Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-201/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1972-ci ildə Ermənistan Respublikası Masis rayonu Necirli kəndində anadan olmuşdur. Hal-hazırda 1988-ci ildən bu günə qədər anası X1 adına olan Qeydiyyat vəsiqəsi əsasında ünvan 3-da yerləşən mənzildə öz ailəsi ilə birlikdə yaşayır. xx.xx.1989-cu ildə o, Bakı şəhəri Binə qəsəbəsində yerləşən 101 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş və xx.xx.1990-cı ildə həmin məktəbin Traktor və Avtomobillərin elektrik avadanlıqları üzrə təmirçi-çilingər peşəsi üzrə tam kursu bitirmişdir. xx.xx.1991-ci ildə Bakı şəhəri Xətai rayonu Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Həqiqi hərbi xidmətini keçmiş SSRİ-nin Murmansk vilayətində keçirmişdir. xx.xx.1993-cü ildə xidmətini başa vurub Azərbaycana qayıtmışdır. O, 1988-ci ildən bu günə qədər Ermənistan Respublikasına getməmiş və ən əsası 1988-ci ildən bu günə qədər Azərbaycanı tərk etməmişdir. 1988-ci ildən bu günə qədər ünvan 3-da yaşamağını onunla qonşu olan şahidlər təsdiq edə bilərlər. Həmin şəxslər aşağıdakılardır: ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X5; 05 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. 07 aprel 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti ******* saylı arayış təqdim etmiş, arayışda qeyd edilmişdir ki, xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi 44605/m nömrəli, 05 aprel 2021-ci il tarixli müraciətinə baxılaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. 12 yanvar 2021-ci il tarixdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə yazılı şəkildə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətindən arayışla ona bildirilmişdir ki, onun xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və 3991/m müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədi (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) ünvanlarına təqdim etdikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırılma aparıla bilər. 1989-cu ildən bu günə qədər hal-hazırda yaşadığı ünvan 3-da yerləşən mənzildə onun Xətai rayon İHB-nin Əhmədli qəsəbə İ.Ə.S97 saylı M.K.İ.S üzrə nümayəndəliyindən verilmiş 1068 nömrəli arayışında qeydiyyatsız yaşaması barədə qeyd aparılmışdır. Lakin bütün bunlara baxmayaraq indiyənə qədər şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün 12 yanvar 2021-ci ildə Dövlət Miqrasiya İdarəsinə müraciət etmiş, onun Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktının məhkəmə qaydasında tanınmasının vacibliyi və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi söylənilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq,onun, yəni xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi 1988-ci ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verməklə yanaşı, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan XXİİİ-ЖГ 619520 saylı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonu, Nizami kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 27 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli, 3991/m nömrəli müraciətinə aidiyyatı üzrə baxılmış, qeyd olunan məsələ ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədi (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) ünvanlarına təqdim edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər. İş materiallarında olan İ-CL seriyalı 265780 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonu, Necili kəndində anadan olmuş, atası X8, anası X2r. İş materiallarında olan H3 seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi Bakı şəhəri Xətai rayon hərbi komissarlığında qeydiyyatdan keçməklə xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hərbi xidmət keçmiş, doğum yeri isə həmin hərbi biletdə Ermənistan SSR-nin Masis rayonu, Nizami kəndi göstərilmişdir. İş materiallarında olan «Vikipediya» elektron ensiklopediyasından çıxarışdan müəyyən olunur ki, Nizami kəndi Ermənistanın Ararat vilayətindəki kənddir. İkinci adı Yuxarı Necilidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi müraciəti ilə bağlı bildirilmişdir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 97 saylı MKİS-si tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi, həqiqətən ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Ərizəçi məxsus 494739№-li diplomun surətindən görünür ki, Ərizəçi 02 oktyabr 1989-cu ildə Bakı şəhəri Binə qəsəbəsi 101№-li mexaniki peşə məktəbinə daxil olmuş, 26 iyun 1990-cı ildə Traktor və Avtomobillərin elektrik avadanlıqları üzrə təmirçi-çilingər peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan AK seriyalı, 628516№-li orta təhsil haqqında attestatın surətindən görünür ki, Ərizəçi 1989-cu ildə Bakı şəhəri, Şaumyan rayonundakı 269№-li orta ümumtəhsil məktəbin tam kursunu bitirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5, X6 və X4 hər biri ayrı-ayrılıqda ərizəçinin 1988-ci ildən hazırki günədək ünvan 3 ünvanında yaşaması faktını təsdiq etmişlər. İş materiallarında olan Texniki İnventarizasiya Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi X2r. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi 1988-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR-nin Masis rayonu, Nizami (Necili) kəndində doğulsa da, 1988-ci ildə Azərbaycana gəlmiş, 1988-ci ildən hal-hazıradək mülkiyyət hüququ üzrə ərizəçinin anası X3 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildə yaşamışdır və yaşamağa davam edir, 269№-li orta ümumtəhsil məktəbin tam kursunu bitirmiş, Bakı şəhəri Binə qəsəbəsi 101№-li mexaniki peşə məktəbində Traktor və Avtomobillərin elektrik avadanlıqları üzrə təmirçi-çilingər peşəsi üzrə tam kursu bitirmiş, Bakı şəhəri Xətai rayon hərbi komissarlığında qeydiyyatdan keçməklə xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək hərbi xidmət keçmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun 1988-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1988-ci ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-201/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-201/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver