Məhkəmə qərarları › İş №2(011)-199/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-199/2022

19.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-199/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Baloğlan qızının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Baloğlan qızı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi daha sonra cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, isdifadəsində olan Bakı şəhəri, NZS qəsəbəsi, Kaçalov küçəsi, ev 20, 9 saylı mənzilin pəncərələrinin cavabdeh tərəfindən qanunsuz süni yollarla kəsildiyi üçün onun sənədsiz və icazəsiz tikdirdiyi bir mərtəbəli qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi və dəymiş mənəvi zərərə görə 50.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərneftyağ zavodu tərəfindən ona verilmiş Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kaçalov küçəsi, 20 saylı binanın, 9-cu mənzilində ailəsi ilə birlikdə 21 ildir ki, yaşayır. Həmin binada yaşayan qonşu Cavabdeh özbaşına qanunsuz və heç bir sənədi olmadan mənzilinin mətbəxinin qarşısındakı yolu tutaraq yolun kənarında olan ağacları kəsərək orada qanunsuz tikili aparmışdır. Cavabdehin qanunsuz tikilisi nəticəsində mənzilinin yataq otağının və mətbəxin qarşısı tutulmuş, beləliklə də hava işləmir. 3 otaqlı mənzilin 1 otağı və mətbəxi yarasız vəziyyətə salınmışdır. Cavabdeh isə heç bir sənədi olmadan qanunsuz olarq gecəqondu kimi ev tikərək kirayəyə verir, kirayədar kimi dövlətin vergisini ödəmir. Cavabdehin qanunsuz özbaşına hərəkətlərinin qarşısının alınması üçün müvafiq orqanlara şikayət etməsinə baxmayaraq, heç bir orqan bunu yoxlamır və qanunsuz tikilini sökdürmür. Eyni zamanda Cavabdeh qanunsuz olarq onun yataq otağının və mətbəxinin qarşısını kəsməsi nəticəsində özü ürək xəstəliyi tapmış, əri infakt keçirilmiş, övladı isə bronxial astma xəstəliyinə tutulmuşdir. Cavabdehin əsəbləşdirməsi nəticəsində qazanclarının hamısını dava-dərmana verirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azərneftyağ” İstehsalat Birliyinin xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, İsmayılova (Məmmədova) Rəfiqə Baloğlan qızının ərizəsi və ağır mənzil şəraiti nəzərə alınaraq, mənzil məsələsi həll edilənə qədər Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 20 saylı binada sahəsi 45 kv.m. olan 3 otaqlı 9 saylı mənzil 3 nəfər ailə üzvü ilə birlikdə yaşayış üçün iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin X4 ünvanlanmış xx.xx.2011-ci il tarixli, 18/10-8/2658 saylı məktubunun surətindən görünür ki, yaşadıqları mənzilin pəncərələrinin qarşısında qanunsuz tikinti işləri aparılması, göstərilənlərlə bağlı Xətai Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tədbir görülməməsi barədə müraciətə baxılmışdır. Əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki, Kaçalov kuç. 20 saylı ikimərtəbəli evin 1-cl mərtəbəsindəki 9-cu mənzilin pəncərələrinin bilavasitə qarşısında, Cavabdeh tərəfindən əvvəllər özbaşına quraşdırılmış yüngül konstruksiyalı yardımçı tikili sökülərək yerində mövcud qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılmadan 30 kv.m. sahədə əsaslı tikinti işləri aparılmışdır. Qeyd olunanları nəzərə alaraq, yol verilmiş qanunsuzluğun qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi barədə rayon icra hakimiyyətinin və rayon polis idarəsinin rəhbərliyinə müvafiq göstərişlər verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Baloğlan qızı Bakı şəhəri Xətai rayon 101 saylı MKİS-nin rəisinə müraciət edərək, qonşusu, 12 saylı mənzildəki Sveta xanımın binanın arxasında onun mənzilinin pəncərəsinin qarşısında torpaq sahəsini dəllallara satmaq istədiyini bildirərək, tədbir görülməsini xahiş etmişdir. Əks təqdirdə inşa olunacaq tikilinin onun mənzilinə gələn işığın və havsnın qarşısını alacağını, astma xəstəliyi olan qızının səhhətinə təsir edəcəyini bildirmişdir. Bakı şəhəri Xətai rayon 101 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 483 saylı arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, T.Musazadə (Kaçalov) küçəsi, ev 20, 12 saylı mənzil dövlətin balansındadır və həmin mənzildə Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Xətai rayon 101 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 493 saylı arayışından görünür ki, Bakı şəhəri, NZS qəsəbəsi, Kaçalov küçəsi, ev 20, 9 saylı mənzilin pəncərəsinin qarşısında tikilmiş 20/5 saylı özbaşına tikili X3 məxsusdur və o, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mülki iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/2065 saylı rəyindən göründüyü kimi, aparılmış tədqiqatla, İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi 20 saylı evin 9 saylı mənzilinin mətbəxinin qarşısında Cavabdeh tərəfindən 13,75 m2 (2,75x5,0) sahədə inşa olunan otağın inşa olunmasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ile təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla ve sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlan ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalanna uyğun olunmadığı müəyyən edilir. İddiaçı yaşadığı Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi 20 saylı evin 9 saylı mənzilinin qarşısında aparılan yenidənqurma-tikinti işləri mənzilin pəncərəsinin qarşısında inşa olunduğundan (1,60 m ara məsafəsində) pəncərənin qarşısının alınması müəyyən edilir. Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi 20 saylı evin 9 saylı mənzilinin qarşısında (eləcə də onun həyətində) aparılan tikinti işləri (tikili) nəticəsində İddiaçı yaşadığı mənzilə ziyan (istilik su sızma, çökmə qrunt sulan və s) vurulmadığı müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.4-cü maddələrinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1 tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qanunvericilikdə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı Baloğlan qızı Cavabdeh tərəfindən onun qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kaçalov küçəsi, 20 saylı binanın, 9 saylı mənzilin pəncərəsinin qarşısında inşa edilmiş tikilinin onun hüquqlarını pozduğunu, bunun nəticəsində onun və ailə üzvlərinin sağlamlığı üçün təhlükə yaranmasını iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə verilmiş ekspert rəyi ilə mübahisəli ünvanda Cavabdeh tərəfindən tikinti norma və qaydalarına uyğun olmayan tikinti işlərinin aparılması, bununla yanaşı, Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi 20 saylı evin 9 saylı mənzilinin qarşısında (eləcə də onun həyətində) aparılan tikinti işləri (tikili) nəticəsində İddiaçı yaşadığı mənzilə ziyan (istilik su sızma, çökmə qrunt suları və s) vurulmadığı müəyyən edilmişdir. Özbaşına tikilinin dövlətin mülkiyyətində olan torpaq sahəsində inşa olunduğunu və iddiaçının hüquqlarına toxunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki halda, Cavabdeh özbaşına tikilinin sökülməsini tələb etmək hüququ da müvafiq icra qurumuna məxsusdur. İddiaçı özü də Bakı şəhəri, Xətai rayon İH-nə müvafiq xahişlə müraciət etməsinə baxmayaraq, müraciətinin nəzərə alınmamasını qeyd etmişdir. Bu halda onun Xətai rayin İH-nin hərəkətsizliyindən inzibati qaydada yuxarı orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Lakin onun hazırki iddia tələbi ilə bilavasitə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu şərtləndirəh əsaslar müəyyən edilmir. Digər tərəfdən isə iş materiallarında olan Bakı şəhəri, NZS qəsəbəsi, Kaçalov küçəsi, ev 20, 9 saylı mənzilin pəncərəsinin qarşısında tikilmiş 20/5 saylı özbaşına tikili X3 məxsus olduğu qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə iddiaçının Cavabdeh özbaşına tikilinin sökülməsini tələb etmək hüququ olmadığından, iddia tələbi əsassız və qanunsuz olduğundan, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/2065 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəti olan 100 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nın 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Baloğlan qızının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı Baloğlan qızından tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar