Məhkəmə qərarları › İş №2(011)-1995/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1995/2022

18.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1995/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC üzrə İddiaçı işdən azad edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir müddətdir ki, Cavabdeh MMC-də qəssab vəzifəsində əmək müqaviləsinə əsasən işləmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı istər əvvəllər, istər hazırda işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmişdir, heç bir intizam tənbehi olmamışdır. Lakin Cavabdeh MMC üzrə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Əmək müqaviləsinə əsassız olaraq işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, o, Cavabdeh MMC ilə çoxdan əməkdaşlıq edir. O, keçən ilin may ayından Mərcan firmasında işləyir. Onların şikrəti və digər şirkətlər məhsullarının daha çox satılması üçün Vasifə rüşvət vermişlər. Təxminən 2 ay ona rüşvət verilmiş, pul kartına köçürülmüşdür. Orada Vasifdən başqa qəssablar da olmuş, ama o məhz Vasiflə çalışmışdır. Sonradan şirkətlə razılığa gəlinmiş, müqavilə bağlanmış və rüşvət dayandırılmışdır. Vasif onların məhsulunu götürməməyə başlamış, o da Cavabdeh MMC-yə şikayət vermişdir. O, Vasifi Cavabdeh MMC vasitəsilə tanımışdır. Onun şikayətindən sonra Vasifi işdən çıxarmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdehin arasında 05 fevral 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Cəmiyyətdə qəssab vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 19 oktyabr 2021-ci il tarixli 2891K saylı əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 71.2-ci maddəsi ilə xitam verilmişdir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 18 oktyabr 2021ci il tarixli 21 saylı protokolu ilə 19 oktyabr 2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin 18 oktyabr 2021-ci il tarixli aktına əsasən, Cavabdeh MMC-də qəssab vəzifəsində işləyən İddiaçı 19 oktyabr 2021-ci il tarixində baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulduğu halda və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydikdə xitam verilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Babək Umudov öz izahatında bildirmişdir ki, cavabdeh İddiaçı işdən azad edilməsinə səbəb əməkdaşlıq etdikləri “X2” MMC-nin “Mərcan toyuqları” bölməsində toyuq məhsullarının mağazaya sifarişlərinin artırılması və satışının təşviqi üçün firma əməkdaşlarından rüşvət alması olmuşdur. Göstərilən hallar aşkar edildikdən sonra İddiaçı işdən kənarlaşdırılmışdır. Bu müddət ərzində onun görməli olduğu işlər digər işçilər tərəfindən yerinə yetirilmiş, digər işçilərin iş saatları artırılmışdır. Bu hal da işin keyfiyyətinin aşağı düşməsinə, işçilərin narazılığına səbəb olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh MMC-nin normal iş ahəngi pozulmuşdur. Məhkəmə qanunvericilik normasını hazırkı işə tətbiq edərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının əməlində hər hansı bir qəsdlə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı aşkarlanmamışdır. Eyni zamanda cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halı müəyyən edilmədiyindən, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin iddiaçı ilk dəfə məhkəməyə 18 noyabr 2021-ci ildə müraciət etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh MMC-nin 19 oktyabr 2021-ci il tarixli 2891K nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-yə qəssab vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməli, iddiaçıya 19 oktyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin 19 oktyabr 2021-ci il tarixli 2891K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də qəssab vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 19 oktyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar