Məhkəmə qərarları › İş №2(011)-2088/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2088/2024

07.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2088/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı övladı xx.xx.2011ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh1 sahibliyində olan ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 oğlu X8 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur, həmin tarixdən o, onların yaşadığı ünvan 2 ünvanına cehiz əşyalarını gətirməklə gəlin köşmüşdür. Yuxarıda sözügedən mənzildə yaşadıqları dövrdə onun iki övladı: xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 anadan olmuşlar. Belə ki, gəlin köçdüyü Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən 9 saylı evin 137 saylı mənzilini həyat yoldaşı X8 ilə birgə nigah dövründə olduqları vaxt qaynatası Cavabdeh1 təxminən 2013-2014-cü ildə satdıqdan sonra onlar ailəvi olaraq qaynatası ünvan 3 ünvanda yerləşən 3 otaqlı özbaşına tikinti (ilkin hüquqi qeydiyyatdan keçməyən) almışdır. Bununla da o, uşaqları, həyat yoldaşı və bütün ailə üzvləri yuxarıda qeyd edilən, yəni, sənədi olmayan ünvan 4, 3 (üç) otaqlı evə köçüb uzun illər birgə təsərrüfat aparmaqla yaşamışlar. Cavabdehin oğlu X8 ilə aralarında yaranmış narazılıqlar səbəbindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(0011)-5691/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda o və iki azyaşlı övladları cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan ünvan 3 ünvanda qeydiyyatdadırlar. Hər iki övladı da bu günə kimi qeydiyyatda olduqları evin yaxınlığında yeləşən Xətai rayonu 221 saylı tam orta məktəbdə təhsil alırlar. Cavabdehlər və onların oğlu nikah pozulmamışdan əvvəl və bundan sonrakı müddət ərzində aralarında yaranmış mübahisə nəticəsində onu həmin evdə mütəmadi və davamlı yaşamaq imkanından faktiki “məhrum etmişlər”. Lakin bütün bunlara baxmayaraq, bu günə kimi ona məxsus olan gətirdiyi bütün cehiz əşyaları belə həmin evdədir və o, bu günə kimi darısqallıqda yaşayan valideynlərinin yanında qalmağa məcbur olmuşdur. Cavabdeh tərəfin qeydiyyatda olduğu həmin tikinti üzərində sərəncam vermək hüququ olmadığından, cavabdehin onu və iki azyaşlı övladlarının həmin evdə (tikintidə) yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur, bu cür müdaxilə qanunsuzdur. Buna baxmayaraq, cavabdehlər qeydiyyatda olduğu ünvan 3 evə köçməyinə fəal surətdə ciddi mane olmaqdadırlar. Bu səbəbdən də o, özünün və iki azyaşlı övladının qanunla qorunan hüquqlarımı müdafiə etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əvvəl ona məxsus olan Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 137 saylı mənzildə yaşamışlar, oğlu, İddiaçı ilə evləndikdən sonra Könül də həmin evə köçmüş və ora qeydiyyata düşmüşdür, sonradan həmin mənzil balaca olduğundan 2013-2014-cü illərdə oranı sataraq hazırda da yaşadıqları ünvan 3 evi alaraq oraya köçmüşlər, iddiaçı, nəvələri və onlar özləri həmin evdə qeydiyyata düşmüşlər, lakin həmin evin rəsmi sənədləri yoxdur, yəni rəsmi reyestrdə qeydiyyata alınmayıbdır. Sonradan oğlu ilə iddiaçının münasibətləri pozulmuş, nikahlarına xitam verilmişdir, bundan sonra iddiaçı da qeydiyyatda olduğu və yaşadığı həmin evi tərk edərək getmişdir, lakin hazırda nəvələri onlarla birlikdə həmin evdə yaşayır, həmçinin iddiçının cehiz əşyaları da evdə qalmışdır, o və yoldaşı iddiaçıya gəlib öz uşaqlarını görməsinə, o cümlədən öz cehizlərini aparması üçün heç bir halda mane olmamışdır, bununla birlikdə, cavabdeh bu günə qədər cehiz əşyalarını aparmamışdır. Həmin ev onun pulu hesabına alınmışdır, orda gəlininin heç bir hüququ yoxdur. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, X13, Cavabdeh1, Cavabdeh2, X12 və X9 ünvan 4 ünvanında qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5691/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 ilə cavabdeh X8 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 1018 nömrə ilə qeydə alınmış nikah pozulması, Boşanmadan sonra xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları X3 yanın-da qalması, cavabdeh X1 birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X8 ilə X11 arasında nikah xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 1018 nömrə ilə qeydə alınmışdır, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmamış uşaqları vardır İş materiallarında olan AZ-İ seriyalı 372758 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 və X10 arasındakı nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, nikah pozulduqdan sonra kişiyə “Bayramov”, qadına “Şirinova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X6 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, X13 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 137 saylı mənzil Cavabdeh1 mülkiyyətində olmuş, Könül Şirinov xx.xx.2009-cu il tarixdə Cavabdeh1 oğlu X8 ilə rəsmi nikaha daxil olaraq, həmin mənzilə gəlin köçmüşdür, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur, daha sonra Cavabdeh1 tərəfindən Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 137 saylı mənzil satılaraq onun vəsaiti hesabına ünvan 4 nömrəli yaşayış evi alınmışdır, həmin əmlaka hüquqlara dair dövlət qeyyatı yoxdur, iddiaçı tərəfindən həmin mnzilə hər hansı bir maddi vəsait xərclənməmişdir, iddiaçının uşaqları mübahisəli mənzildə cavabdehlərlə birgə yaşayırlar, iddiaçının uşaqların yanına gəlib-getməsində heç br maneə yoxdur, tərəflər mübahisəli ünvanda qeydiyyatdadırlar, iddiaçı Könül Şirinov və cavabdehin oğlu (Rəşad Bayramov) arasında bağlanmış rəsmi nikaha Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmiş, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqlar ananın yanında saxlanmışdır, hazırda Könül Şirinov mübahisəli evdə yaşamır, lakin ona məxsus cehiz əşyalar həmin evdədir – qeyd edilənlər işin mübahisəsiz hallarıdır. İddiaçı 2020-ci il tarixdən mənzili tərk etmişdir, tərk etməsinin səbəbi cavabdehlərin oğlu ilə aralarındakı nikah münasibətlərinə xitam verilməsidir. Bununla belə, X7 mübahisəli mənzilə istifadə hüququna, mübahisəli mənzilə köçürülməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisəli ünvan 4 nömrəli yaşayış evi başqa bir mənzilin (ünvan 2) satılması nəticəsində əldə edilməsi və Bakı şəhəri Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, 137 saylı mənzilin Cavabdeh1 məxsus olması, yəni cavabdehə məxsus vəsait hesabına əldə edilmədiyindən həmin mənzil faktiki olaraq Cavabdeh1 məxsusdur ki, bu da tərəflər arasındakı mübahisənin, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsbit edən normaların analogiya üzrə tətbiq edilməklə, həll edilməsini tələb edir. Belə ki, iddiaçı cavabdehlərin ailə üzvü deyil, iddiaçının istifadə hüququ rəsmi qaydada qeydiyyata alınmamışdır, iddiaçı uzun müddətdir ki, həmin mənzili könüllü olaraq tərk etməklə başqa ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və ona görə də təmin oluna bilməz. Məhkəmə, iddiaçının “rəsmi reyestrdə qeyd alınmayan və cavabdehə məxsus heç bir hüquq müəyyənedici sənədləri olmayan, həmçinin onun da qeydiyyatda olduğu evə onun girişinə mane olunmasının əsassız olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli ünvan 4 nömrəli yaşayış evi rəsmi reyestrdə qeyd alınmayan əmlak olsa da, onun məhz cavabdehin mülkiyyətində olan başqa bir evin satılması nəticəsində alındığından, iddiaçının isə həmin əmlaka hər hansı bir mülkiyyət hüququ müəyyən edilmədiyindən, həmin mənzilə Cavabdeh1 əmlak hüququ istisna olunmur. Eyni zamanda şəxsin hər hansı ünvanda rəsmi qeydiyyatda olması, onun həmin mənzildən məhdud əşya hüququ qismində istifadə hüququnun olması demək deyil. Məhkəmə, iddiaçının “cehiz əşyalarının həmin evdə olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının cehiz əşyalarının mübahisəli yaşayış evində olması onun oraya köçürülməsi üçün əsas ola bilməz, xüsusən də, həmin əşyaların mübahisəli mənzildən aparılmasına hər hansı məhdudiyyətin olmadığı bir şəraitdə. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir...Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumunları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “X7 iki azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh1 sahibliyində olan ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı evə köçürülməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar