Məhkəmə qərarları › İş №2(011)-2048/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2048/2025

07.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2048/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti cəlb edilməklə) “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – xx.xx.2024-cü il tarixli, 14-2-2-10/3-1K-144/2024 nömrəli əmrin ləğv olunması, işə bərpa olunma və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X18 “X35”nin dəstəyi ilə 05.01,2021-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində X7 Lənkəran X26 İdarəsi üzrə Astara rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixində əlavə razılaşma əsasında Cavabdeh Lənkəran X26 İdarəsi üzrə Astara rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində isə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü ildə “SOCAR” Cavabdeh Lənkəran X26 İdarəsinin Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Astara rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “başqa işəgötürənlə müqavilə bağlaması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh Lənkəran X26 İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, 14-2-2-10/3-1K-144/2024 nömrəli əmri qanunsuz və qərəzlidir. Cavabdeh Lənkəran X26 İdarəsi 08 oktyabr 2024-cü il tarixli, 14-2-2-10/3-1 K-144/2024 nömrəli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “başqa işəgötürənlə müqavilə bağladığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əsas T.Q.Baxşiyevin şəxsi ərizəsinin olmasını göstərmişdir. Halbuki, o heç bir başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Belə olan halda, ərizə ilə yanaşı başqa işəgötürənlə bağlanmış əmək müqaviləsinin surətini və əmək müqaviləsinin bağlanmasını təsdiq edən bildiriş ərizəyə əlavə edilməlidir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Göründüyü kimi, qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, bildirmişdir ki, o, 2023-cü ilin sentyabrından xx.xx.2024-cü il tarixədək Lənkəranda işləmişdir, daha sonra Astaraya göndərilmişdir. O, orada qaz xətlərinə nəzarət edir, borcu ödəməyən borcluların xəttini kəsirdi. Bundan narazı olan bəzi vətəndaşlar ona hücum çəkirdilər. Rəis müavini Xaliq Cahangirov onun rəhbəri olaraq, ona qaz xəttinin kəsilməsi barədə tapşırıqlar verib qazın kəsilməsi üçün vətəndaşların ünvanına göndərirdi. O, həmişə zəhmətkeş işçi olub, işini vicdanla yerinə yetirib. O, heç vaxt işdən çıxmaq istəməyib. İşdən çıxma barədə yazdığı ərizəni ona məcburi şəkildə yazdırıblar. Ona basqı, təzyiq ediblər. X.Cahangirov ona bildirib ki, onun yerinə başqa işçi gətirmək istəyir. Halbuki, o həmin əmək haqqı ilə ailəni dolandırıb. İşdən çıxması üçün ona şər-böhtan yaxıblar güya ki, o vətəndaşlardan birinin qızına (nəvəsinə) narahatçılıq törədib. Halbuki, bu şər və yalandır. İş yerində söz-söhbət yarananda onu X31 idarəsinə Namiq Məmmədovun yanına idarənin iclasına göndəriblər. İclasa özü, atası və qonşusu Şahin ilə birgə getmişdir. İclasda təqribi 45 nəfər adam iştirak edib. İclasda və iclasadək rəisin otağında ona təzyiqlər olunub ki, işdən çıxma ərizəsini yazsın. Onu prokurorluqla hədələyiblər. Ona şər-böhtan yaxıb işdən qovacaqları ilə hədələyiblər. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, xx.xx.2024-cü il tarixli iclasda sair şəxslərlə yanaşı o cümlədən, Lənkəran X26 İdarəsinin rəisi Namiq Məmmədov, X20 Şöbəsinin rəisi Pərviz Abışov, X22 müdiri Xəzər Bayramov, İdarənin İqtisadiyyat və uçot şöbəsinin rəisi Taleh Hüseynov, X20 şöbəsində icracı Cavid Əliyev iştirak etmişlər. İclasdakı şəxslər ona fiziki zorakılıq etməsələr də, ona mənəvi təzyiq ediblər, hədə-qorxu gəliblər. Cavabdehin nümayəndəsi X5 iddiaçının izahatının yalan olduğunu bildirmişdir. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, həqiqətən də iddiaçının xidmət ərazisində azyaşlı uşaqlara sataşmasına görə uşaqların babası prokurorluğa şikayət etmişdir. İddiaçı qızlardan birinə elçi gedəcəyini demişdir. Bununla bağlı iş yerində söz-söhbətlər yaranmışdır. Lakin, iddiaçı özü könüllü şəkildə işdən çıxma ərizəsini yazıb. Belə ki, ərizədə iddiaçının əlyazma yazıları var. Ona təzyiq olsaydı o dərhal polisə gedə bilərdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 bildirmişdir ki, İddiaçı onun qonşusudur. xx.xx.2024-cü il tarixdə iddiaçı atası Qiyas ilə Lənkəran rayonuna yola düşürdülər. Qiyasın maşını olduğundan, özü də onlarla birlikdə Lənkərana getmək qərarına gəldi. Özü Lənkəranda alış-veriş etmək istəyirdi. İddiaçı atası ilə Lənkərandakı qaz idarəsinə gedirlər. O, onları gözləyəcəkdi sonra isə birlikdə yola davam edəcəkdilər. İddiaçını gözləyəndə iddiaçının atası Qiyas ona demişdir ki, iddiaçıya təzyiq edirlər ki ərizəsini yazıb işdən çıxsın. O, qaz idarəsinin binasına daxil olmuşdur. İddiaçının olduğu otağa girməsə də, qapının ağzında gözləyirdi, oradakı insanları görməsə də, baş verən söhbətləri eşidirdi. Onlar Namiq müəllimdən xahiş etmək istəyirdilər ki, Təbrizə köməklik etsin. Namiq müəllim etməsə də, otaqda olan tanımadığı digər 4-5 nəfər işçi iddiaçıdan ərizəsini yazıb işdən çıxmağı tələb edirdilər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayonu 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-01648 saylı “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışından görünür ki, İMS-də iştirak edən tərəflər X19 və Cavabdeh İB-nin nümayəndəsi X5 ilkin mediasiya sessiyasından sonra prosesi davam davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində Cavabdeh X30 İstismar İdarəsi üzrə Astara rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunub. xx.xx.2022-ci il tarixdə Lənkəran RQİİ üzrə Astara rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə qəbul olunub. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Socar Cavabdeh Lənkəran X26 İdarəsi Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə işə qəbul olunub. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 46.6-cı maddəsinə əsasən, Astara rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə keçirilib. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İş materiallarında əlavə edilmiş Lənkəran X26 İdarəsinin rəisi Namiq Məmmədovun xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdən Lənkəran X26 İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə “qaz təsərrüfatının nəzarətçisi” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında əlavə edilmiş Lənkəran X26 İdarəsi ilə X18 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 84 saylı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 saylı dəyişiklikdən görünür ki, X2 Astara rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilir. İş materiallarında əlavə edilmiş Cavabdeh İB X30 İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-2-10/3-1K-94/2024 nömrəli əmrindən görünür ki, X2 Astara rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilmişdir. İş materiallarında əlavə edilmiş Cavabdeh İB X30 İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-2-10/3-1K-144/2024 nömrəli əmrindən görünür ki, X4 Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı) əsasən “qaz təsərrüfatının nəzarətçisi” vəzifəsindən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azəriqaz” İB-nin Lənkəran X26 İdarəsinin rəisi Namiq Məmmədova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı başqa işəgötürənlə əmək müqaviləsinin bağlandığı üçün xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan X18 ilə Cavabdeh İB-nin X30 İstismar İdarəsi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə ARDNŞ-nin Cavabdeh Lənkəran X26 İdarəsində 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə işə qəbul olmuşdur. Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən müddətli xx.xx.2023-xx.xx.2024-cü il tarixlərinə bağlanılmışdır. Cavabdeh İB-nin X30 İstismar İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X12 xx.xx.2024-cü il tarixdə işdən çıxması barədə ərizəsinin yazılması, bununla əlaqədar rəsmiləşdirilmənin aparılması zamanı video çəkiliş həyata keçirilməmişdir. X30 İstismar İdarəsinin İnzibati binasının dəhlizində, iş otaqlarında video yazı həyata keçirən kameralar quraşdırılmamışdır. X9 şikayəti əsasında Astara RPŞ-də aparılmış araşdırma materiallarından görünür ki, X1 RQİİ-nin rəisi Namiq Məmmədova ərizə ünvanlayaraq, İddiaçı nəvələri - 14 yaşlı Türkan, 17 yaşlı Fatiməyə qarşı qeyri-etik davranışlara yol verdiyini bildirmiş və bu halın qarşısının alınmasını xahiş etmişdir. Həmin materiallara əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Astara rayonunun Şahağacı kənd sakini X10 X30 İstismar idarəsinə ünvanladığı müraciət baxılmasından ötrü aidiyyəti üzrə Astara RPŞ-yə göndərilmişdir. Astara RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Kamran Rəhimov tərəfindən Astara rayonunun Şahağacı kənd sakini X13 məxsus 050 424 22 78 saylı nömrəyə zəng edilərək telefon əlaqəsi saxlanılmış, qaz xidməti sahəsində nəzarətçi işləyən İddiaçı Şahağacı kəndi ərazisində işini görən zaman X6 nəvələrinə qarşı qeyri-etik davranışlar etdiyini, bu barədə onun iş yerinə şikayət edərək onun işdən çıxarılmasını tələb etdiyini bildirmişdir. İddiaçı izahatında 2023-cü ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək X31 İdarəsinin Astara xidməti sahəsində qaz təsərrüfat nəzarətçisi vəzifəsində Şahağacı kəndində işlədiyini, onun barəsində Vidadi Əsədov tərəfindən qərəzli müraciətlər edildiyini, nəvələrinə sataşmadığını, buna baxmayaraq səbəbsiz yerə xx.xx.2024-cü il tarixində işdən çıxarıldığını göstərmişdir. İş materiallarında olan Cavabdeh İB-nin X30 İstismar İdarəsi tərəfindən X14 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdehndən baxılması üçün Lənkəran X26 İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2-2/3.-11-24328/2024 nömrəli məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli 14-2-2/1-B-16407-5/2024 və xx.xx.2024-cü il tarixli 14-2-2/1-B- '6587-5/2024 nömrəli eyni məzmunlu müraciətlərlə əlaqədar nəzərə çatdırılır ki, əvvəl işlədiyi Lənkəran X26 İdarəsinin Astara Xidmət Sahəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş 2022-ci il 08 aprel tarixli 1658 nömrəli Fərmanın 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubilkasının Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli qərar ilə “Qaz paylayıcısı tərəfindən saz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası” təsdiq edilmiş normativ hüquqi sənədin tələblərinin irası ilə bağlı 3 (üç) abonentin mənzilinə getmədən 1612492, 1612493, ******* nömrəli müayinə aktları tərəfindən tərtib edilmişdir. Eyni zamanda Astara rayonu üzrə İdarə rəisinin müavini Xalid Cahangirov xx.xx.2024-cü il tarixli 14-2-2-10/3-5-3191/2024 nömrəli xidməti yazı ilə Lənkəran RQİİ-yə müraciət edərərək 2024-cü ilin avqust-sentyabr ayları üçün müəyyən olunmuş qrafikə əsasən qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin yoxlanılmasının həyata keçirmədiyi bildirimişdir. Bu da, işlədiyi dövrdə təsdiq edilmiş “Peşə təlimatı”nın 2.6-cı bəndinə əsasən xidmət göstərdiyiniz ərazidə istehlakçıların balans mənsubiyyəti sərhəddi (qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsindən qaz paylayıcı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi çərçivəsində qaz qurğularına və qaz xətlərinə, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasına və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi, həmçinin bu məqsədlə həyata keçirilən müayinə xidməti işlərinin tərtib edilmiş plan-qrafiklərdə nəzərdə tutulan müddətlərdə həyata keçirilməsi; 2.7-ci bəndinə əsasən xidmət göstərdiyi ərazidə istehlakçıya 5 (beş) iş günü əvvəl bildiriş təqdim etməkiə, ildə bir dəfə müayinə keçirilməsi, nəticəsi barədə 2 (iki) nüsxədən ibarət müayinə aktının istehlakçının (və ya onun səalhiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin iştirakı ilə tərtib edilməsi və aktın bir nüsxəsinin istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edilməsi tərəfindən təmin edilməli idi. Yol verdiyi nöqsanla bağlı izahatı alınmış, izahatda yol verdiyi nöqsanı etiraf etmişdir. İşlədiyi dövrdə yol verdiyi nöqsana görə onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğunuza görə xx.xx.2024-ci il tarixli 14-2-2-10/3-1İ- 372/2024 saylı əmrlə barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “aylıq əmək haqqının 1/6-i məbləğində cərimə” intizam tənbehi tədbiri görülmüşdür. Eyni zamanda nəzərə çatdırılır ki, Astara rayonu, Şahağacı kənd sakini X28 oğlu xx.xx.2024-cü il tarixdə Lənkəran RQİİ-yə ərizə ilə müraciət edərək onun azyaşlı nəvələrinə sataşmaq məqsədilə onlar məktəbdən gələrkən önlərini kəsərək onlara qarşı qeyri-etik davranışlar etdiyi bildilmişdir. Qeyd olunanlarla bağlı onun iştirakı ilə Lənkəran RQİİ-nin xx.xx.2024-ci il tarixdə ümumi yığıncağı keçirilmişdir. Keçirilən yığıncaqda Vidadi Əliyevin nəvələrinə yaxınlaşdığını etiraf etmişdir. Ümumi yığıncaq zamanı öz iradəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasər başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmək istədiyini bildirmişdir. Ərizəyə əsasən xx.xx.2024-cü il tarixli 14-2-2- 10/3-1K-144/2024 saylı əmrlə bağlanmış 84 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycar Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq xitam verilmişdir. Astara rayonu, Şahağacı kənd sakini X10 xx.xx.2024-cü i tarixli ərizəsi araşdırılması üçün xx.xx.2024-cü il tarixli 14-2-2-10/2- 2398/2024 nömrəl məktubla Astara rayon Poliş şöbəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69.7-ci maddəsinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Belə ki, Lənkəran RQİİ-nin Astara rayonu üzrə təbii qazın qəbulu və satışı xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-2-10/3-1K-144/2024 nömrəli əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutulması barədə iddia tələblərinə qiymət verərək, məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi iddiaçı X12 Lənkəran RQİİ-nin Astara rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində xx.xx.2024-cü il tarixdən nəzarətçi vəzifəsində işləməsi, xx.xx.2024-cü il tarixində onun öz ərizəsinə əsasən əmək fəaliyyətinə xitam verilməsi işin mübahisəsiz halıdır. İddiaçı X18 işdən çıxma barədə ərizənin onun iradəsi əleyhinə verildiyini, sərbəst iradəsinin təzyiq və məcburetmə altında zədələndiyini bildirmişdir. Lakin o, işdən çıxma barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Onun başqa müqavilə bağlayıb digər iş yerinə keçməməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, başqa işə keçmək məqsədilə xəbərdarlıq müddətini (1 ay) gözləmədən əmək müqaviləsini ləğv etmək imkanı - işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Bu hüquqdan istifadə etmək imkanı mütləq qaydada başqa işə keçməyi zəruri etmir. Belə ki, işçi bu hüququndan istifadə etməklə işdən çıxmaq istədiyi halda, işəgötürənin buna razılığı olarsa – müqavilə göstərilən tarixdən xətm ola bilər. Lakin bu hal mütləq qaydada başqa əmək müqaviləsinin bağlanılmasını zəruri etmir. Bununla da iddiaçının xx.xx.2024-cü il tarixdən işdən azad olunması ilə bağlı işəgötürənə ərizə verməsi iş materialları ilə təsdiq olunduğu halda, iddiaçının zorakılığa məruz qalması sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin xətmi ilə bağlı qanunvericiliyin tələbləri pozulmamışdır. Buna görə də iddia tələbləri təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən, əmək haqqı və məhkəmə xərcləri ilə bağlı tələblər də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı X12 Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin Lənkəran X26 İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar