Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2035/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sovxoz küçəsi, ev 25, 4 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(011)-6302/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi, 25 saylı ev, 4 saylı mənzildən istifadə (istifadə və qeydiyyatda qalma hüquqlarına) hüququna xitam verilməklə onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması, rəsmi nikah zamanı cavabdehə verilmiş “Mustafayeva” soyadının dəyişdirilərək əvvəlki “Məmmədova” soyadına keçməsi üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müvafiq ərizə verilməsinin cavabdehə tapşırılması və cavabdehə verilmiş “Mustafayeva” soyadının dəyişdirilərək ona əvvəlki “Məmmədova” soyadına bərpa edilməsinin üçüncü şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi tələbi barədə iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(103)-1346/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 2(011)-6302/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsində göstərilmiş tələbə daha öncə məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edərək iddiaçı qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, daha əvvəl məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş tələb yenidən irəli sürüldüyündən iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2035/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2035/2022
15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver