Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2076/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nkahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 20 iyul 2019-cu il tarixdə 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsində 1715 nömrəli akt qeydi edilmiş AZ-İİ 344590 saylı şəhadətnamə əsasında bağlanmış rəsmi nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 20 iyul 2019-cu il tarixdə 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsində 1715 nömrəli akt qeydi edilmiş AZ-İİ 344590 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmuşdur. Tərəflər rəsmi nikaha daxil olmazdan əvvəl bir-birini tam ətraflı tanımamışlar. Nikaha daxil olarkən onların məqsədi el adəti ilə toy etmək olmuşdur. Lakin yaşlarının gənc olması səbəbindən onlar rəsmi nikaha daxil olarkən sonradan yaranan məsuliyyətlərini tam ətraflı bilmədikləri üçün nikaha daxil olmuşlar. İddiaçı cavabdehlə rəsmi nikaha daxil olarkən öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmamışdır. Nikaha daxil olduqdan bir müddət sonra onların arasında narazılıqlar meydana gəlmişdir. Onlar el adəti ilə toy etmək qərarını ləğv etmişlər. Onların arasında ər-arvad münasibəti olmamışdır. Tərəflərin nikahı formal xarakter daşıyır və gələcəkdə birlikdə ailə qurub yaşamaları qeyrimümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında öz valideynlərinin təkidi ilə nikaha daxil olduqlarını, həmin vaxt ölkə ərazisində pandemiya olması, sonradan cavabdehin atasının xəstə olması və vəfat etməsini, bu səbəbdən də bu vaxtadək məhkəməyə müraciət edə bilmədiklərini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi. O, izahatında anasının məcburiyyəti ilə nikaha daxil olduğunu, ölkə ərazisində olan pandemiya ilə əlaqədar və daha sonra atasının xəstəliyi və ölümü ilə əlaqədar məhkəməyə müraciət edə bilmədiklərini, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına razı olduğunu bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 öz izahatında bildirdi ki, cavabdeh onun qardaşının qızıdır. Tərəflər valideynlərinin məcburiyyəti ilə nikaha daxil olmuşlar. Lakin onların toyu olmamış, cavabdeh gəlin köçməmişdir. Belə ki, tərəflər arasında heç bir faktiki nikah münasibəti olmamışdır. Həmçinin onu da qeyd etmişdir ki, tərəflər nikaha daxil olduqdan sonra ölkədə pandemiya vəziyyətinin yaranması və cavabdehin atasının vəfatı, sözügedən tələblə bağlı məhkəməyə hazırkı dövrdə müraciət edilməsinə şərait yaratmışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, o, cavabdehin qonşusudur. Onların qonşu münasibətləri çox yaxındır və gediş-gəlişləri mövcuddur. Tərəflər valideynlərinin məcburiyyəti ilə nikaha daxil olmuşlar. Lakin onların toyu olmamış, cavabdeh gəlin köçməmişdir. Belə ki, tərəflər arasında heç bir faktiki nikah münasibəti olmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 20 iyul 2019-cu il tarixdə nikahlarını bağlamışlar. 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən 20 iyul 2019-cu il tarixli AZ-İİ 344590 seriya nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ və İİ bəndinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. İş materiallarından görünür ki, tərəflərin arasında bağlanmış nikahın qanunla müəyyən edilmiş qaydada qeydə alınmasına baxmayaraq onlar nikaha daxil olduqdan sonra ər-arvad kimi bir evdə yaşamamış və birgə təsərrüfat idarə etməmişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh öz valideynləri tərəfindən ailə həyatı qurmağa məcbur edilmiş və öz arzu və istəkləri ilə və könüllü razılıqları ilə bu nikah münasibətinə daxil olmamışlar. Məhkəmə şahidlərin ifadəsini digər sübutlarla yanaşı qiymətləndirir və hesab edir ki, şahid ifadələri sübut kimi qəbul edilməli, iddia tələbi təmin edilərək iddiaçı və cavabdeh arasında 20 iyul 2019-cu il tarixdə bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20 iyul 2019-cu il tarixdə 2 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsində 1715 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2076/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2076/2022
07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver