Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2065/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidməti Baş şəhər idarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, əmək haqqının ödənilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx xxxxxx 2020-ci il tarixli 07/150 irş saylı əmrinin ləğv edilib, məcburiyyət qarşısında işə çıxmadığı günlərin əmək haqqını ödətdirib, iddiaçıya dəyən maddi, mənəvi ziyana görə 30.000 manat pulun ödənilməsi, ayrı-ayrı adamlara pul yazıb mənimsədikləri barədə faktı araşdırmaq üçün korrupsiya idarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən xx xxxxxx 2020-ci il tarixinə kimi Cavabdeh ASC-nin Avtomobil nəqliyyatı və Maşın mexanizmlərin İstismarı idarəsində işləmişdir. O, Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı fakültəsinin Avtomobil və Avtomobillər Təsərrüfatı ixtisası üzrə təhsil almışdır. Ali təhsilli mühəndisdir. Onun Cavabdeh ASC-də işlədiyi müddətdə heç bir cəzası olmamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən iddiaçının ixtisara düşməsi barədə 426 saylı xəbərdarlıq göndərilmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə həmin xəbərdarlıqla tanış olub öz etirazını bildirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə isə Cavabdeh ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən Faiq Ağayevə yazılı müraciət edərək onu işdən azad etməməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçıya məktubla ixtisara düşməsi barədə ona ünvanlanmış 426 saylı xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlığın ləğv edildiyi bildirilmişdir. 2015-ci ildə iddiaçı işdən azad edilmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə öz işinə bərpa olunmuşdur. İddiaçı xx xxxxxx 2020-ci il tarixdən məzuniyyətə çıxmışdır. Həmin tarixdə iddiaçının nümayəndəsi Fuad Rəhimov ona zəng edib işdən çıxmağa razılıq verməsini tələb etmişdir. Ümumi Razılıq vermədiyi halda bölməni ləğv edib hamını işdən azad edəcəklərini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidməti Baş şəhər idarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. O, izahatında iddiaçının işdən azad olunmasının qanunauyğun olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində onun ixtisara düşməsi əsası ilə işdən azad olunmasının əsassız olmasına, onun işdə saxlanılmasına üstünlük verilməli olmasına istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 77-ci maddəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun tutduğu ştat vahidi daxil olmaqla, digər ştatların da ixtisar edilməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, işəgötürən tərəfindən işçinin bu əsasla işdən azad olunması üzrə qanunvericiliklə nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilmişdir. Belə ki, Cavabdeh ASC-də iş həcminin və sənəd dövriyyəsinin azalması səbəbindən AN və MMİ idarəsinin ümumi bölməsi ləğv olunmuş, bu səbəbdən də həmin bölmənin işçilərinin ştatları ixtisara düşmüşdür. Bununla əlaqədar olaraq iddaçı İddiaçı vaxtilə işləmiş olduğu avtomobil nəqliyyatı və maşın mexanizmlərin istismarı üzrə mütəxəssis ştatının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin "b" bəndinə müvafiq olaraq ixtisara düşməsi barədə xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə xəbərdar edilmişdir. Həmin xəbərdarlıq məktubu ilə iddiaçı şəxsən tanış olmuş və onu xx xxxxxx 2020-ci il tarixdə imzalamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Eyni zamanda məhkəmə belə hesab edir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Cəmiyyətin İdarə Heyətinin sədrinə ərizə ilə müraciət edərək, xəbərdarlıq məktubunu aldığını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirmiş, xəbərdarlıq müddətini gözləmədən orta aylıq əmək haqqının 3 misli məbləğini bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı 3 aylıq həddə müavinəti qəbul etməklə könüllü surətdə onunla bağlanmış əmək müqaviləsinə tutduğu vəzifənin ixtisar edilməsi əsası ilə xitamın verilməsinə öz könüllü razılığını bildirmişdir. Həqiqətən də, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, o həmin razılaşmanı imzalamış, habelə nəzərdə tutulan müavinəti də almışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı alınmaqla, işçiyə orta aylıq əmək haqqının 3 misli məbləğini bir dəfəyə ödəməklə xx xxxxxx 2020-ci il tarixdə, 07/150 irş saylı əmrlə xitam verilmişdir. Göründüyü kimi, işçi ilə əmək müqaviləsinə iddiaçının da tutduğu vəzifə daxil olmaqla ixtisarların aparılması ilə bağlı həmkarlar təşkilatının razılığının alınmasından sonra xitam verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin nümayəndəsinin verdiyi izahatlardan da müəyyən edilmişdir ki, iddiaçıya işdən çıxarılarkən son haqq-hesabı ilə birlikdə ona orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti də tam olaraq ödənilmişdir. İddiaçının yazılı razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir. Məhkəmə cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən sonuncunun müharibə veteranı olmasının da nəzərə alınmaması ilə bağlı dəlilinə qiymət verərək bildirir ki, hazırkı halda işçi ilə bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisarı əsası ilə xitam verilmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilmişdir. İş materiallarında və iddiaçı tərəfin izahatlarında onun ixtisar nəticəsində hüquqlarının pozulmasına istinad edilsə də məhkəmə bu halı iş materiallarında aşkar etməmişdir. Odur ki, iddiaçının işdən azad olunmasına dair əmrin ləğvi və onun işə bərpa edilməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyana görə 30.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehin hərəkəti ona maddi və mənəvi ziyan vurulduğunu qeyd etsə də, qeyd olunan halları sübuta yetirəcək mötəbər mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə iddia tələbinin cavabdehin əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə prokurorluğa göndərilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı- Cavabdeh ASC-nin xx xxxxxx 2020-ci il tarixli 07/150 irş saylı əmrinin ləğv edilib, məcburiyyət qarşısında işə çıxmadığı günlərin əmək haqqını ödətdirib, iddiaçıya dəyən maddi, mənəvi ziyana görə 30.000 manat pulun ödənilməsi, ayrı-ayrı adamlara pul yazıb mənimsədikləri barədə faktı araşdırmaq üçün korrupsiya idarəsinə göndərilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2065/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2065/2021
19.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver