəflər 24.10.2008-ci il tarixdə nikaha daxil olmuşlar, tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3586/2022 saylı 11.08.2021ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin nikahlarından doğulmuş uşaqların anaları İddiaçı yanında saxlanılması və yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mənzil cavabdehin mülkiyyətinə vərəsəlik əsasında keçmişdir. Onun Mənzilə mülkiyyət hüququ 05.09.2019-cu il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. İddiaçı yuxarıda qeyd edilən ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.08.2021-cı ıl tarixli 2(011)-3586/2021 saylı qətnaməsi ilə pozulmuşdur Birgə nikah dövründə iddiaçı cavabdehin mülkiyyətində olan Mənzilə qeydiyyata düşmüşdür. Daha sonra həmin evin qeydiyyatına birgə nikahdan olan iki övladları da alınmışdır. Nikahın pozulmasından sonra cavabdeh onu evdən əşyalarının çıxarılmasına məcbur etmiş, hazırda iddiaçı uşaqları ilə kirayədə qalır. Ona görə də, qeydiyyatda olduğu mənzildə uşaqlarının da haqqı olduğu uçün, həmin mənzilə köçürülmək istəyir. Cavabdeh yuxarıda qeyd edilən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, atası vəfat etdikdən sonra Mənzil 5 sentyabr 2019-cu il tarixində vərəsəlik əsasında ona keçmişdir. İddiaçı Mənzildə iki il yaşamış, nikah pozulduqdan sonra özü ilə gətirdiyi cehiz əşyalarını da görürərək mənzildən köçüb getmişdir. Mənzilin keçmiş mülkiyyətçisi arasında onun yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təstiqlənən yazlı razılaşma olmamışdır. Onun yaşaşayış sahəsinə pasport qeydiyyatına alınması yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Eyni zamanda, onunla belə bir razlılaşma olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 2015-ci ildə qeydiyyata düşmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddianın dəlillərini, habelə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız, qarşılıqlı iddia isə qismən əsaslıdır. Tərəflərin 24.10.2008-ci il tarixdə nikaha daxil olmaları, Mənzilin vərəsəliklə cavabdehə keçməsi və onun Mənzilə dair mülkiyyət hüququnun 05.09.2019-cu ildə yaranması, həmin vaxtdan iddiaçı ilə cavabdehin ər-arvad kimi birlikdə yaşamaları və 11.08.2021-ci il nikahlarının pozulmaqla ayrı yaşamaları həm də işin mübahisəsiz hallarıdır. Bu halda, məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbinin qanuni əsasını yeni Mənzil Məcələsinin 30-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında da göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin anlayışı Məcəllənin 30.1-ci maddəsində verilmişdir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Mənzil Məcəllənin 30.4-cü maddəsində isə deyilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin adı çəkilən müddəalarından açıq şəkildə görünür ki, qanunverici yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranmasını və davam etməsini ailə münasibətlərinin mövcudluğu (varlığı) ilə bağlamışdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsi isə mülkiyyətçinin ailə üzvlərini 2 qrupa ayırır. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Bu baxımdan, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi imperativ olaraq müəyyən edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu qaydadan isə 2 istisna var: 1) istifadə hüququnun saxlanması üçün keçmiş ailə üzvləri arasında razılaşmanın olması və 2) qanunda göstərilən əsalarla yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmə qərarı əsasında müvəqqəti saxlanması. Bu halda, məhkəmə keçmiş ailə üzvünün maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə ala bilər. Diqqətə layiq olan halların nədən ibarət olması qanunvericilikdə göstərilməsə də, məhkəmə hesab edir ki, bu hallar, məsələn, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsində yaşamağa davam etməsi, yaxud onun əlil olması və s. hallar ola bilər. Adı çəkilən müddəada nəzərdə tutulan istisna hallarla bağlı əsaslar, yəni nə iddiaçının maddi vəziyyəti, nə də diqqətə layiq halların olması iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Mənzilə dair istifadə hüququ 05.09.2019-cu ildən sonra (Mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra) yaransa da, tərəflər arasında nikahın pozulması ilə iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilməsi nəticəsində iddiaçının Mənzilə dair istifadə hüququ saxlanmadığından iddiaçının Mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin, ilkin iddia tələbinin yetkinlik yaşına çatmayan uşaqların Mənzilə köçürülməsi hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3586/2022 saylı 11.08.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından doğulmuş 04.01.2015-ci il təvəllüdlü X2 və 04.01.2015-ci il təvəllüdlü X1 İddiaçı yanında saxlanılması qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideyni olaraq iddaçının yaşayış yeri hesab olunduğundan və Məhkəmə qətnaməsi ilə uşaqların iddiaçının himayəsində saxlanılması qət edildiyindən, eləcə də iddiaçının mübahisəli Mənzilə köçürülməsi barədə iddia tələbi də təmin edilmədiyindən tərəflərin birgə nikahından doğulmuş uşaqlara münasibətdə də iddia tələbi təmin edilməməlidir. İddiaçının Mənzildə pasport qeydiyyatında olması əsası ilə özünün və uşaqlarının köçürülməli olması dəlili barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30.11.2018-ci il tarixli Qərarında qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. İlkin iddia üzrə işin mübahisəsiz halları qarşılıqlı iddia ilə də eyni olduğundan, habelə hər iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələri təşkil etdiyindən, həmin müddəalara əsasən tərəflər arasında ailə münasibətlərinə xitam verilməsinin iddiaçının Mənzildən istifadə hüququnun saxlanmaması ilə nəticələnməsi və bununla hüquqi əsaslar yuxarıda ətraflı şərh edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia iddiaçının istifadə hüququnun itirilməsi hissəsində təmin edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbinin iddiaçının Mənzildən qeydiyyatından çıxarılması hissəsinə münasibətdə məhkəmə bildirir ki, Məhkəmənin 26.05.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinə həmin hissədə xitam verilmişdir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar